Məhkəmə qərarları › İş №2(004)-173/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-173/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-173/2022 27.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X1 oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh BOKT Cavabdeh QSC-yə qarşı borcun düzgün müəyyən edilməsi və müqavilə üzrə yeni cədvəlin tərtib edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə əlavə 17 oktyabr 2017-ci il tarixli S-DİRK-76 saylı təhvil-təslim aktına əsasən onun BOKT Cavabdeh QSCyə keçmiş borc məbləğinin düzgün müəyyən edilməsi; kredit borcu üzrə 17.08.2018-ci il tarixdə 6745 manat, 20.08.2018-ci il tarixdə 1410 manat olmaqla, cəmi ödənilmiş 8155 manat pulun borcdan silinməsi və qalan borc müəyyən edilməklə yeni ödəniş cədvəlinin tərtib edilib ona təqdim edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19.10.2015-ci il tarixli 61-19-10-2015-ST MTK AF saylı təminatlı kredit müqaviləsinə əsasən mənzil alınması üçün 10 il müddətinə, yəni 19.10.2025-ci il tarixədək 10 faiz dərəcəsi olmaqla 106 671 manat məbləğində kredit verilmiş, aylıq ödəniş 1409.70 manat təşkil etmişdir. İddiaçı müqavilə əsasında ödənişləri 2018-ci ilin avqust ayına qədər "xxxx" ASC ödəməsinə baxmayaraq Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının Bakı filialı tərəfindən ona kredit borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. İddiaçı Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatının Bakı filialına yaxınlaşaraq hansı səbəbdən borcunun olması barədə maraqlanarkən ona bildirilmişdir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə əlaqədar olaraq iddiaçının "xxxx" ASC-yə olan cəmi 86595,01 manat borcu üzrə tələb hüququ 17.10.2017-ci il tarixli S-DİPK-76 saylı təhvil-təslim aktına əsasən Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Borc üzrə tələb hüququ Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına keçməsinə baxmayaraq iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı cədvəl üzrə borcunu 2018-ci ilin avqust ayınadək "xxxx" ASC-yə ödəmişdir. Cavabdeh QSC 17.10.2017-ci ildən sonra "xxxx" ASC-yə ödədiyi pulu geri alaraq onlara ödəməli olduğunu bildirilmişdir. İddiaçı da deyilən kimi ödədiyi pulu "xxxx" ASC-dən alaraq, 17.08.2018-ci il tarixdə 6745 manat və 20.08.2018-ci il tarixdə 1410 manat olmaqla, cəmi 8155.00 manat pulu Cavabdeh QSC-yə ödədikdən sonra ödənilmiş pulun gecikmə nəticəsində yaranmış əlavə faizlərə silindiyi bildirilmişdir. İddiaçı bu barədə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının Bakı filialına ərizə ilə müraciət edərək ödədiyi məbləğin düzgün silinməsi və ona yeni cədvəlin verilməsini bildirməsinə baxmayaraq cədvəl verilməmiş, ödəniş üzrə pulun silinməsi düzgün aparılmamışdır. İddiaçı növbəti dəfə yenə ödəniş etmək istədikdə Cavabdeh QSC ödəyəcəyi məbləğin cərimə olaraq hesablanmış məbləğdən çıxılacağını bildirilmişdir. Bu səbəbdən də iddiaçı qeyd olunan vaxtdan hazıradək heç bir ödəniş etməmişdir. Müqavilə üzrə o 77137 manat pulu ödəməyinə və ödəniş vaxtının 19.10.2025-ci il tarixdə bitməsinə baxmayaraq qalan borcunu vaxtından əvvəl tam olaraq ödəmək istədiyini bildirməsinə baxmayaraq Cavabdeh QSC "xxxx" ASC ilə 17.10.2017-ci il tarixli S-DİPK-76 saylı təhvil-təslim aktına əsasən iddiaçının borc üzrə öhdəliyinin 86595,01 manat olmasını bildirmişdir. Hansı ki, həmin məbləğ onun müqavilə müddətinin sonuna, yəni 2025-ci ilədək olan məbləğdir. Buna görə də, Cavabdeh QSC 86595,01 manat məbləği ödəyəcəyi halda öhdəlik üzrə müqaviləyə xitam veriləcəyini bildirmişdir. İddiaçı kredit müqaviləsinə əsasən 19.10.2015-ci il tarixdə 106 671,00 manat məbləğində kredit götürmüşdür. Borc üzrə tələb hüququ Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatına keçənədək, yəni 17.10.2017-ci il tarixədək o 68982 manat pulu "xxxx" ASC-yə ödəmişdir. Həmin müddət ərzində müqavilə üzrə iddiaçıya verilmiş cədvəldəndə görünür ki, götürülmüş 106 671 manat kredit məbləğinin üzərinə 17.10.2017-ci il tarixədək 20 000 manat məbləğində faiz hesablanmışdır. Bunu nəzərə alaraq 106 671 manat əsas məbləğ + 20 000 manat faiz = 126 671 manat təşkil etmişdir ki, həmin məbləğdən də 68 982 manatını iddiaçı ödəmişdir (126 671 - 68 982 = 57 689). Yəni qalan məbləğ 57 689 manat borc üzrə tələb hüququ olmuşdur ki. həmin məbləğ əsas borc kimi ya düzgün köçürülməmiş, yaxud düzgün köçürülmüş, lakin Cavabdeh QSC həmin məbləği iddiaçıdan əsassız olaraq istəmişdir. "xxxx" ASC ilə Cavabdeh QSC Bank Olmayan Kredit Təşkilatı arasında olan 17.10.2017-ci il tarixli S-DİPK-76 saylı təhvil-təslim aktına əsasən borc üzrə tələb hüququ əsasında ona bildiriş göndərməklə əsassız olaraq 86595,01 manat məbləğində pulu ondan istəmişdir. Həmin məbləğ müqavilə müddətinin sonuna, yəni 19.10.2025-ci il tarixədək ödəniş üzrə olan məbləğdir. Əslində isə köçürülmüş məbləğ 57 689 manat olmalıdır. Həmçinin Cavabdeh QSC 17.08.2018-ci il və 20.08.2018-ci il tarixlərdə ödədiyi cəmi 8155 manat pulu əsassız olaraq silməklə öhdəlik üzrə hüquqlarını pozmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1.-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (maddə 739.2). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2021-ci il tarixli, 9/7130 saylı ekspert rəyinə əsasən İddiaçı kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair mədaxil orderləri, hesabdan çıxarış məlumatları, 19 oktyabr 2015-ci il tarixli 61-19-10-2015-ST MTK AF saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla İddiaçı 20.12.2021-ci il tarixə banka olan əsas və faiz borcu 125199,47 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 93563,84 manat; faiz borcu üzrə - 31635,62 manat. Təqdim edilmiş mədaxil elanları və hesabdan çıxarış məlumatlarına əsasən müqavilə üzrə bank tərəfindən cərimə hesablanmamışdır. Eyni zamanda rəyin 3cü səhifəsində borcun hesablanmasına dair cədvəldən görünür ki, iddiaçının 19.09.2017ci il tarixə borcu əsas borc üzrə 93563,84 manat, faiz borcu qalığı 0 manat müəyyən edilmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını və ekspert rəyini əsas götürərək hesab edir ki, iddiaçının tələbi 17 oktyabr 2017-ci il tarixli S-DİRK-76 saylı təhvil-təslim aktına əsasən onun BOKT Cavabdeh QSC-yə keçmiş borc məbləğinin düzgün müəyyən olunması hissəsində təmin edilərək, iddiaçının cavabdehə təhvil təslim aktına əsasən keçmiş borcu 93563,84 manat (əsas borc) müəyyən edilməlidir. Bundan əlavə iddiaçının kredit borcu üzrə 17.08.2018-ci il tarixdə 6745 manat, 20.08.2018-ci il tarixdə 1410 manat olmaqla, cəmi ödənilmiş 8155 manat pul borcdan silindikdən sonra ekspert rəyinə əsasən 20.12.2021-ci il tarixə olan borcu: əsas borc üzrə - 93563,84 manat, faiz borcu üzrə - 31635,62 manat müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddianın məhkəmə tərəfindən müəyyən edilmiş kreditin qalığının ödənilməsi üçün yeni ödəniş cədvəlinin tərtib edilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2). Mülki Məcəllənin 390.1-ci maddəsinə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (390.3) Kredit müqaviləsi üzrə qalıq borcun ödənilməsi üçün yeni ödəniş cədvəlinin tərtib edilməsi yeni müqavilənin bağlanmasını ehtiva etdiyindən, məhkəmə tərəfindən cavabdehin üzərinə bu vəzifə qoyula bilməz. Belə ki, kredit qalığının ödənilməsi üçün yeni cədvəlin tərtib edilməsi kredit qalığının restrukturizasiyasına səbəb olur ki, bu da yalnız yeni müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. "xxxx" ASC ilə bağlanmış 19 oktyabr 2015-ci il tarixli 61-19-10-2015-ST MTK AF saylı kredit müqaviləsi üzrə İddiaçı 17.10.2017-ci il tarixə borcu 93563,84 (doxsan üç min beş yüz altmış üç manat səksən dörd qəpik) manat məbləğində əsas borc müəyyən edilsin. "xxxx" ASC ilə bağlanmış 19 oktyabr 2015-ci il tarixli 61-19-10-2015-ST MTK AF saylı kredit müqaviləsi üzrə İddiaçı 20 dekabr 2021-ci il tarixə borcu: əsas borc üzrə - 93563,84 (doxsan üç min beş yüz altmış üç manat səksən dörd qəpik) manat; faiz borcu üzrə - 31635,62 (otuz bir min altı yüz otuz beş manat altmış iki qəpik) manat müyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar