Məhkəmə qərarları › İş №2(004)-1852/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1852/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1852/2022 04.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 26.08.2021-ci il tarixli, RPZ-00072-17/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 16.02.2022-ci il tarixinə ödənilməmiş 5324,52 manat əsas borc, 603,45 manat faiz borcu, 206,71 manat dəbbə borcu olmaqla, ümumilikdə 6134,68 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 82 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26.08.2021-ci il tarixli, RPZ-00072-17/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 24 faiz ödəmək və aylıq əsasla qaytarılmaq şərti ilə 5324,52 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin kredit müqaviləsi üzrə 16.02.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş 5324,52 manat əsas, 603,45 manat faiz, 206,71 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin 16.02.2022-ci il tarixinə ümumi bocu 6134,68 manat təşkil edir. İddiaçının nümayənədəsi X2 məhkəməyə 01.04.2022-ci il tarixdə ərizə ünvanlayaraq, 04.04.2022-ci il tarixdə keçiriləcək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 26.08.2021-ci il tarixli, RPZ-00072-17/21A saylı kredit müqaviləsinə əsasən, Cavabdeh Bank "xxxx" ASC tərəfindən illik 24 faizlə 36 ay müddətinə 5324,52 manat kredit verilmiş, “borc alan” isə əsas borcu, faizləri, komisyon xərclərini və digər xərcləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 16.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank "xxxx" ASC-yə 16.02.2022-ci il tarixə əsas borc üzrə 5324,52 manat, faiz borcu üzrə 603,45 manat, dəbbə borcu üzrə 206,71 manat olmaqla, cəmi 6134,68 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəizini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1. və 443.5.-ci maddəsinə əsasən borclu icranı gecikdirdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər borcları iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını və digər borcları ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26.08.2021-ci il tarixli, RPZ-00072-17/21A saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 26.08.2021-ci il tarixli, RPZ-00072-17/21A saylı kredit müqaviləsi üzrə 5324,52 manat əsas borc, 603,45 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla, cəmi 5947,97 manat borc tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən 26.08.2021-ci il tarixli, RPZ-00072-17/21A saylı kredit müqaviləsinə görə cərimə pulunun 206,71 manat məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 82 manat dövlət rüsumunun 79,48 manat məbləğində hissəsi və 0,40 manat bank xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26.08.2021-ci il tarixli, RPZ-00072-17/21A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 5324,52 (beş min üç yüz iyirmi dörd manat əlli iki qəpik) manat əsas borc, 603,45 (altı yüz üç manat qırx beş qəpik) manat faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 5947,97 (beş min doqquz yüz qırx yeddi manat doxsan yeddi qəpik) manat borc və 79,48 (yetmiş doqquz manat qırx səkkiz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı tutularaq, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar