Məhkəmə qərarları › İş №2(004)-1806/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1806/2023

01.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1806/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Quba rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərə görə 1600 manat və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi baradə qətnamə qəbul edilmisini xahiş etmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-525/2023 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, oğlu X6 2019cu ildə Quba rayon Məhkəməsinin hökmü ilə CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Buna görə o, ana kimi müxtəlif yerlərə müraciət edərək, oğlunun cəzasının yüngülləşdirilməsini istəmişdir. O, oğlunun cəzasının yüngülləşdirilməsi üçün cəzaçəkmə müəssisəsinin rəisinin qəbulunda olmuşdur. Rəis ona bildirmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin barışıq ərizəsi təqdim edildikdən sonra bu məsələyə baxıla bilər. Onlar zərərçəkmiş şəxsin hüquqi varisi olan qudaları Mehribanla əlaqə saxlamışlar və barışıq ərizəsi verməsini xahiş etmişlər. Lakin Mehriban barışıq ərizəsi verməkdən imtina etmişdir. 2008-ci ildən Quba rayonunda yerləşən Orman restoranında aşpaz işlədiyi vaxtdan tanıdığı Rəşidə 2021-ci ilin mart ayında Quba rayonu Qonaqkənd qəsəbəsində idman müəllimi işlədiyini bildirən əri Cavabdeh ilə birlikdə onun yaşadığı evə gəlmişlər. Söhbət zamanı o, Rəşidə və Ceyhuna baş vermiş hadisəni danışmış və oğlunun həbsdə olduğunu və işinin yüngülləşdirilməsi üçün çalışdığını bildirmişdir. Ceyhun pul müqabilində tanışları vasitəsilə zərərçəkmiş şəxsin hüquqi varisi olan Mehribandan razılıq ərizəsi ala biləcəyini və oğlunun cəzasının yüngülləşdirilməsinə kömək edəcəyini ona bildirmişdir. O, qızı X2 yanında Quba rayonu 1-ci Nügədi kəndində yaşadığı evdə 2021-ci ilin may ayının əvvəlində 600 manatı Ceyhuna vermişdir. Razılıq ərizəsini aldıqdan sonra qalan pulu da verəcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra Ceyhun ona zəng edərək işi görməli olan adamın pulu tam istəyini bildirmiş və əlavə olaraq 1.000 manat da verəcəyi təqdirdə razılıq ərizəsini ala biləcəyini demişdir. O, bankdan 1.100 manat kredit götürmüş və 1.000 manatını 2021-ci ilin iyun ayının sonlarında Quba şəhəri Köhnə avtovağzal dairəsində Ceyhuna vermişdir. Ceyhun ümumilikdə ondan 1.600 manat pul alsa da, razılıq ərizəsini alıb gətirməmişdir. Bununla da dələduzluq yolu ilə ona məxsus olan 1.600 manat pulu ələ keçirməklə, ona maddi ziyan vurmuşdur. Dəfələrlə pulun qaytarılmasını tələb etsə də, Ceyhun pulu qaytarmadan imtina etmişdir. Bu səbəbdən o, polisə şikayət etmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm çıxandan sonra da, onun pulu qaytarılmamışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, o, 2007-ci ildən Quba rayonu Qonaqkənd qəsəbəsində yerləşən orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində çalışır, həmçinin direktor müavini işləmişdir. Quba rayonu 1-ci Nügədi kənd sakini İddiaçı həyat yoldaşı Rəşidə Nurəddinova vasitəsilə təxminən 5-6 il öncə tanımışdır. Rəşidə ilə Narxanım Quba rayonunda yerləşən Orman restoranında bir yerdə işləmişlər. İddiaçı ilə münasibəti hər zaman normal olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Narxanımın oğlu X6 2019-cu ildə Quba rayon Məhkəməsinin hökmü ilə CM-nin 125-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Narxanım ona oğlundan danışmış və cəzasının yüngülləşdirilməsi üçün zərərçəkmiş şəxsin hüquqi varisi olan Mehribandan razılıq ərizəsi alınmasına kömək etməsini xahiş etmişdir. O, kömək edəcəyini demişdir. O, Narxanımdan 600 manat, sonra isə 400 manat olmaqla cəmi 1.000 manat pul almışdır. O, Narxanımın qudası Mehribanın evinə gedərək onunla görüşmüş və Akifdən şikayətçi olmamalarına dair razılıq ərizəsi verilməsini xahiş etmişdir. Mehriban əvvəlcə razılaşmamış, sonra nəvəsi ilə görüşəcəyi təqdirdə, razılıq verəcəyini demişdir. Lakin Narxanım nəvəsi ilə Mehribanın görüşməsinə razı olmadığı üçün barışıq ərizəsini ala bilməmişdir. O, aldığı pulun xeyli hissəsini Narxanımın qızı Gülbaharla birlikdə Akifin işinin dalınca gedərkən taksilərə xərcləmişdir. O, Narxanımdan 1.600 manat deyil, 1.000 manat pul almışdır. Narxanımın qızı Gülbahar isə ona 100 manat pul vermişdir. Hazırda Narxanıma 500 manat qaytarmağa etiraz etmir. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı onun anasıdır. Cavabdeh ilə ailəvi dost münasibətləri olub. Anası İddiaçı oğlunun həbsdən azad olunması üçün qarşı tərəfin barışıq ərizəsinin alınması məqsədi ilə onun iştirakı ilə Cavabdeh 2021-ci ilin may ayında 600 manat pul vermişdir. Daha sonra anası Cavabdeh 1.000 manat pul vermişdir. Cavabdeh aldığı pulu tapksiyə xərcləməmişdir. Mehribanın barışıq ərizəsini alıb gətirməmişdir. Ceyhun ərizəni Mehribandan birbaşa deyil, başqa şəxslərin vasitəsi ilə alacağını bildirmişdi. Ceyhun anasından aldığı 1.600 manat pulu qaytarmamışdır. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(027)-159/2022 nömrəli qanuni qüvvəyə minmiş hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (gün) gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq Cavabdeh üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmlə müəyyən edilmişdir ki, Cavabdeh aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair hər hansı səlahiyyəti və imkanı olmadığı halda Quba rayonu 1-ci Nügədi kənd sakini İddiaçı məhkum olunmuş oğlu Akif Ağayevi həbsdən azad edəcəyini vəd edib vahid niyyətlə İddiaçı 2021-ci ilin may ayının əvvəlində Quba rayonu, 1-ci Nügədi kəndində yaşadığı evdə 600 manat, 2021-ci ilin iyun ayının sonlarında Quba şəhəri, Köhnə avtovağzal dairəsində 1000 manat, ümumilikdə 1600 manat məbləğində pul vəsaitini ələ keçirməklə dələduzluq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 1.600 manat və ödənilmiş 36 manat dövlət rüsumu olmaqla, cəmi 1.636 tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1.600 manat və ödənilmiş 36 manat dövlət rüsumu olmaqla, cəmi 1.636 (min altı yüz otuz altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar