Məhkəmə qərarları › İş №2(004)-1733/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1733/2022

21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1733/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı - İddiaçı cavabdeh - Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 25.04.2010-cu il təvəllüdlü X5 və 20.05.2015-ci il təvəllüdlü X3 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və eyni zamanda mediasiya üçün ödənilmiş 60 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1729/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, 2 azyaşlı uşaqlar 25.04.2010-cu il təvəllüdlü X8 və 20.05.2015-ci il təvəllüdlü X7 iddiaçının himayəsində saxlanılmış və eyni zamanda uşaqlar yetkinlik yaşına çatanadək hər birinə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün hər ay 308 manat məbləğində aliment ödəyib və başqa heç bir maddi kömək göstərməmişdir. Daha sonra sabit məbləğ dəyişdiyinə görə iddiaçı məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən 2 uşağa görə aliment məbləği 340 manata qədər artırılmışdır. İddiaçı ərizəsində əlavə olaraq qeyd etmişdir ki, Yasamal Rayon Məhkəməsi və Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamələrdə qeyd olunan məbləğ uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Hazırki iş üzrə Bakı şəhəri 07 fevral 2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan da görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş ilkin mediasiya sessiyası zamanı ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətin keçmişlər, lakin nəticə əldə edilməmişdir. Hazırda uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, iddia ərizəsinin həcminin azaladılaraq mediasiya üçün ödənilmiş 60 manat hissəsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh 21.04.2022-ci il tarixdə ərizə verərək, iddia ərizəsinin hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində alimentin ödənilməsi hissəsini qəbul etdiyini bildirmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin 2(004)- 1729/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsindən göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında 25.07.2009-cu il tarixdə Bakı şəhəri X6 906 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 25.04.2010-cu il təvəllüdlü X5 və 20.05.2015-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması və 25.04.2010-cu il təvəllüdlü X5 və 20.05.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-722/2020 saylı, 02 mart 2020-ci il tarixli qətnaməsinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)- 1729/2018 saylı, 17 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 25.04.2010-cu il təvəllüdlü X5 və 20.05.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər uşağa görə 170 (yüz yetmiş) manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilib. Beləliklə, məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 25.04.2010-cu il təvəllüdlü X5 və 20.05.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün Cavabdeh 200 (iki yüz) manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 25.04.2010-cu il təvəllüdlü X5 və 20.05.2015-ci il təvəllüdlü X2 üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 25.04.2010-cu il təvəllüdlü X5 və 20.05.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar