Məhkəmə qərarları › İş №2(004)-1854/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1854/2025

23.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1854/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Mahmudzadə Sabrina Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, iddiaçı Qasımova (Abbaszadə) Yaqut Malik qızının və onun yetkinlik yaşına çatmayan övladları xx.xx.2008-ci il tarixdə dünyaya gəlmiş X7, xx.xx.2010-cu il tarixdə dünyaya gəlmiş X3 Bakı şəhəri Yasamal rayonu D.Bünyadzadə 230, bina 2, 103 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə çıxarmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2008-ci il tarixli Fidan Qasımova və xx.xx.2010-cu il tarixli Mikayıl Qasımov adlı övladları dünyaya gəlmişdir. Aralarında bağlanılmış nikahın pozulması, aliment tələbi ilə bağlı İddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1055/2025 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə bağlanılmış nikahın pozulması qət edilmişdir. Qeyd etmişdir ki, ailə qurduqdan sonra Cavabdeh məxsus ünvan 1 ünvanına gəlin köçərək orda yaşamış və bu günə qədər yaşayırlar. Onu da qeyd etmişdir ki, evin təmirini birlikdə etmişlər. Ona məxsus olan cehiz əşyaları və uşaqlara məxsus olan əşyalar hal-hazırda həmin ünvandadır. Bildirmişdir ki, onun hal-hazırda yaşamağa yeri yoxdur. Övladları qeyd olunan ünvanda qeydiyyatda olmaqla orda yaşayırlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən birgə nikahdan dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X1 Qasımovanın himayəsində, xx.xx.2008-ci il təvəllüdlü X7 isə Cavabdeh himayəsində qalması qət edilmişdir. Övları Yasamal rayonunun evin yaxınlığında yerləşən tam orta məktəbə gedirlər. Ona görə də qeyd edilən mübahisəli mənzildə yaşayırlar. Həmin yaşayış evini birgə nikah dövründə orada yaşamışlar. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxsin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanına malikdir. Hesab edir ki, İddiaçı mübahisəli evdə cavabdehlə bərabər surətdə həmin evdə istifadə hüququna malik olduğundan onun həmin evdə yaşamasına məhdudiyyətlər yaradılması və iradəsinin ziddinə olaraq yaşayış hüquqlarından məhrum edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək pozulmuş hüququ bərpa edilməlidir. İşə məhkəmədə baxılan zaman İddiaçı məhkəməyə 15 aprel 2025-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı Qasımova (Abbaszadə) Yaqut Malik qızı və onun yetkinlik yaşına çatmayan övladı xx.xx.2008-ci il tarixdə dünyaya gəlmiş X7, xx.xx.2010-cu il tarixdə dünyaya gəlmiş X6 ünvan 4 saylı mənzilə köçürülməklə yaşamaq hüququnun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddiaçının iddia predmetinin dəyişdirilməsinə dair ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı İddiaçı və birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan X7 və X3 cavabdehin mülkiyyətində olan ünvan 4 saylı mənzildən istifadə hüququnun tanınmasına dair iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia predmeti üzrə Yasamal Rayon Məhkəməsində xx.xx.2025, xx.xx.2025 və xx.xx.2025 tarixlərində hazırlıq iclasları keçirilmişdir. İddiaçı xx.xx.2025 tarixində keçirilən baxış iclasında iddia predmetinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bildirmişdir ki, məhkəmə tərəfindən işin baxışa təyin olunmasından sonra və baxış iclası zamanı iddia predmetinin dəyişdirilməsi tam qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin hazırki iş üzrə, 3 dəfə hazırlıq iclası keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən iddia predmetinin dəyişdirilməsi ilə bağlı heç bir yazılı və ya şifahi ərizə təqdim olunmamışdır. Əlavə olaraq iddiaçı öz ərizəsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər ərizənin verilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Belə olan halda, iddiaçı tərəfindən 4 iclas keçirildikdən sonra iddianın mahiyyətinin tamamilə dəyişdirilməsi qanunsuz və əsassızdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan mənzil əvvəllər iddiaçının atasının adına olub. Sonradan müəyyən ödəniş qarşılığında, alqı-satqı əsasında cavabdehin adına rəsmiləşdirilib. 2007-ci ildə iddiaçı həmin evə gəlin köçüb. Həmin ev qismən təmirsiz olduğuna görə tərəflər birlikdə evi təmir etmişlər. Tərəflər arasında nikah bu ilin yanvar ayında pozulmuş və uşaqlardan biri atanın, digəri ananın yanında saxlanılması razılaşdırılmışdır. Əvvəlki məhkəmə iclaslarına qədər iddiaçının həmin mənzilə gedib – gəlməsinə heç bir maneə yox idi. İddiaçı səhərdən axşama kimi orada qalırdı, çünki uşaqları həmin evin yanxınlığındakı məktəbdə təhsil alırdı. Son məhkəmə ilasında isə iddiaçı açarı dəyişdiyindən iddianı mənzilə köçürmə ilə dəyişməli olmuşlar. Hal-hazırda isə cavabdeh hər iki uşağını da cavabdehlə birlikdə evə buraxmır. Uşaqların və cavabdehin bütün şəxsi əşyaları, geyimləri və cehiz əmlakı da həmin ünvandadır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı izahat verərək bildirmişdir ki, o, həmin evdə yalnız uşaqlarla məşğul olmaq üçün axşamadək ola bilir. Cavabdeh razı olmadığına görə axşam qalmağa atasının evinə getməyə məcbur olur. Buna səbəb isə sonuncu dəfə cavabdehin onunla dalaşması, valideynlərinin ünvanına xoşagəlməz sözlər işlətməsi olmuşdur. Hazırda onun bütün şəxsi əşyaları, hətta sənədləri və cehiz əşyaları da həmin evdədir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə1 iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı 2007-ci ildə həmin evə köçərkən, o ev artıq tam təmirli ev idi. Yəni sonradan tərəflərin birgə iştirakı ilə ev təmir edilməyib. Üstəlik tərəflər boşanmamışdan bir müddət öncə də birlikdə yaşamayıblar. Bundan başqa hesab edir ki, qanunvericiliyə əsasən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Cavabdeh uşaqların bugündə həmin evdə yaşamalarına etiraz etmir. Odur ki, qeyd edilənləri nəzərə almağı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli qərarını, Mülki Məcəllənin 228.5-ci maddəsini və 262.2, 262.6-cı maddələrini rəhbər tutaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində istifadədə olan 0,13667 ha torpaq sahəsində yerləşən 2 otaqlı, 9 mərtəbəli binada 50,81 kv.m. ümumi, 29,11 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 103 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 1030 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. - X2 tərəfindən tərtib edilmiş 12 dekabr 2024-cü il tarixli akta əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 230 saylı evin 103 saylı mənzilinə 2007-ci il dekabr ayında ailə həyatı quraraq köçmüş, 2024-cü ilə qədər də həmin ünvanda yaşamışdır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin 0138 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 230 saylı evin 103 saylı mənzilində 2007-ci il tarixdən yaşayır. Ailə tərkibi 3 nəfərdən ibarətdir: həyat yoldaşı - Cavabdeh, qızı – X7, X6. - MŞB/13/2024-01773 saylı, 07 dekabr 2024-cü il tarixli barışıq sazişindən görünür ki, Cavabdeh və İddiaçı xx.xx.2007-ci il tarixdə bağlanmış nikahın məhkəmə qaydasında pozulması, xx.xx.2010-cu il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi anası İddiaçı himayəsində və xx.xx.2008-ci il təvəllüdlü X4 xx.xx.2024cü il tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi atası Cavabdeh himayəsində saxlanılması barədə razılığa gəlmişlər. Tərəflərin bir birinə qarşı aliment tələbləri yoxdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1055/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında xx.xx.2007-ci il tarixdə 1753 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsinin 0138 saylı, xx.xx.2025-ci il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 230 saylı evin 103 saylı mənzilində qeydiyyatdır və yaşayır. Ailə tərkibi: qızı – X7. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında mülkiyyətçi ilə yazılı razılaşmasının bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mülkiyyətçinin razılığı kimi şərh olunmuşdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il qərarına əsasən» mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.» Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş materiallarından göründüyü kimi işin mübahisəsiz halları ondna ibarətdir ki, tərəflər arasında 25 dekabr 2007-ci il tarixdə nikah bağlanmış və həmin tarixdən də o zaman iddiaçının atasının, hazırda isə cavabdehin adına olan mübahisəli mənzilə gəlin köçərək orada uzun illər yaşamış, tərəflərin birgə nikahlarından olan uşaqları həmin mənzildə doğulmuş və orada da, yaşayaraq boya-başa çatmışdırlar. İddiaçı 2024-cü ilin noyabr-dekabr aylarına kimi orada yaşamış, daha sonra məcburən yaşadığı ünvanı tərk etmiş, 18 yanvar 2025-ci il tarixdən isə mediasiyaya müraciət edərək, daha sonra məhkəməyə hazırki iddia ilə müracət etmişdir. Göründüyü kimi aralarındakı nikaha xx.xx.2025-ci il tarixdə xitam verilsə də, tərəflər arasında münasibətlər 2007-ci il tarixdə yaranmış və davam etmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilmiş və tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən, iddiaçı mübahisəli mənzildə uzun illər (son dövrədək) orada ailə üzvləri kimi yaşayaraq birgə təsərüfat apardıqlarından və bununla da, İddiaçı azyaşlı övladları X7 və X6 ilə birlikdə cavabdehin ailə üzvü (uşaqları) olaraq, sonuncunun yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə hüquqları yaranmışdır. Belə ki, iddiaçı daimi əsaslarla evi tərk etməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh birgə nikahdan olan hər iki uşağın sözügedən mənzildə yaşamasına etiraz etmir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 4 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülməlidirlər. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir.Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi ondan şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı övladları xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X6 ilə birlikdə ünvan 4 ünvanında yerləşən iki otaqlı mənzilə köçürülsünlər. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar