Məhkəmə qərarları › İş №2(004)-1695/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1695/2023

15.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1695/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona məxsus olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinə dəymiş ziyana görə 850 manat, sıradan çıxmış mebelinin bir hissəsi, unitazın su çəni, su kranı üçün 117 manat və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzili alıb, hazırda xüsusi mülkiyyətindədir və ailəsi ilə birlikdə yaşayır. Təxminən 2022-ci ilin sonlarından bugünə kimi yaşadığı və xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinin üstündə yerləşən və Cavabdeh istifadəsində olan 19 saylı mənzilindən mütəmadi olaraq onun mənzilinə su axıdılmış və mənzilinə ciddi ziyan dəymişdir. Hətta bununla bağlı xx.xx.2023-cü il tarixində 158 saylı MKİS-in nümayəndələri tərəfindən mənzilə baxış keçirilmiş, akt tərtib olunmuşdur. Həmin vaxtlar mənzilin istifadəçisi olan Cavabdeh ilə bu barədə dəfələrlə danışıb problemi yoluna qoymaq lazım olduğunu və ona dəymiş ziyanın ödənilməli olduğunu bildirsə də, cavabdeh ona dediklərinin əksini deyib. O, cavabdehə gəlib onun mənzilinə suyun axdığını göstərmək istədiyini desə də, onun mənzilinə belə düşüb baxmamışdır. Cavabdeh hazırda nə öz mənzilini təmir etdirib problemi aradan qaldırır, nədə ki, ona dəymiş maddi ziyanı ödəyir, hətta qəsdən məsuliyyətdən yayınır və hara şikayət edirsən et deyir. Hal-hazırda cavabdehin səhlənkarlığı nəticəsində evinin sanitar qovşağının tavanının bir hissəsi çökmüş, çökmə nəticəsində sanitar qovşağdakı elektrik xətti sıradan çıxmış, unitazın su çəni qırılmış, su kranı qırılmış, divarlar zədələnmişdir. Həmçinin dəhlizin, mətbəxin tavanları və divarları zədələnmiş, dəhlizin elektrik xətti sıradan çıxmışdır. Mətbəxdəki mebelə su axması nəticəsində ziyan dəymişdir. Bütün bunların nəticəsi olaraq o, mənzilinə usta çağırmış və əl zəhməti ilə birlikdə mənzilin yenidən bərpası üçün 850 manat lazım olduğu bildirilmişdir. Eyni zamanda 117 manat sıradan çıxmış mebelin bir hissəsi, unitazın su çəni və su kranının yenidən alınması xərci tələb olunur. O, ona dəymiş maddi ziyanın ödənilməsi və maneənin aradan qaldırılması üçün dəfələrlə cavabdehə xəbərdarlıq etmək istəsə də, alınmamışdır. Buna görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 9 saylı mənzil İddiaçı tam mülkiyyətində, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil Cavabdeh istifadəsindədir. 158 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 02 saylı aktından görünür ki, MKİS-in mühəndis, mühasib və işçi heyəti ünvan 2 ünvanında yerləşən mənzilə həmin mənzilin yaşayıcısı İddiaçı MKİS-ə yazılı şikayətinə əsasən baxış keçirmiş, baxış zamanı mənzilin mətbəxinin və dəhlizinin divarlarında, tavanlarında su və nəmişlik ləkələri aşkar edilmişdir. Həmçinin hamam və ayaqyolunun tavanında və divarlarında, mətbəxin divarlarında suyun təsirindən qopuqlar əmələ gəlmiş və tavanda su damcılarının mövcud olduğu görülmüşdür. xx.xx.2023-cü il tarixli 10/2429 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 523-cü məhəllə, ev 18a, 9 saylı mənzilin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini və mülki iş materiallarında olan 17 yanvar 2023cü il tarixli AKT-ın göstəricilərini nəzərə alaraq 9 saylı mənzilə ünvan 1, 19 saylı mənzildən suyun axıdılması müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, su sızmasının texniki səbəbi 19 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsindən, mənzilin su kanalizasiya və boru xətlərində baş vermiş texniki nasazlıqlardan, yararsız sanitar-texniki avadanlıqların istifadə edilməsindən baş verə bilər. Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən ev 18a, mənzil 9-da susizma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 843,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı 843 manat məbləğində maddi ziyan vurulduğu iş materialları ilə birmənalı şəkildə təsdiq olunmuşdur. Mülki Məcəllənin tələblərinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinin dəymiş maddi ziyanın tutulması hissəsində qismən təmin edilməsini nəzərə alıb hesab edir ki, “sıradan çıxmış mebelinin bir hissəsi, unitazın su çəni, su kranı üçün 117 manat məbləğində pulun cavabdehdən tutulması” hissəsində iddia tələbi iddiaçı tərəfindən kifayət qədər əsaslandırılmadığından və bunu təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 843 (səkkiz yüz qırx üç) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, həmçinin, iş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 843 (səkkiz yüz qırx üç) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Keçirilmiş ekspertizanın xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X1; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE012301********************) hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar