Məhkəmə qərarları › İş №2(004)-1953/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1953/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1953/2024 15.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh mülkiyyətçisi olduğu mənzildə qanunsuz yaşamasına görə dəymiş zərərin əvəzi kimi 2008-ci ilin yanvar ayından 2012-ci ilin iyun ayınadək ümumilikdə 54 ay üçün - (2008,2009,2010,2011 illəri üzrə tam, 2012-ci il üzrə isə 6 ay) hər ay 500 manat hesablanılmaqla ümumilikdə 27.000 manat məbləğində pul vəsaitinin və illik 5 faiz həcmində əldən çıxmış faydanın əvəzinin qətnamə icra olunan günədək hesablanılmaqla tutulub ona ödənilməsi həmçinin ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsi 2(004)-371/2012 saylı qətnaməsinə əsasən, “İddiaçı cavabdehlər X6, X11, Cavabdeh, üçüncü şəxs "xxxx" MTK-ya qarşı kooperativ pay üzrə vərəsəliyin və mülkiyyət hüququnun müəyyən edilməsinə, kənar şəxslərin evdən çıxarılmasına dair iddia tələbinin qismən təmin edilməsi, İddiaçı mirasın qəbul edilmə faktının müəyyən edilməsi, İddiaçı Aidə Yahya qızı Yayayevadan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 58 nömrəli kooperativ evin 26-cı mənzilin 1/3 hissəsi kooperativ pay hüququnun tanınması, Aidə Yahya qızı Yahyayevadan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 158 nömrəli kooperativ evin 26-cı mənzilin 2/3 hissədə kooperativ pay hüququnun açıq saxlanılması, X8, ailə üzvləri X16 və X4 ünvan 2 nömrəli koperativ evin 26-cı mənzilindən çıxarılması, Aydın Rəhman oğlun X5 Yahyayevaya qarşı kooperativdə olan payın müəyyən edilməsinə, orderin və mənzilin kirayə müqaviləsinin dəyişdirilməsinə və kənar şəxslərin qeyri-qanuni müdaxilələrinin qadağan edilməsinə dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsini” qət etmişdir. Bildirir ki, Cavabdeh Bakı şəhərində mənzillərin alqı-satqısı və kirayə verilməsində qeyri-rəsmi vasitəçilik fəaliyyəti ilə məşğul olduğu vaxt 2007-ci ilin yanvar ayında yaşadıqları evə kirayəçi tapmaq üçün ona müraciət etmiş mərhum bacısı X18 ilə tanış olub, sonuncunun yaşadığı evə mütəmadi gedib-gələrək orada onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuş, bu münasibətdən istifadə edib Aidə Yahyayevanın adına sənədləşdirilmiş, faktiki olaraq bacısı İddiaçı məxsus ünvan 2 saylı binanın 26 saylı 4 otaqlı mənzili və Aidə Yahyayevanın yaşadığı ünvan 1 ünvandakı evi ələ keçirib satmaq istədiyindən, onun bu hərəkətlərinə həmin evdə yaşayan Aidə Yahyayevanın bacısı X13 narazılıq etmiş və bacısı Aidə Yahyayevadan ondan ayrılmağı, onu evə gətirməməyi, evdən qovmağı tələb etmiş, bu barədə Türkiyə Respublikasında yaşayan bacısı olaraq ona-İddiaçı telefonla bildirmiş, 2007-ci ilin noyabr ayında Bakı şəhərinə gəlmiş, bu hərəkətlərinə görə bacısı Aidə Yahyayeva ilə mübahisə etmiş və Cavabdeh da qanunsuz hərəkətləri barədə Bakı şəhəri, Yasamal rayonu, 29-cu Polis Bölməsinə müraciət etmiş, bununla bağlı şöbədə araşdırma aparılmış, Nazilə və İndira Yahyayeva bacıları, həmçinin onlarla bir evdə yaşayan mərhum qardaşlarının qızı X7 onun bu qanunsuz hərəkətləri barədə izahat vermiş, araşdırma zamanı ondan bir daha həmin evə getməmək barədə iltizam alınmasına baxmayaraq, 2008-ci ilin avqust ayının sonlarında yenidən Aidə Yahyayevanın evinə gedib-gəlmiş, həmin vaxt xəstələnmiş və «kəskin sensor polineyropatiya, kəskin ağrı sindromu, bel-oma fəqərələrinin osteoxondrozu, bel-oma radikulopatiyası» diaqnozu ilə 09 sentyabr 2008-ci il tarixdən 27 sentyabr 2008-ci il tarixə kimi Bakı şəhəri, F.Əfəndiyev adına 4 saylı kliniki xəstəxananın sinir xəstəlikləri şöbəsində stasionar müalicədə olmuş, Nazilə və İndira Yahyayevaların onu qəsdən öldürmək məqsədilə zəhərlədikləri barədə yanlış qənaətə gəlmiş, bu səbəbdən də onlardan qisas almaq, həmçinin tamah məqsədi ilə Aidə Yahyayevanın adına sənədləşdirilmiş, faktiki olaraq bacısı İddiaçı məxsus ünvan 2 saylı binanın 26 saylı 4 otaqlı mənzili ələ keçirib satmaq üçün Samirə Yahyayeva və Aidə Yahyayevanı zəhərləyərək qəsdən öldürmək niyyəti ilə 2008-ci ilin oktyabr ayının təxminən 7-də istintaqla müəyyən edilməmiş mənbədən qanunsuz olaraq əldə etdiyi antidepressiv qrupuna aid olan «Finlepsin», «Amitriptilin» və digər naməlum etologiyalı dərman preparatlarını Aidə Yahyayevanın yaşadığı evə gətirmiş və onları aldadaraq guya bu dərman pereparatlarının qəbul edilməsi gecələr rahat yatmağa kömək etdiyini, özünün də həmin dərman pereparatlarını qəbul etdiyini yalandan bildirmiş, Samirə Yahyayeva və Aidə Yahyayeva onun verdiyi həmin dərman pereparatlarını qəbul etdikdən sonra onlar 10 oktyabr 2008-ci il tarixdə təcili yardım tərəfindən kəskin dərman zəhərlənməsi diaqnozu ilə Bakı şəhəri, M.Ə.Əfəndiyev adına 2 saylı Kliniki xəstəxananın toksikologiya mərkəzinə yerləşdirilmiş, Samirə Yahyayeva 14 oktyabr 2008-ci il tarixdə xəstəxananın reanimasiya şöbəsində ölmüş, Aidə Yahyayevanın səhhəti ağır olduğundan həkimlər 18 oktyabr 2008-ci il tarixdə onu reanimasiya şöbəsinə köçürmək istəmiş, o, özünü xəstənin qohumu kimi təqdim edərək buna imkan verməmiş, Aidə Yahyayevanın səhhətinin ağır olduğundan öləcəyinə əmin olmuş və bundan tələsik istifadə edərək Aidə Yahyayevanın adına olan 175.000 manat dəyərində həmin mənzili qohumu X3 150.000 ABŞ dollarına almağı təklif etmiş, sonuncunun razılığından sonra 16 oktyabr 2008-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, 19 saylı Notariat Kontorunun dövlət notariusu X1 həmin xəstəxanaya aparmış, orada Aidə Yahyayevadan həmin mənzilə sərəncam vermə, satma, bağışlama, dəyişmə hüquqlarını ona etibar etməsi barədə etibarnamə almış, 17 oktyabr 2008-ci il tarixdə etibarnaməni təqdim edib mənzili 150.000 ABŞ dollarına, həmin dövrün rəsmi məzənnəsi ilə 120.000 manata qohumu X3 qeyri-rəsmi satmış, əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmiş, Aidə Yahyayeva 21 oktyabr 2008-ci il tarixdə öldüyündən həmin etibarnamənin qüvvəsinə xitam verilmiş, bu səbəbdən də mənzili Mafəddin Sultanova satması barədə alqı-satqı müqaviləsini notariat qaydasında təsdiqlədə bilmədiyindən qanunsuz olaraq öz ailəsini həmin mənzilə yerləşdirmiş, bununla da iki şəxsi, Samirə Yahyayeva və Aidə Yahyayevanı tamah məqsədi ilə qəsdən öldürmüşdür. xx.xx.2014-cü il tarixli, 1(101)-137/2014 saylı hökmündən məhkumluq barədə Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının icraatında baxılaraq xx.xx.2022-ci il tarixli, 1(103)-28/2022 saylı aşağıdakı məzmunla qərar qəbul edilmişdir: “Cavabdeh müdafiəçisi X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair 20 oktyabr 2014-cü il tarixli hökmü ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə bəraət verilsin. Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Cavabdeh cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)- 691/2023 saylı qərarı ilə Cavabdeh barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qeyd edir ki, ünvan 2 ünvanında yerləşən 26 saylı mənzil ona - İddiaçı məxsusdur. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(004)-371/2012 saylı qətnaməsinə əsasən 2012-ci il tarixində evdən çıxarılmışdır. Çıxarılanadək 2008-ci ilin 1-ci ayından orada yaşamış, daha sonra bacısı mərhum X15 öldürərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırda hesab edir ki, 2008-ci ildən 2012ci ilədək qanunsuz şəkildə evdə yaşadığına görə orta bazar dəyərinə əsasən kirayə haqqı tutularaq ona verilməlidir. Belə ki, həmin dövrlər üçün kirayə haqqını konkret müəyyən etmək mümkün olmasa da hazırda orada həmin mənzilin kirayə dəyəri 1000 manatdır. Həmin dövlər üçün də 500 manat ortalama kirayə haqqı nəzərdə tutulur. 2008-ci ilin yanvar ayından 2012-ci ilin iyun ayınadək (qətnamə icra edilən tarixədək) ümumilikdə 54 ay üçün - (2008, 2009, 2010, 2011 illəri üzrə tam, 2012-ci il üzrə isə 6 ay) hər ay 500 manat hesablanılmaqla 27.000 manat məbləğində pul vəsaitinin və illik 5 faiz həcmində əldən çıxmış faydanın əvəzinin qətnamə icra olunan günədək hesablanılmaqla tutulub ona ödənilməsini zəruri hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, cavabdeh mənzili 2013-cü ilin iyun-iyul aylarında boşaltmışdır. İddiaçı uzun müddət ölkə xaricində olduğundan, daha sonra səhhətində problemlər olduğundan bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. Sözügedən mənzil əslində ona məxsus olmuşdur, yaxın münasibətdə olduğu və iddiaçının bacısının adına rəsmiləşdirmişdir. X25 vəfat etdikdən sonra onun bacıları İddiaçı və İndira Yəhyayeva tərəfindən ələ keçirilmişdir və onların böhtan xarakterli ərizələri əsasında o qanunsuz məhkum edilmişdir. Uzun müddətdən sonra bəraət almışdır. Həmçinin iddia ərizəsi 12 il sonra məhkəməyə verilmişdir. Ümumi iddia müddəti 10 ildir. Bu barədə ərizəsi 15 aprel 2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. İddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014cü il tarixli 1(101)-137/2014 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona ömürlü azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və Cavabdeh cəzasının həbsxanada çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 24 may 2013-cü il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 1(103)-17/2016 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli 1(101)-137/2014 saylı hökmünün dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli 1(102)- 1529/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 18 yanvar 2016-cı il tarixli 1(103)-17/2016 saylı qərarı ləğv edilərək cinayət işinə baxılması üçün apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 1(103)-15/2019 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli 1(101)- 137/2014 saylı hökmünün dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 1(102)- 295/2021 saylı hökmünə əsasən Bakı Apellyasiya Məhkəməsinin 16 aprel 2019-cu il tarixli 1(103)-15/2019 saylı qərarı ləğv edilərək cinayət işinə baxılması üçün apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(103)-28/2022 saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2014-cü il tarixli 1(101)- 137/2014 saylı hökmü ləğv edilərək Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 1(102)-691/2023 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 1(103)- 28/2022 saylı hökmünün dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, İddiaçı mirası qəbul edilmə faktının müəyyən edilməsi, İddiaçı X9 miras qalmış Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 158 nömrəli kooperativ evin 26-cı mənzilinin 1/3 hissəsinə kooperativ pay hüququnun tanınması, X9 miras qalmış Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 158 nömrəli kooperativ evin 26-cı mənzilinin 1/3 hissəsinə kooperativ pay hüququnun açıq saxlanılması, Cavabdeh ailə üzvləri X16 və X2 Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 158 nömrəli kooperativ evin 26-cı mənzilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 mart 2023-cü il tarixli 2(102)- 937/2013 saylı qərarına əsasən, İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 08 oktyabr 2012-ci il tarixli qətnaməsi qismən İddiaçı iddiasının rədd olunması hissəsində ləğv edilərək iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 oktyabr 2014-cü il tarixli 2(102)- 3912/2014 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 19 iyun 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 19 iyun 2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh ailə üzvləri X16 və X2 Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 158 nömrəli kooperativ evin 26-cı mənzilindən çıxarılması qət edilmişdir. Son olaraq isə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 19 iyun 2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin mübahisəli mənzildə 2008-ci ilin yanvar ayından 2012-ci ilin iyun ayınadək yaşaması iddia ərizəsindən müəyyən edilir. İddiaçı izahatında 2013-cü ilin may ayından cavabdehin həmin mənzili tərk etməsini bildirmişdir. Cavabdeh isə 2012-ci ildən mənzili tərk etdiyini qeyd etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, cavabdeh iddiaçının bacısı Aida Yahyayeva ilə yaxın münasibətdə olmaqla onunla birlikdə mübahisəli evdə yaşamışdır. Aida Yayhayeva 14 oktyabr 2008-ci il tarixdə vəfat etmişdir. X9 miras qalmış Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 158 nömrəli kooperativ evin 26-cı mənzilinin 1/3 hissəsinə iddiaçının kooperativ pay hüququ tanınmışdır. Göründüyü kimi cavabdehin miras əmlakda hüquqi əsas olmadan yaşaması ona Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 fevral 2012-ci il tarixli qətnaməsi, eləcə də Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 19 iyun 2013-cü il tarixli qətnaməsi ilə məlum olmuş və həmin vaxtdan da evi tərk etmişdir. Belə olan halda, cavabdehin sözügedən mənzildə hüquqi əsas olmadan yaşaması məhz məhkəmə qərarı ilə cavabdehə məlum olduğundan, ondan əvvəlki yəni 2008-2012-ci illər ərzində müvafiq kirayə haqqı ödənilməsi barədə iddia tələbi əsaslı hesab edilməməlidir. Belə ki, məhkəmə qərarını icra etmədən cavabdehin mübahisəli mənzildə qanunsuz yaşaması müəyyən edilmir. Yəni cavabdeh yekun məhkəmə qərarını icra edərək mənzili tərk etmişdir və həmin məhkəmə qərarı əsasında onun mənzildən çıxarılması qət edilmişdir. Məhkəmə, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, müvafiq iddia tələbi iddiaçı şəxs tərəfindən sübut edildiyi təqdirdə belə, iddia ərizəsi verilərkən ümumi iddia müddəti (10 il) ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən iddia rədd edilməlidir. Belə ki, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, 2013-cü ilin iyun-iyul aylarında cavabdeh mənzili boşaltmışdır. İddiaçıya hüququnun pozulduğu 22 fevral 2012-ci il tarixdə, ən son halda isə Bakı Apellyasiya Məhkəməsinin iş üzrə 19 iyun 2013-cü il tarixli qətnaməsi ilə və özünün də izahatında qeyd etdiyi kimi 2013-cü ilin iyun-iyul ayında məlum olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2-ci maddəsinə əsasən, aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başqa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzildə qanunsuz yaşamasına görə dəymiş zərərin əvəzi kimi 2008-ci ilin yanvar ayından 2012-ci ilin iyun ayınadək ümumilikdə 54 ay üçün hər ay 500 manat hesablanmaqla, ümumilikdə 27000 manat məbləğində pul vəsaitinin və illik 5% həcmində əldən çıxmış faydanın əvəzinin qətnamə icra olunan günədək hesablanılmaqla tutulması barədə iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildə qanunsuz yaşamasına görə dəymiş zərərin əvəzi kimi 2008-ci ilin yanvar ayından 2012-ci ilin iyun ayınadək ümumilikdə 54 ay üçün hər ay 500 manat hesablanmaqla, ümumilikdə 27000 manat məbləğində pul vəsaitinin və illik 5% həcmində əldən çıxmış faydanın əvəzinin qətnamə icra olunan günədək hesablanılmaqla tutulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar