Məhkəmə qərarları › İş №2(004)-1876/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1876/2023

06.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1876/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X4, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-1826/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilməsinə, cavabdehdən 06 noyabr 2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödədiyi 50 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00147 saylı barışıq sazişindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı (“Birinci tərəf”) və xx.xx.1989-cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh (“İkinci tərəf”) ailə mübahisəsi zəminində yaranmış “alimentin artırılması tələbi” üzrə mübahisənin həlli istiqamətində, mediasiya reyestrində M-00006 nömrəsi ilə qeydiyyatdan keçmiş, Bakı 18 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə aşağıdakı şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətiləri barədə bu Sazişi imzalamışdırlar:

1. İkinci tərəf Cavabdeh birinci tərəf İddiaçı birgə nikahdan olan hər uşağa görə 220 manat, cəmi 440 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.

2. Mediasiya xərcini 50 manat birinci tərəf ödəyir. Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Məhkəmə qeyd edir ki, tərəflər arasında ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlı mediasiya prosesi nəticəsində razılıq əldə edilərək xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00147 saylı barışıq sazişi bağlanmış və bununla da mübahisə məhkəməyə qədər həll olunmuşdur. Lakin İddiaçı Cavabdeh qarşı eyni tələblə məhkəməyə müraciət edərək, alimentin artırılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməli və iddiaçıya Cavabdeh tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməldir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı Cavabdeh tərəfindən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək hüququna malik olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar