Məhkəmə qərarları › İş №2(004)-1736/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1736/2024

10.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1736/2024 10.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan “Daewoo Gentra” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 14.750 manat, hüquqi yadım üçün vəkilə ödədiyi 300 manat, etibarnamə üçün ödədiyi 17,25 manat pulun və ödənilmiş 135 manat dövlət rüsumu olmaqla, cəmi 15.202,25 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, DİN BDYPİ-nin verdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “Daewoo Gentra” markalı 2014-cü il buraxılışlı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Həmin avtomaşını X4 etibarnamə ilə idarə etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində idarə etdiyi “Chevrolet Cruze” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Suraxanı rayonu H.Əliyev prospekti istiqamətində yerləşən “SOCAR” yanacaq doldurma mərkəzinin çıxışından 96 metr məsafədə saatda 100 km/saat sürətlə hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq avtomobili sol zolaqdan sağ zolağa manevr edən zaman sürət həddi 70 km/saat olan zolaqla hərəkət edən X2 etibarnamə ilə idarə etdiyi “Daewoo Gentra” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və hadisə nəticəsində sürücü S.H.Məmmədzadəyə sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmiş, iddiaçının İddiaçı avtomaşınına isə külli miqdarda maddi ziyan vurmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(010)-5811/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmiş və 300 manat inzibati cərimə edilmişdir. Avtodoctor Texniki Xidmət Mərkəzinin xx.xx.2023-cü il tarixli 30/A nömrəli akta əsasən “Daewoo Gentra” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər ehtiyat hissələri 8050 manat, görüləcək işlərin dəyəri 6700 manat olmaqla, cəmi 14.750 manat təşkil edir. Sığorta ödənişinin verilməsi üçün iddiaçı sığorta şirkətinə müraciət etməmişdir. Sığorta ödənişinin verilməsi üçün "xxxx" ASC-yə müraciət edəcəkdir. Hadisə zamanı “Chevrolet Cruze” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalı olmuşdur. İddiaçı məxsus “Daewoo Gentra” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə sığorta ödənişinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə sığota şirkətinə müraciət etmişdir. İddiaçıya 3.500 manat sığorta ödənişi veriləcəyi bildirilmişdir. Qalan 1.500 manatı isə yolun kənarında olan dəmir maneəyə dəymiş zərər üçün ödəniləcəyi bildirilmişdir. Odur ki, ödəniləcək 3.500 manat sığorta məbləği çıxılmaqla, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddia tələbini qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı məxsus “Daewoo Gentra” markalı 2014-cü il buraxılışlı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində iddiaçıya məxsus olan avtomobilə maddi ziyan dəymişdir. Lakin dəymiş ziyanın real məbləği iddiaçının iddia ərizəsində göstərdiyi məbləğdən qat-qat aşağıdır. Hadisə zamanı onun idarə etdiyi “Chevrolet Cruze” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də sığortalı olmuşdur. Odur ki, İddiaçı ona məxsus “Daewoo Gentra” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə sığorta ödənişinin verilməsi üçün "xxxx" ASC-yə müraciət etməklə, 5.000 manata qədər sığorta ödənişini almalıdır. “Daewoo Gentra” markalı 2014-cü il buraxılışlı avtomobillərin dəyəri “Turbo.az” avtomobil satışı elanlarında 7.000-13.000 manat arasında dəyişir. Odur ki, iddiaçıya məxsus olan “Daewoo Gentra” markalı 2014-cü il buraxılışlı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərər 14.750 manat zərər dəyməsi həqiqətə uyğun deyildir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən iddiaçının avtomobilinə 6.600 manat maddi zərər dəymişdir. Sığorta ödənişi çıxılandan sonra qalan məbləği ödəməyə razıdır. Məhkəmə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat vermişdir. Lakin cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Daewoo Gentra” markalı, 2014-cü il buraxılışlı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 22:10 radəsində idarə etdiyi “Chevrolet Cruze” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Suraxanı rayonu Heydər Əliyev prospekti istiqamətində yerləşən “SOCAR” yanacaq doldurma mərkəzinin çıxışından 96 metr məsafədə saatda 100 km/saat sürətlə hərəkət edən zaman “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, yəni hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin maddənin tələblərini pozaraq avtomobili sol zolaqdan sağ zolağa manevr edən zaman sürət həddi 70 km/saat olan zolaqla hərəkət edən X2 idarə etdiyi “Daewoo Gentra” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş və hadisə nəticəsində “Chevrolet Cruze” markalı ** EX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 burunun yumşaq toxumasının hematoması və burun əsasının əzilmiş-cırılmış yarası, döş qəfəsinin və sol sağrı nahiyəsinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirilmişdir. Bakı şəhəri Suraxanı rayon prokuroru Rəşid Mahmudovun xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material baxılması üçün Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(010)-5811/2023 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 300 manat inzibati cərimə tətbiq edilmişdir. "xxxx" MMC-nin İddiaçı sifarişi əsasında verdiyi xx.xx.2023-cü il tarixli 30/A nömrəli qüsur aktından müəyyən edilir ki, İddiaçı məxsus olan “Daewoo Gentra” markalı, 2014-cü il buraxılışlı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin aradan qaldırılması üçün ehtiyat hissələrinin alınmasına 8.050 manat, işçilik haqqı 6.700 manat olmaqla, cəmi 14.750 manat vəsait tələb olunur. Toqquşma hadisəsi nəticəsində zərərçəkmiş şəxs İddiaçı məxsus olan “Daewoo Gentra” markalı, 2014-cü il buraxılışlı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Avtomobilin hadisədən sonra çəkilmiş fotoşəkilləri iş materiallarına əlavə edilmişdir. Maddi zərərin məbləği ilə bağlı tərəflər arasında fikir ayrılığı vardır. Həmçinin “Daewoo Gentra” markalı 2014-cü il buraxılışlı avtomobillərin dəyəri “Turbo.az” avtomobil satışı elanlarında 7.000-13.000 manat arasında dəyişdiyi göstərilmişdir. Avtomobilə dəymiş maddi zərərin real dəyərinin müəyyən edilməsinə zərurət yaranmışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/3453 nömrəli ekspertiza rəyindən görünür ki, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnmişdən əvvəlki orta bazar qiyməti təxminən 11.000 manat olmuş, 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləğisalamat qalmış hissələr nəzərə alınmaqla təxminən 6.600 (11.000-40%) manat müəyyən edilir. Həmin avtomobil sevis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik istisna edilmir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus olan “Daewoo Gentra” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş real zərərin məbləği 6.600 manat müəyyən edilmişdir. Bu zərərdən 3.500 manat sığorta ödənişi cavabdehin icbari sığortası hesabına sığorta şirkəti tərəfindən iddiaçıya ödəniləcəkdir. İddiaçı qalan 3.100 manat maddi zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Həmçinin hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat və ödənilmiş 135 manat dövlət rüsumundan 86 manatı iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Daewoo Gentra” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 6.600 manat maddi zərərdən ödəniləcək 3.500 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 3.100 manat maddi zərər, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat və ödənilmiş 135 manat dövlət rüsumundan 86 manatı olmaqla, cəmi 3.503,25 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Çünki, iddiaçı onun avtomobilinə 6.600 manatdan artıq məbləğdə zərər dəyməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iddia qismən təmin edildiyinə görə dövlət rüsumu da dəymiş maddi zərərin həcminə uyğun olaraq iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Daewoo Gentra” markalı ** CD *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 6.600 manat maddi zərərdən ödəniləcək 3.500 manat sığorta ödənişi çıxıldıqdan sonra qalan 3.100 manat maddi zərər, hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat, etibarnamə üçün ödənilmiş 17,25 manat və ödənilmiş 135 manat dövlət rüsumundan 86 manatı olmaqla, cəmi 3.503,25 (üç min beş yüz üç manat iyirmi beş qəpik) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar