Məhkəmə qərarları › İş №2(004)-1943/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1943/2021

23.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1943/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə 09.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilən yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 58 nömrəli mənzilin təmirinə çəkilən 60000 manat xərcin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, iddiaçı 03 mart 2015-ci il tarixdə Bakı şəhəri, ünvan 2 ünvanında inşa edilən yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 58 nömrəli mənzilə dair müqavilə bağlayaraq əldə etmişdir. Mənzili əldə etdikdən sonra mənzil yarıtikili vəziyyətdə olduğundan iddiaçı tərəfindən mənzildə təmir işlərinə başlanılmış və ora ümumilikdə 60000 manat məbləğində xərc çəkilərək müasir standartlarda təmir olunmuşdur. Mənzil yaşayışa hazır vəziyyətdə olarkən məlum olmuşdur ki, mənzilə görə Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsində mülki iş başlanmışdır. Elə həmin məhkəmə iclasında mənzilin Cavabdeh ilə X2 arasında bağlanan 31 may 2006-cı il tarixli müqavilə əsasında Cavabdeh satıldığı üzə çıxmışdır. Məhz buna görə də sonuncu məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2017-ci il tarixli 2(103)- 947/2017 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin çıxardığı qətnamə ləğv edilmiş, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmışdır. Həmin qətnamədən cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24.08.2017-ci il tarixli qərarı ilə şikayət təmin edilərək iş baxılması üçün yenidən apellyasiya instansiyasına geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30.07.2018-ci il tarixli 2(103)-1659/18 qətnaməsinə əsasən, iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən bu qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18.01.2019-cu il tarixli qərarı ilə qətnamə ləğv edilmiş, iş baxılması üçün yenidən apellyasiya instansiyasına geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli 2(103)-2710/19 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin çıxardığı qətnamə ləğv edilmiş, iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmışdır. Həmin qətnamədən tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına Kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2020-ci il tarixli 2(102)-2439/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, iş üzrə çıxarılan qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, əvvəlki məhkəmə gedişi zamanı yerli baxış keçirilərkən həmin yerli baxışda o da iştirak etmişdir. Həmin vaxt mənzildə təmir işlərinin aparılması üçün materiallar gətirilsə də hələ təmir işləri başlanmamışdı. İddiaçının məhkəmə çəkişməsini getdiyini bildiyi halda mənzili təmir etdirməsi düzgün deyildi. Eyni zamanda iddiaçı həmin mənzili təmirdən sonra 2-3 il kirayəyə vermişdir, dəfələrlə həmin mənzildə kirayəçi görmüşdür. Mənzilin iddiaçı tərəfindən təmir olunmasını etiraf edir, lakin bilririr ki, iddiaçı mənzili təmir etməməli idi. Orada 40000 manatlıq xərc yoxdur. Ümumiyyətlə iddiaçının özünün olmayan əmlakı təmir etməsi düzgün deyildi, bunun nəticəsinə də özü cavabdehdir. İddiaçı etdiyi təmir işlərində xərclənən materialları və sökülə bilən digər əşyaları götürə bilər. İddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli 2(103)-2710/19 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı ilə “X5” MMC-nin direktoru X3 arasında bağlanmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 165 m2 olan 58 nömrəli mənzilin alğl-satqısına dair 03.03.2015-ci il tarixli, 13 saylı müqavilə etibarsız hesab edilərək cavabdeh İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 165 m2 olan 58 nömrəli mənzildən çıxarılmışdır. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-398/2016 saylı, 14.10.2016-cı il tarixli qətnaməsinə əsasən ünvan 4 ünvanında keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, tərəflər binanın sağından sola hesablanmaqla 3-cü blok, 2ci mərtəbə, pilləkəndən qalxdıqda sağ tərəfdə yerləşən mənzili mübahisələndirirlər. Müəyyən olunmuşdur ki, həmin mənzil hal-hazırda İddiaçı sahibliyindədir, mənzildə təmir işləri yekunlaşmaq üzrədir. Mərtəbədə iki mənzil var. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 02.07.2021-ci il tarixli 10/1465 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 58 saylı mənzilin üzrə yerinə yetirilmiş təmir-bərpa işlərinin dəyəri təqribən 40328 manat məbləğində olduğu müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 165 m2 olan 58 nömrəli mənzil əvvəlcə iddiaçının sahibliyində və istifadəsində olmuş, lakin daha sonra məhkəmə qətnaməsi ilə iddiaçının həmin mənzilə dair müqaviləsi etibarsız hesab edilərək iddiaçı mənzildən çıxarılmışdır. Hazırda iddiaçı mübahisəli mənzilin təmir-bərpa işlərinə çəkilmiş xərclərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdehin nümayəndəsi və vəkili isə izahatında mübahisəli mənzilin təmir işlərinin sonradan yekinlaşdırıldığını və iddiaçı həmin mənzildə təmir işləri apararmağa yeni başlayanda cavabdeh tərəfindən dayandırılması barədə xəbərdar olunduğunu bildirir. Lakin iş materiallarında olan məhkəmə qətnaməsi ilə müəyyən olunur ki, yerli baxış zamanı artıq mənzildəki təmir işləri yekunlaşmaq üzrə olmuşdur. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehdən 40328 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh təmir xərci olan 40328 (qırx min üç yüz iyirmi səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən tikinti-texniki ekspertizasının xərci olan 50 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında inşa edilən yaşayış evinin 3-cü blokunun 2-ci mərtəbəsində yerləşən 58 nömrəli mənzilin təmirinə çəkilən 40328 (qırx min üç yüz iyirmi səkkiz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar