Məhkəmə qərarları › İş №2(004)-1811/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1811/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1811/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi X2 qızının katibliyi İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 3080.15 manat əsas borc, 598.45 manat faiz borcu, 191.64 manat cərimə olmaqla, cəmi 3870.24 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak Cavabdeh iddianı tələbini qəbul etməyərək bildirdi ki, əvvəllər artıqlamasıyla ödənişlərini vaxtlı-vaxtında etsə də karantin rejimi ilə əlaqədar ödənişlərini edə bilməmiş və bu haqda yazılı və sifahi şəkildə Banka müraciət etmişdir. Bankdan dəfələrlə zəng gəldikdən sonra Nərimanov filialına yazılı şəkildə müraciət etmiş, yeni siyahı açmalarını xahiş etmişdir. Ona əsas borcdan 2000 manat ödədikdən sonra yeni siyahı açılmasının mümkün olduğu bildirilmişdir. O hesab edir ki, karantin rejiminə görə ona güzəşt edilməlidir. O dəfələrlə bu bankdan kredit götürdüyünü, vaxtından əvvəl ödənişlər etdiyini məhkəmənin diqqətinə çatdıraraq iddianı tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 6-Y-2-0-2655-18 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə, illik 23 faiz olmaqla, 7000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 6-Y-2-0-2655-18 saylı kreditin verilməsi haqqında müqaviləyə əlavə olunan 1 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ay 270.97 manat, sonuncu ay isə 270.80 manat olmaqla, ümumilikdə 9754.75 manat məbləğində pulu banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 7000 manat pul vəsaiti almışdır. İş materiallarındakı maliyyə arayışına əsasən müəyyən olunur ki, cavabdehin 3080.15 manat əsas borc, 598.45 manat faiz borcu, 191.64 manat cərimə olmaqla, cəmi 3870.24 manat borcu vardır. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, müqaviləyə əsasən iddiaçı öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə bunun əksinə olaraq öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli, 6-Y-2-0-2655-18 saylı kredit müqaviləsinə əsasən 3080.15 manat əsas, 598.45 manat faiz, 30 manat cərimə borcu olmaqla, cəmi 3708.60 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, 191.64 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 30 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3080.15 (üç min səksən manat on beş qəpik) manat əsas, 598.45 (beş yüz doxsan səkkiz manat qırx beş qəpik) manat faiz, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 3708.60 (üç min yeddi yüz səkkiz manat altmış qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar