Məhkəmə qərarları › İş №2(004)-1915/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1915/2021

09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1915/2021 09.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə alimentin miqdarını dəyişdirərək, xx.xx.2001-ci il təvəllüdlü X14, xx.xx.2003-cü il təvəllüdlü X9 və xx.xx.2004-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün Cavabdeh 200 (iki yüz) manat cəmi 600 (altı yüz) manat aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 5078/2019 xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2000-ci il tarixdə Nəsimi rayonu Qeydiyyat şöbəsində 483 nömrəli akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, xx xxxxxx 2001-ci il təvəllüdlü X15, xx xxxxxxxx 2003-cü il təvəllüdlü X9 və xx xxxxxx 2004-cü il təvəllüdlü X3 və tərbiyə edilmələri üçün İddiaçı yanında qalması, xx xxxxxx 2001-ci il təvəllüdlü X15, xx xxxxxxxx 2003-cü il təvəllüdlü X9 və xx xxxxxx 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün Cavabdeh 160 (bir yüz altmış) manat, cəmi 480 (dörd yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hesab etmişdir ki, alimentin məbləği 170 manatadək artırılmalıdır. Belə ki, Azərbaycan Respublikasının xx xxxxxx 2020-ci il tarixli 1699-VQ saylı qanunun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, uşaqlar üçün minimum məbləğ 175 manatadək artılırılmışdır. Lakin bu yalnız qanunda nəzrdə tutulan minimum məbləğdir və hazırda uşaqların maddi tələbləri bundan çox yüksəkdir. Odur ki, hesab etmişdir ki, həmin artımı nəzərə alaraq, cavabdehdən hər uşağa görə tutulan aliment məbləği heç olmazsa ən azı 200 manata qaldırılmalıdır. Əlavə olunmuş qətnamədən də görünür ki, cavabdehin buna hər cür imkanı var. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, qızı X15 artıq yetkinlik yaşına çatdığına görə ona aliment ödənilməməlidir. Digər iki övladının saxlanılması üçün hazırda da aliment ödəyir. Bu məbləğdən artıq aliment ödəməyə onun maddi imkanı yoxdur. Hal-hazırda səhhəti ilə əlaqədar heç bir yerdə işləmir. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 553767 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2004-cü il tarixdə 2022 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2003-cü il tarixdə verilmiş AZ-İ seriyalı 377078 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və xx xxxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxxx 2003-cü il tarixdə 152 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5078/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, aliment və əmlak bölgüsü” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxxx 2000-ci il tarixdə Nəsimi rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 483 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx xxxxxx 2001-ci il təvəllüdlü X10, xx xxxxxxxx 2003-cü il təvəllüdlü X5 və xx xxxxxx 2004-cü il təvəlüdlü X7 anaları İddiaçı yanında saxlanılması, Cavabdeh 26 iyul 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2001-ci il təvəllüdlü X10, xx xxxxxxxx 2003-cü il təvəllüdlü X5 və xx xxxxxx 2004-cü il təvəlüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin (bundan sonra – AM) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-cu il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq ilk öncə onu qeyd edir ki, tərəflərin birgə nikahından xx xxxxxx 2001-ci il tarixdə anadan olmuş X15 artıq yetkinlik yaşına çatdığından ona münasibətdə cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması (və ya miqdarının artırılması) mümkün deyildir. Çünki, Ailə Məcəlləsinin 80-ci maddəsi ilə müəyyən edilmişdir ki, yetkinlik yaşına çatmış şəxslər yalnız əmək qabiliyyəti olmadıqda və maddi yardıma ehtiyacı olduqda valideynləri onları saxlamağa borcludurlar. Hazırki işdə isə iddiaçı bu hallara istinad etmədən, sadəcə qızı X10 ali məktəbi bitirənədək onun saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etmişdir. Odur ki, məhkəmə hesab edir ki, X12 münasibətdə alimentin məbləğinin artırılması hissəsində iddia əsassız olduğundan təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından xx xxxxxxxx 2003-cü il tarixdə anadan olmuş X6 və xx xxxxxx 2004-cü il tarixdə anadan olmuş X11 münasibətdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalıdır. Belə ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (160 manat) isə hazırda uşağın saxlanılması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Çünki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 2 ilə yaxın müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, X5 və X4 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən uşaqların saxlanılmaları üçün iddiaçının xeyrinə tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarında, yəni hər ay hər iki uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməlidir. Cavabdeh izahatında işləmədiyini və maddi imkanının olmadığını əsas gətirərək alimentin artırılmasına etiraz etsə də, məhkəmə hesab edir ki, valideynin işləməməsi və ya qazancının məbləği onun uşağını saxlamaq vəzifəsindən azad edilməsinə əsas vermir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, işləmək və hər ay hər uşağa görə 175 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 11 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə məhkəmə, işdə olan sübutlara məcmu halda qiymət verərək, Cavabdeh hər ay hər uşaq üçün 160 manat, ümumilikdə 480 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2 ilə yaxın müddət keçdiyini, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 175 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5078/2019 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx xxxxxxxx 2003-cü il təvəllüdlü X5 və xx xxxxxx 2004-cü il təvəlüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşaq üçün 175 manat, ümumilikdə 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 227, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5078/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx xxxxxxxx 2003-cü il təvəllüdlü X5 və xx xxxxxx 2004-cü il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx xxxxxxxx 2003-cü il təvəllüdlü X5 və xx xxxxxx 2004-cü il təvəllüdlü X1 üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 11 (on bir) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar