Məhkəmə qərarları › İş №2(004)-1852/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1852/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1852/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 46000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirir ki, iddiaçı sosial şəbəkələrdən ipoteka ilə necə mənzil almaq barədə məlumatlarla maraqlanaraq məlumatların içində rastına X4 telefon nömrəsi və təklif etdiyi evlər diqqətini çəkmişdir. Telefon vasitəsi ilə Emillə əlaqə saxlamış və o, bildirmişdir ki, onlarda ipoteka ilə satılan mənzillər üzrə çoxlu variantlar vardır, bütün variantlarla tanış olmaq üçün Emil onu ertəsi gün Mətbuat prospektində yerləşən ofisə dəvət etmişdir. O, ertəsi gün, Emilin dediyi, Mətbuat prospektində, Yasamal rayon İcra Hakimiyyətinin yanındakı, birinci mərtəbəsində “Medalyon” restoranında yerləşən binanın ikinci mərtəbəsindəki ofisə getmişdir. Ofisdə iddiaçını Emil qarşılamışdır, onu ofisin müdiri Mətləbə və onun müavini Babaya təqdim etmişdir. İlkin baxışda ofis səviyyəli yer kimi görünmüş, ofisdə başqa 3 nəfər xanım da olmuşdur. Ofisdə Mətləb iddiaçıya bildirmişdir ki, onlar xxxx-2 yaşayış kompleksindən 41 ədəd sosial mənzili müsabiqədə udmuşlar və indi güzəştli ilkin ödəniş qiymətləri və güzəştli ipoteka şərtləri ilə satırlar. İddiaçıya bildirmişdir ki, mənzili almaq istəyən şəxsin yaşı 45-dən çox olmamalıdır, məhkumluğu olmamalıdır, banka kredit ödənişləri ilə əlaqədar gecikmələri olmamalıdır, əmək haqqı mütləq kartla ödənilməklə 3-otaqlı mənzil almaq üçün minimum 420 manat olmalıdır, mənzil xxxx-2 ərazisindəki 9 və 12-mərtəbəli binaların 5-ci mərtəbələrindən yuxarı mərtəbələrdən seçilə bilər, müqavilə notarial qaydada bağlanacaq. Onun belə inandırıcı danışaraq, hətta mənzili almaq üçün məhdudiyyətlərin və şərtlərin də olmasını bildirməsi iddiaçının ona inanmağına səbəb olmuşdur. Mətləb bildirmişdir ki, mənzilin ilkin ödənişi 23000 manatdır, mənzilin qalan dəyərini də illik 3 faiz olmaqla ödəyəcək, mənzil xxxx-2 ərazisindən, mənzillərin birinci paketindən, 2021-ci ilin 29 yanvarına qədər veriləcək. İddiaçı bu şərtlərlə razılaşmış və Emil onu öz maşını ilə xxxx-2 ərazisinə apararaq, 9 və 12-mərtəbəli binaları göstərmişdir. İddiaçı 4 gün ərzində müvafiq sənədləri hazırlamışdır. Sənədlərlə və borc-xərc qohum- qardaşdan, dostlarından topladığı 23000 manat pulla xx xxxxxx 2021-ci ildə ofisə getmişdir. Oradan Mətləb və Emil onu müqavilə bağlanması üçün 14 saylı notariat kontoruna aparmışlar. Notariat kontorunda ona məlum olmuşdur ki, Mətləb iddiaçı ilə göstərilən məbləğə borc müqaviləsi bağlamaq niyyətindədir. İddiaçı ona bildirəndə ki, mənzil barədə müqavilə bağlamalıdırlar, Mətləb bildirmişdir ki, narahat olmasın, o, borc müqaviləsi bağlandıqdan sonra xxxx-nın onun adına sənədini verəcək, bu müqaviləni ona görə bağlayırlar ki, o pulundan və mənzildən arxayın olsun. Onlar 23000 manata kredit müqaviləsi bağlamışdır. Müqavilə təsdiq olunandan sonra Mətləb ona “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3-otaqlı, 90 kv.metr ölçüdə, tam təmirli mənzilin iddiaçının adına qeydiyyata alınması haqqında müqaviləni vermişdir. İddiaçı sənəddə möhür olmadığını bildirəndə Mətləb deyib ki, bu sənədlər sadəcə olaraq mənzilin seçilib təyin olunması üçündür, əsas sənədlər 29 yanvara qədər “ASAN xidmətdə rəsmiləşmə aparılarkən veriləcəkdir. Mətləb iddiaçıya müvəkkil bankların siyahısını da təqdim etmiş və bildirmişdir ki, ASAN xidmətdə sənədlər rəsmiləşdirilərkən müvəkkil banklardan birini seçəcəklər. İddiaçı sonradan Naxçıvanda yaşayan, həyat yoldaşından ayrılmış, mənzil şəraiti pis olan bacısı ilə də danışıb ona bildirmişdir ki, güzəştli mənzil var, o da iddiaçıdan xahiş etmişdir ki, onun üçün də bir mənzil alsın. Bacısı Naxçıvandan ona müvafiq sənədləri göndərmiş, yenə də borc-xərc 21000 manat pul düzəltmişdir. İddiaçı xx xxxxxx 2021-ci ildə yenə də Mətləbin ofisinə gedərək bildirmişdir ki, cəmi 21000 manat pul düzəldə bilmişdir, bacısı üçün də mənzil almaq istəyir. Mətləb bildirmişdir ki, eybi yoxdur, bu gün 21000 manata borc müqaviləsi bağlayarlar, qalan 2000 manatı nağd verər. Onlar elə həmin tarixdə, xx xxxxxx 2021-ci ildə müqavilə bağlanması üçün 14 saylı notariat kontoruna getmişdir, 21000 manata kredit müqaviləsi bağlanmışdır. Müqavilə təsdiq olunandan sonra Mətləb ona “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 3-otaqlı, 90 kv.metr ölçüdə, tam təmirli mənzilin bacısı X1 adına qeydiyyata alınması haqqında müqaviləni vermişdir. Bir neçə gündən sonra iddiaçı Mətləbə nağd 2000 manat da vermişdir. Lakin 29 yanvardan sonra məlum olmuşdur ki, Mətləbin ona mənzil vermək fikri yoxdur, o, sadəcə olaraq iddiaçını aldatmışdır, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu işlərdən heç xəbəri yoxdur, Mətləbin iddiaçıya verdiyi müqavilələr adi kağız parçasıdır, oradakı imzalar isə Mətləb tərəfindən saxtalaşdırılıb. Hal-hazırda cavabdeh heç olmasa pulu da qaytarmır. İddaçı dəfələrlə ona şifahi şəkildə müraciət edərək, pulu qaytarmasını xahiş etmişdir. Cavabdeh isə heç bir əsas gətirmədən pulları qaytarmır. Hazırda cavabdeh bu kimi hallara görə cinayət məsuliyyətinə cəlb olunmuşdur və istintaq təcridxanasındadır. Xüsusi qərardadın çıxarılmasına artıq lüzum yoxdur. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 23000 manat məbləğində borc almışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixədək qaytarmaq şərti ilə 21000 manat məbləğində borc almışdır. Beləliklə, işin mübahisəsiz halıdır ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmışdır. Cavabdeh iddiaçıdan müqavilələr üzrə cəmi 44000 manat məbləğində kredit alaraq borcu xx.xx.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh ödəniş etməmiş, öhdəliyini pozmuşdur. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehdən 46000 manat məbləğində pul tutulmasını tələb etsə də, cavabdehin iddiaçıdan 44000 manat məbləğində pul aldığını sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 44000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 44000 (qırx dörd min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar