Məhkəmə qərarları › İş №2(004)-1937/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1937/2024

22.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1937/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan xx.xx.2023-cü il tarixli, 2(004)-1469/2023 saylı qətnaməyə əsasən 210 manat alimentin məbləğinin artırılaraq hər ay 240 manat sabit pul məbləğinin və mediasiya sessiyası üçün ödənilmiş 50 manat rüsumun 50 faizini (25 manat) və İMS xərci üçün ödənilmiş 10 manat rüsumun 50 faizini (5 manat) Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(004)-1469/2023 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 210 (iki yüz on) manat pul məbləğində alimentin tutularaq İddiaçı Ödənilməsi qət edilmişdir. Halhazırda övladının 6 yaşı var. Cavabdeh alimentdən əlavə heç bir maddi yardım etmir. Övladı ilə ümumiyyətlə maraqlanmır. Qeyd etmişdir ki, cavabdehin yetərincə yaxşı maddi imkanı var. Xırdalan şəhərində “Bizim ev” mebel şəhərciyində böyük mebel mağazası var və aylıq gəliri yetərincə yüksəkdir. Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış həmin qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də görə iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq, iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçi İddiaçı 2(004)-1937/2024 saylı iş üzrə alimentin artırılması tələbinə aid onu məhkəməyə vermişdir. Bu iş dövlətimizin artırdığı aliment məbləği sayəsində bu iş hər il təkrarlanır və iddiaçı da bunu fürsətə çevirir. O, hər il məhkəmə prosesi görməkdən çox yorulmuş və bu iş ona mənəvi psixoloji təsir edir və hər il də eyni mövzü haqqında iddiaçını görmək məcburiyətində qalır. Bu insan ona vaxtı ilə böyük nevroloji problemlər yaşatdı və uşağını ona göstərməməklə psixologiyasına ağır travma vurdu. Bu işə Nizami Rayon Məhkəməsinin və Apellyasiya Məhkəməsinin qərarı sübutdur və iddiaçı vaxtı ilə 500 manat məbləğində inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati məsuliyyətdən dərs almayan iddiaçı bu günə qədərdə anası X3 ilə (uşaqın nənəsi sayılır) uşağının psixologiyasına təsir edirlər və uşağı atasına qarşı soyuq münasibət yaratdırırlar və iddiaçı öz düşüncəsinə görə uşağına nə layiq ifadələr öyrədib hər görüşdə onu təhqir etdirir. O, belə düşünür ki, belə insanlar nəinki aliment almağa, heç ana olmağa hüquqları yoxdur və belə insanlar valideynlik hüquqlarından məhrum edilməlidirlər. Çünki bu həyatda ən böyük psixoloji travmanı valideynlərin probleminə görə uşaqlar alır və heç kimin də belə bir hüququ yoxdur ki, uşaqı öz atasından məhrum etsin. Həmçinin ailədə bir tək o, işlədiyinə görə bütün maddi problemləri çox çətinliklə qarşılayır. Hər ay onun qazancı qeyri müntəzəm, dəyişən olduğu üçün alimentdən əlavə xərclər ödəyir. Məsələn banka əvvəl ki, kredit borcu 5500 manat və yeni kredit borcu 7700 manat olduğuna görə, hər ay 286 manat+400 manat= 686 manat cəmi məbləğ ödəyir. Sonra işlədiyi yerin icarə haqqı 324 manat, vergi xərcləri və satıcılarının maaşı, evinin kommunal xərcləri, xəstə anasının, özünün müalicə xərcləri və tələbə qardaşının xərcləri və s. Hər ay qaçılmaz maddi problemlərlə qarşılaşır. Lakin iddiaçı ona həmişə böhtan atır guya ayda 10 min manat pul qazanır və o, alimenti artırmaq üçün məhkəməyə həmişə yalan ifadə verir və bu yalanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsinə gətirib çıxarır və iddiaçının belə bir sübutu olmadığı üçün o məsuliyətə cəlb olunmalıdır. İddiaçı həmişə istəyir ki, bütün maddi problemlərin ona yükləsin özüdə asan yolla alimentin alıb rahat yaşasın. O pula görə əvəllər də məhkəmələrdə hər yalan vasitəsinə əl atıb, indidə bu yolla davam edir. O, elə düşünür ki, o uşağı bir ana kimi yox, özünə əlavə maddi gəlir yeri kimi saxlayır. Əgər bu insanın həqiqətən pula ehtiyacı olsa bütün keçmiş məhkəmə proseslərində demiş və indi də məhkəmənin şahidliyi ilə deyir, uşağı maddi çətinliyə görə anası əgər saxlaya bilmirsə könüllü şəkildə atasına versin. O, öz uşağını qəbul edir və o, onun kimi heç bir aliment tələbi, maddi yardım da istəmir. Yuxarıda göstərilənlərə əsasən, iddiaya etiraz etdiyini, məhkəmədən iddiaçının bu iddiasının əsasız olduğu üçün onun aliment tələbinin təmin olunmamasını və aliment məbləği artırılmadan əvvəlki, 210 manat məbləğində saxlanılmasının istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh onun xeyrinə hər ay 210 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bildirmişdir ki, hal-hazırda uşaq məktəbə gedir və onun aldığı aliment heç nəyə bəs etmir. Hal-hazırda yaşayış minimumu uşaqlar üçün 2024-cü il üçün 235 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 210 (iki yüz on) manat aliment məbləğini hazırki halda uşağın mənafeyinə uyğun hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 60 manat məhkəmə məsrəfinin (50 manat mediasiya xərci və 10 manat İSM) 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1469/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçı tərəfindən ödənilmiş 60 manat məhkəmə məsrəfinin (50 manat mediasiya xərci və 10 manat İSM) 30 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar