Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1826/2022 26.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1379/2020 saylı 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddiaçının xeyrinə uşaqların saxlanması üçün tutulan alimentin miqdarının dəyişdirilməsini və cavabdehdən 06 noyabr 2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün sabit məbləğdə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 29 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha girərək evlənib ailə qurmuşdular. Rəsmi nikahdan 2 uşaqları var: 06 noyabr 2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5. Yasamal Rayon Məhkəməsinin 2(004)-5856/2017 saylı 06 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş və 06 noyabr 2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 onun yanında qalmaları, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,20 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Müəyyən edilmiş aliment hazırda uşaqların maddi tələbatını ödəmir, həddindən artıq azdır, uşaqların sağlamlıq qayğısına qalınması üçün xeyli vəsait tələb olunur. Onun təkbaşına uşaqların bütün maddi tələbatlarını ödəmək imkanı yoxdur. Alimentin məbləğinin artırılması uşaqların normal, sağlam böyüməsi və inkişafı üçün vacibdir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verib iddia tələbinin həcmini artıraraq aliment miqdarının artırılması ilə yanaşı mediasiya xərci olaraq ödədiyi 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə hər hansı formada məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan mediator X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, mübahisə üzrə xx.xx.2022-ci il tarixində, 11:30-12:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş və İddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək sessiyanın keçirilməsi ilə 50 manat mediasiya xərcini ödəmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər uşağa görə 136 manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilib. Odur ki, məhkəmə hesab edir ki, alimentin artırılması hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş cəmi 50 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, ilkin mediasiya prosesində tərəflərdən biri üzrsüz səbəbdən iştirak etmədiyi halda mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ödəməli, əks halda əgər tərəflər arasında ayrı razılaşma yoxdursa mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin üzrsüz səbəbdən ilkin mediasiya prosesində üzrsüz səbəbdən iştirak etməməsinə dair sübut təqdim etmədiyindən mediasiya xərcinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli və ilkin mediasiya prosesində ödənilmiş 50 (əlli) manatın ½ hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 06 noyabr 2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, Cavabdeh hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 manat tutularaq, İddiaçı ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay, hər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1826/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1826/2022
26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver