Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-180/2021 06.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsi, ev 17 ünvanında yerləşən 1 saylı mənzilə dair istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı 10 fevral 1985-ci il tarixdən bu günə qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla daimi yaşayır. Həmin mənzil order əsasında Cavabdeh adına ayrılmışdır. Lakin 1985-ci ildən iddiaçı bu mənzildə qeydiyyatda olmaqla ona faktiki sahiblik etmişdir. Qeyd olunan mənzillə bağlı bütün kommunal ödənişlər tərəfindən ödənilir. Ərizəyə əlavə edilən və Yasamal rayon MKTB tərəfindən 04 iyul 2009-cu il tarixdə verilmiş Forma №2 arayışından görünür ki, şəxsi maliyyə haqq-hesabı 10 fevral 1985-ci ildə açılmışdır, ona görə ki, iddiaçı yuxarıda qeyd olunan ünvanda yerləşən 1 otaqlı 16,22 kv.m sahəsi olan, 4 mərtəbəli binanın 1-ci mərtəbəsindəki kommunal şəraitli mənzildə yaşayır. Arayışdan eyni zamanda müəyyən olunur ki, sözügedən mənzildə yalnız iddiaçı qeydiyyatdadır. Yasamal RİH MKTB-nın 22 saylı MKİS-i tərəfindən verilmiş 08.05.2018-ci il tarixli arayışda da onun ünvan 1 ünvanında 10 fevral 1985-ci ildən hal-hazıra qədər qeydiyyatda olduğu göstərilmişdir. ünvan 1 ünvanında yerləşən mənzilin yeganə sahibi və orada qeydiyyatda olan yeganə bir şəxs kimi yaşadığı mənzilə dair istifadə hüququnun tanınması zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş üçüncü şəxs Yasamal rayonu İcra Hakimiyyəti məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. Tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, mübahisəli mənzil dövlət mənzil fondu evində yerləşir və iddiaçı 1985-ci il tarixdən həmin mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin “Dövlət və İctimai Mənzil Fondu evlərində yaşayış sahəsindən istifadə” barədə ikinci fəslində yaşayış sahəsindən istifadə hüququnun əsasları müəyyən edilmişdir. Həmin fəslin 51-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsinin icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçı mübahisəli mənzilin order əsasında Cavabdeh icarəsində olmasını və cavabdehin razılığı ilə həmin mənzilə köçməsini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, onun həmin mənzilə istifadə hüququnun yaranmasını və iddianın Cavabdeh qarşı qaldırılmasının əsaslarını sübut etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Göstirilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-180/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-180/2021
06.04.2021 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver