Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-185/2022 03.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 82941,07 manat, faiz borcu üzrə 31929,02 manat, cəmi 114870,09 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 82941,07 manat, faiz borcu üzrə 33127,05 manat, cəmi 116068,12 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi yenidən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 82941,07 manat, faiz borcu üzrə 36043,98 manat, cəmi 118985, 05 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidməti haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 23.08.2016-cı il tarixli, 7-23-08-2016-HR-UT nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 240 ay müddətinə illik 10 % dərəcəsi ilə hesablanmaqla, 85000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 MMC arasında 23.08.2016-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməmiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-nin zaminliyinə xitam verilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 23 avqust 2016-cı il tarixli, 7-23-08-2016-HR-UT nömrəli Təminatlı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 18 avqust 2016-cı il tarixli, 007 nömrəli müqavilənin predimeti olan mənzilin alınması üçün 240 ay müddətinə illik 10% dərəcəsi ilə 85000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC ilə "xxxx" ASC arasında bağlanmış 23 avqust 2016-cı il tarixli, 7-23-08-2016-HR-UT nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 MMC borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 23.08.2036-cı il tarixədək hər ay 820,30 (səkkiz yüz iyirmi manat otuz qəpik) manat sonuncu ay 796,69 (yeddi yüz doxsan altı manat altmış doqquz) manat ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan 24.01.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, həmin tarixə Cavabdeh1 23 avqust 2016-cı il tarixli, 7-23-08-2016-HR-UT nömrəli kredit müqaviləsi üzrə 82941.07 manat əsas borc və 36043.98 manat faiz borcu olmaqla, cəmi 118985.05 manat məbləğində borcu yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə ünvanlanmış 07 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borclarını 5 gün müddətində ödəməyəcəkləri təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 9/8617 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 23 avqust 2016-cı il tarixli, 7-23-08-2016-HR-UT nömrəli kredit müqaviləsi üzrə 30.07.2021-ci il tarixə əsas borc üzrə 83470,47 manat və faiz borcu üzrə 31522,97 manat borcu yaranmışdır. İş materiallarında olan 29.07.2021-ci il tarixli ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun və ona hesablanmış faizin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, 23 avqust 2016-cı il tarixli, 7-23-08-2016-HR-UT nömrəli kredit müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 240 ay müddətinə illik 10% ilə 85000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 MMC ilə "xxxx" ASC arasında bağlanmış 23 avqust 2016-cı il tarixli, 7-23-08-2016-HR-UT nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 MMC borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında 83470,47 manat əsas boc və 36043.98 manat faiz borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, ekspert tədqiqatı zamanı cavabdehin kredit müqaviləsi üzrə 30.07.2021-ci il tarixə olan əsas və faiz borcu hesablanmış və rəydə göstərilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin qüvvədə olma müddəti bitməmişdir. İddiaçının nümayəndəsi isə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 24.01.2022-ci il tarixə yaranmış əsas və faiz borcunu tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 82941.07 manat əsas borc və 36043.98 manat faiz borcu olmaqla, cəmi 118985.05 manat pul Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, normanın məzmunundan göründüyü kimi müddət təyin edilmədikdə, iddiaçı zaminlik müqaviləsinin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddia irəli sürə bilər, əks halda zaminliyə xitam verilir. Bank ilə Cavabdeh2 MMC arasında bağlanmış 23.08.2016-cı il tarixli zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Bu halda baxılan iş üzrə Bankla Cavabdeh2 MMC arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədədir. Bankla borclu arasında kredit müqaviləsi 23 avqust 2016-cı il tarxində 240 ay müddətinə bağlandığından həmin müqavilə üzrə kredit öhdəliyinin icrası vaxtının 23 avqust 2036-cı il tarixində başa çatması göstərilmişdir. Odur ki, Cavabdeh2 MMC-nin zaminliyinə xitam verilməsi üçün əsaslar mövcud deyildir və Cavabdeh2 MMC kredit müqaviləsi üzrə alınmış kreditə görə tələb edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 82941.07 (səksən iki min doqquz yüz qırx bir manat yeddi qəpik) manat əsas borc və 36043.98 (otuz altı min qırx üç manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 118985.05 (bir yüz on səkkiz min doqquz yüz səksən beş manat beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərə aid edilərək, "xxxx" ASCnin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutulmalıdır. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 82941.07 (səksən iki min doqquz yüz qırx bir manat yeddi qəpik) manat əsas borc və 36043.98 (otuz altı min qırx üç manat doxsan səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 118985.05 (bir yüz on səkkiz min doqquz yüz səksən beş manat beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-185/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-185/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver