Məhkəmə qərarları › İş №2(004)-187/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-187/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-187/2022 22.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı, “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 10.08.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı ASC 22.02.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25.06.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3760,92 manat əsas, 3240,56 manat faiz, 3337,83 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 313 manat faiz borcu olmaqla, cəmi 10652,31 manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh1 məxsus ünvan 1, 509 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ünvan 1, 509 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan sonra bir ay ərzində Cavabdeh1 və digər şəxslərin həmin mənzilə istifadə hüquqularının itirilmiş hesab edilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 22.02.2021-ci il tarixdə ərizə ünvanlayaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, eyni zamanda iş dayandırıldığı müddətdə kredit borcunun böyük hissəsinin ödənildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 izahat verərək bildirir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89-20 kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik faiz dərəcəsi 23% faiz ödənilmək şərtilə 20000 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 ilə 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89-20 ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus ünvan 1, 509 saylı mənzil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. İpoteka müqaviləsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına əsas verir. Verilmiş kreditin təminatı olaraq digər borclu Cavabdeh2 və Cavabdeh3 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinə müvafiq olaraq zaminlər borclu Cavabdeh2 və Cavabdeh3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərinə götürmüşdürlər. Lakin borclu hər müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, götürdüyü krediti və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Dəfələrlə bank tərəfindən yazılı və şifahi xəbərdarlıq edilmişdir. Bundan sonra cavabdeh borca müəyyən qədər ödəniş etmiş, lakin borcu tam ödəməmişdir. Bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə borclunun 25.06.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11.02.2022-ci il tarixədək 3760,92 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 3240,56 manat faiz borcu, 3337,83 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 313 manat borc, cəmi isə 10652,31 manat borcu qalmışdır. İddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89-20 kredit müqaviləsinə əsasən, bank borcalana 12 ay müddətinə illik 23% ödəmək şərtilə 20000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan kreditor qismində İddiaçı ASC ilə zamin qismində X4 və borclu qismində Cavabdeh1 arasında bağlanmış 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89- 20 saylı zaminlik müqaviləsinə əsasən X4 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89-20 kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan kreditor qismində İddiaçı ASC ilə zamin qismində X5 və borclu qismində Cavabdeh1 arasında bağlanmış 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89- 20 zaminlik müqaviləsinə əsasən X5 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89-20 istehlak kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.06.2020ci il tarixli, 23-MGZ2-1-0-89-20 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89-20 saylı kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 103,4 m2 olan 509 saylı mənzili bazar dəyəri 135000 manat müəyyən edilməklə bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1, 509 saylı mənzil 25.06.2020-ci il tarixli, 23-MGZ2- 1-0-89-20 saylı kredit müqaviləsinin təminatı kimi mülkiyyətçisi Cavabdeh1 tərəfindən İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. İpoteka ilə yüklülük daşınmaz əmlakın dövlət reyestrində 29.06.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 05.05.2021-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən Cavabdeh1 borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan “bildirişin qeydə alınması haqqında” 07.05.2021-ci il tarixli, ********** nömrəli ərizəyə əsasən İddiaçı ASC tərəfindən Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətini Bakı Ərazi İdarəsinə ipoteka predmeti olan ünvan 1, 509 saylı mənzilə tutmanın yönəldilməsi barədə müraciət edilmişdir. İş materiallarında olan 07.05.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən ********** nömrəli ərizə üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişinə əsasən ********** nömrəli ərizə üçün 30 manat məbləğində xidmət haqqı ödənilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 23.07.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 25.06.2020-ci il tarixli kredit müqaviləsi üzrə 23.07.2021-ci il tarixədək 13460,92 manat əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 2043,05 manat faiz borcu, 786,54 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 52,1 borc, cəmi isə 16342,61 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş 11.02.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 25.06.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3760,92 manat əsas borc, 3240,56 manat faiz borcu, 3337,83 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 313 manat borc, cəmi isə 10652,31 manat məbləğində borcu vardır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 22.12.2021-ci il tarixli 9/7034 saylı rəyinə əsasən iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89-20 saylı kredit müqaviləsinə dair razılaşma şərtləri nəzərə alınmaqla Cavabdeh1 05.08.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 12661,32 manat, faiz borcu üzrə 0 manat təşkil edir. İş üzrə təyin edilmiş əmlakın qiymətləndirilməsi ekspertizası (mütəxəssis rəyinin alınması barədə) üzrə "xxxx" MMC tərəfindən verilmiş 26.11.2021-ci il tarixli, LP-206/21 saylı mənzilin qiymətləndirilməsinə dair hesabata əsasən mənzillərin dəyəri orta bazar qiymətləri əsasında hesablanmışdır. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1, 509 saylı mənzilin likvid dəyəri 140000 manat təşkil edir. İş materiallarında olan qəbzlərlə müəyyən olunur ki, Cavabdeh1 tərəfindən banka 8700 manat məbləğində ödəniş olunmuşdur. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Ekspert rəyindən müəyyən olunur ki, hazırki kredit müqaviləsi üzrə əsas borc 12661,32 manat təşkil edir. Ekspert rəyindən sonra borclu 8700 manat ödəniş etmişdir. 12661,32 manat əsas borcdan 8700 manat ödəniş çıxıldıqda 3961,32 borc qalıq olaraq qalır. Lakin tələb əsas borc üzrə 3760,92 manat olduğundan, məhkəmə qeyd edir ki, əsas borc üzrə 3760,92 manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Həmçinin iddiaçı 3240,56 manat məbləğində faiz borcu tələb etsə də, ekspert rəyinə əsasən Cavabdeh1 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89-20 kredit müqaviləsi üzrə faiz borcu müəyyən edilmədiyindən iddia tələbi cavabdehlərdən 3240,56 manat məbləğində faiz borcunun tutulması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 25.06.2020-ci il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqavilələyə əsasən digər cavabdehlər – zaminlər Cavabdeh2 və Cavabdeh3 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürmüşdür. Belə olan halda məhkəmə qeyd edir ki, yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmin Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqavilələrinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 25.06.2020-ci il tarixli, 23-MGZ2-1-0-89-20 kredit müqaviləsi üzrə 313 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini və kredit müqaviləsinin 2020-ci ilin iyun ayında, yəni ölkə üzrə COVİD19 pandemiyası dövründə bağlandığını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 25.06.2020ci il tarixli, 23-MGZ2-1-0-89-20 kredit müqaviləsi üzrə cərimə borcu əsas borcun 5% həcmində - 188 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin tutulacaq borcun Cavabdeh1 mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Bu Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliyi pozulduğundan, iddiaçının tələbin ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır və bu barədə müvafiq bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Məhkəmə yuxarıda göstərilən qanunvericilik aktlarına və iş materiallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 tutulmalı olan borc Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməli, həmin əmlak ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, bankın kredit tələbi realizə edilmiş əmlakların dəyərindən ödənilməli və borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, “İpoteka haqqında” AR Qanununun tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti məhkəmə qətnaməsində müvafiq olaraq göstərilməlidir. Belə ki, “İpoteka haqqında” AR Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, həmin qiymət də qətnamədə göstərilməlidir. İş materiallarından göründüyü kimi 25.06.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlakın bazar dəyəri 135000 manat məbləğində qiymətləndirilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı "xxxx" MMC tərəfindən ipoteka predmeti olan ünvan 1, 509 saylı mənzilin likvid dəyəri 140000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” AR Qanununa əsasən ipoteka predmetinin ilkin satış qiyməti deyəndə onun bazar dəyəri deyil, likvid dəyəri nəzərdə tutulur. “İpoteka haqqında” AR Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Məhkəmə qeyd edir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakların likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, "xxxx" MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən "xxxx" MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyər) – 140000 manat nəzərə alınmaqla göstərilməlidir. “İpoteka haqqında” AR Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Göstərilən Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini əsas tutalaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən sonra həmin mənzil ən geci 1 ay ərzində boşaldılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə olunacaq məbləğ borcun ödənilməsinə kifayət etməyəcəyi təqdirdə, ödənilməmiş qalan məbləğ ümumi qaydada icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25.06.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3760,92 manat əsas, 188 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 313 manat faiz borcu olmaqla, cəmi 4261,92 (dörd min iki yüz altmış bir manat doxsan iki qəpik) manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı olmaqla, 40 (qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 140000 (yüz qırx min) manat müəyyən edilməklə ünvan 1, 509 saylı mənzilə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada icra edilməli, iş üzrə təyin edilmiş ekspertiza xərcləri cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25.06.2020ci il tarixli kredit müqaviləsi üzrə 3760,92 manat əsas, 188 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 313 manat faiz borcu olmaqla, cəmi 4261,92 (dörd min iki yüz altmış bir manat doxsan iki qəpik) manat borc, bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 30 manat xidmət haqqı olmaqla, 40 (qırx) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş ilkin satış qiyməti 140000 (yüz qırx min) manat müəyyən edilməklə ünvan 1, 509 saylı mənzilə yönəldilsin, mənzil açıq hərracdan satılsın, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh1 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borc ümumi qaydada icra edilsin. ünvan 1, 509 saylı mənzil tutma yönəldikdən və satıldıqdan sonra bir ay ərzində boşaldılsın. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar