Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2/2022 19.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X4 oğlunun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" QSC, Cavabdeh1 və Nümayəndə4 və Nümayəndə3 “Günay Petrol” Tam Ortaqlığına qarşı sığorta ödənişi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC 23.08.2013-cü il tarixində cavabdehlər "xxxx" QSC-yə və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, 9760 manat sığorta ödənişinin, 30,4 manat dövlət rüsumunun, cəmi 9790,4 manat pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 03.10.2013-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət əsasında icraat 14 sentyabr 2021-ci il tarixdə təzələnmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16.03.2010-cu il tarixdə, "xxxx" QSC-yə məxsus '‘İsuzu Boqdan” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə edərkən “Yol hərəkəti haqqında'" Azərbaycan Respublikası Qanununun tələblərini pozmuş və nəticədə “BakıSığorta" ASC-də sığortalanmış “Honda Accord 2,4” markalı, **- VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 9.760 məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası DİN Xətai RPİ-nin 24.03.2010-cu il tarixli 9/11-3201 saylı arayışına və DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib olunmuş X5 215817 saylı protokola əsasən, Cavabdeh1 YNH-də zərər vuran şəxs qismində iştirak etmiş və nəticədə onun zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Q 6650 saylı, 25.07.2013-cü il tarixli məktubuna əsasən “İsuzu Boqdan” markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobilin "AG LİZİNG” QSC-nin adında qeydiyyatda olduğu bildirilmişdir. Xətai Rayon Məhkəməsi tərəfindən yol nəqliyyat hadisəsi ilə bağlı işə 17.03.2012-ci il tarixdə baxılaraq X5 inzibati icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. Xətai Rayon Məhkəməsinin 17.03.2012-ci il tarixli X5 Qərarına əsasən Cavabdeh1 İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsinə əsasən təqsirli bilinmiş, lakin həmin Məcəllənin 367.0.6-cı maddəsinə əsasən X5 işə baxılan vaxt Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş müddət başa çatdığından X5 icraata xitam verilmişdir. Cavabdeh1 İXM-nin 152.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə etmişdir. "xxxx" QSC avtomobili onu idarə etmək hüququ olmayan şəxsə verməklə İXM-nin 152-3-cü maddəsinin tələblərini pozmuşdur. Buna görə də, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün həyata keçirdiyi 9.760 manat sığorta ödənişinin məbləğini cavabdehlərdən tələb etmək hüququna sahib olmuşdur. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təklükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Buna görə də, qanunvericiliyin tələblərinə əsasən, "xxxx" QSC yol nəqliyyat hadisəsi zamanı “İsuzu Boqdan” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə vurulmuş zərərə görə həmin avtomobilin mülkiyyətçisi kimi məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Nümayəndə4 və Nümayəndə3 “Günay Petrol” Tam Ortaqlığının iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 01.04.2022-ci il tarixli protokol qərardadı ilə Nümayəndə4 və Nümayəndə3 “Günay Petrol” Tam Ortaqlığı mülki iş üzrə cavabdeh qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, sığorta hadisəsi iştirakçısı olmuş **-TE-*** dövlət qeydiyyat nişanlı “İSUZU BOQDAN" markalı sərnişin avtobusunun “AGLizinq" QSC-nin mülkiyyətində olmasına baxmayaraq “AGLizinq" QSC lizinq fəaliyyətini həyata keçirən bir şirkətdir. Ona görə də şirkətin mülkiyyətində çoxlu sayda daşınar və daşınmaz əmlak mövcuddur. Hazırkı sərnişin avtobusu da lizinq müqaviləsinə əsasən “AGLizinq" QSC-nin adına rəsmiləşdirilmişdir. Sığorta hadisəsi iştirakçısı olmuş avtobusu sığorta hadisəsi baş verdiyi 16 mart 2010-cu il tarixində L-145/09 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən “Günay Petrol” şirkətinin sahibliyində və istifadəsində olmuşdur və həmin lizinq müqaviləsi 02 dekabr 2021-ci il tarixində Yasamal Rayon Məhkəməsinə təqdim edilmişdir. 16 noyabr 2009-cu il tarixli L-145/09 saylı daxili maliyyə lizinq müqaviləsinin 11.2-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti Lizinq alan daşıyır. Cavabdeh3 QSC cavabdeh şəxs kimi cəlb edilə və ya iddia tələbi cavabdeh şəxs qismində Cavabdeh3 QSC-yə yönəldilə bilməz. Həmçinin Cavabdeh1 ilə münasibətdə 16 noyabr 2009-cu il tarixli L-145/09 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə lizinq şirkətinin mülkiyyətində olan “İSUZU BOQDAN” markalı sərnişin avtobusunun idarə edilməsinə dair və ya onun sahiblik və istifadəsinə verilməsinə dair hər hansı bir razılaşma (müqavilə və s.) arxiv sənədlərində rast gəlinməmişdir. Həmin şəxs tərəfindən avtobus məlum olmayan əsaslarla idarə edilmişdir. Qeyd olunan müqavilənin 9.2-ci bəndində nəzərdə tutulmuşdur ki, lizinq alan lizinq obyektini satmaq, həmçinin onun özgəninkiləşdirilməsinə yönəldilmiş digər hərəkətlər etmək hüququna malik deyildir. Həmin müqavilənin 9.3-cü bəndinə əsasən isə lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini sublizinqə və ya kirayəyə verə, müqavilə ilə müəyyən edilmiş hüquq və vəzifələrini üçüncü şəxslərə verə, lizinq obyektini əvəzsiz istifadəyə verə bilər. Avtomobil hansısa yolla üçüncü bir şəxs - Cavabdeh1 sahibliyinə verilmiş, sonuncu tərəfindən yol nəqliyyat hadisəsi törədilərək zərər vurulmuşdur. Beləliklə iddiaçı təşkilat Cavabdeh3 QSC-ni də cavabdeh şəxs kimi iddia tələbində göstərsə də, Cavabdeh3 QSC ilə “Günay Petrol” şirkəti arasında bağlanmış lizinq müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Lizinq obyektinə mülkiyyət hüququ Lizinq verəndə qalmaqla müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana keçməklə həmin müqavilənin şərtlərinə görə lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə görə məsuliyyət lizinq alanın üzərinə düşür. Odur ki, Cavabdeh3 QSC heç bir cavabdehlik daşımamaqla bütün məsuliyyət Lizinq alanda olmaqla iddia tələbi cavabdeh şəxs kimi qoyulmuş Cavabdeh3 QSC-yə yönəldilə bilməz. Yuxarıda şərh edilənləri və qanunvericiliyin tələblərini, həmçinin Cavabdeh3 QSC-nin bununla əlaqədar cavabdehlik daşımamadığını və bütün məsuliyyətin lizinq alanın üzərinə düşdüyünü nəzərə alaraq, dəymiş ziyanın da lizinq alandan tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər “Nümayəndə4 və Nümayəndə3 GÜNAY-PETROL Tam Ortaqlığı” və Cavabdeh1 məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2.-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 215817 saylı 16.03.2010-cu il tarixli X5 protokoluna əsasən Cavabdeh1 idarə etdiyi “İSUZU BOQDAN" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusla törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində "Honda Accord" markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona maddi zərər vurmuşdur. Xətai rayon Məhkəməsinin 17 mart 2012-ci il tarixli X5 3(011)-202/2012 saylı iş üzrə qərarından görünür ki, Cavabdeh1 Ənvar oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X5 icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilmişdir. 01 mart 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.4-cü maddəsində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına dair inzibati xətalara görə məsuliyyət nəzərdə tutulmuşdur. 02.06.2010-cu il tarixli 109/20**-CM-***/2010 saylı sığorta aktı üzrə sığortaçı "xxxx" ASC tərəfindən (sığorta növü: nəqliyyat vasitələrin kasko sığortası) sığortalı X2 məxsus “Honda Accord 2.4” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil 21.440 manat dəyərində sığortalanmışdır. Texniki baxışdan sonra avtomobilə dəymiş zərər 10 410 manat dəyərində müəyyən olunmuşdur. Sığorta şəhadətnaməsinə əsasən razılaşdırılmış azadolma məbləği 650 manat dəyərində müəyyən olunmuşdur. 23.08.2018-ci il tarixli “Nəqliyyat vasitələrinin kompleks sığortası” şəhadətnaməsinə əsasən “Honda Accord 2.4” markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta obyektinin dəyəri və sığorta məbləği 26 800 manat dəyərində müəyyən edilmişdir. 16.11.2009-cu il tarixli L-145/09 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə (lizinq müqaviləsinə əlavə N 2) “İSUZU BOQDAN" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtobus lizinq verən "xxxx" QSC tərəfindən lizinq alan “Günay-Petrol” şirkətinin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. AGİ seriyalı 001018 saylı etibarnamədən görünür ki, həmin lizinq müqaviləsinə əsasən “AGLizinq" QSC-yə məxsus '‘İsuzu Boqdan” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobil X3 06 ay müddətinə 12.07.2010-cu il tarixədək sürücülük hüququ olduqda idarə olunması etibar edilmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2022-ci il tarixli, 9/8874 saylı rəyi ilə "xxxx" MMC-nin 01.04.2010-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı "Honda Accord 2.4" markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9802 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. (898.2) İş materiallarından görünür ki, sığorta müqaviləsində şərtsiz azadolmanın məbləği 650 manat müəyyən edilmişdir. Beləliklə tədqiq olunmuş sübutlarla “İSUZU BOQDAN" markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtobusun lizinq verən "xxxx" QSC tərəfindən lizinq alan “Günay-Petrol” şirkətinin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi, sonuncunun nümayəndəsinə lizinq şirkəti tərəfindən səlahiyyətlərin ötürülməsi qadağan edilmiş etibarnamə verilməsi, buna baxmayaraq sonuncu tərəfindən avtobusu etibarnamə olmadan qanunsuz olaraq Cavabdeh1 sahibliyinə verilməsi və Cavabdeh1 idarətetmə hüququ olmadan həmin avtobusu idarə edərək nəqliyyat hadisəsi törətməsi və nəticədə iddiaçı sığorta şirkəti tərəfindən sığortalanmış avtomobilə zərər vurması müəyyən edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, sığorta şirkəti tərəfindən zərərçəkmiş avtomobilin sahibinə sığorta ödənişi ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" QSC-nin mülkiyyətində olan avtomobil qanuni əsasla “Günay-Petrol” şirkətinin müvəqqəti sahibliyinə və istifadəsinə verildiyindən lizinq şirkəti həmin avtomobil vasitəsi ilə vurulmuş zərərə görə məsuliyyət daşıya bilməz və ona qarşı iddia rədd edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, “Günay-Petrol” şirkəti hüquqa zidd olaraq avtobusu Cavabdeh1 sahibliyinə verdiyindən dəymiş zərərə görə Cavabdeh1la birgə məsuliyyə daşıyır. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə zərərçəkmiş avtomobilə dəymiş zərərin məbləği 9802 manat məbləğində müəyyən olunduğundan, sığorta müqaviləsində 650 manat məbləğində şərtsiz azadolma nəzərdə tutulduğundan, maddi zərər tələbi qismən təmin olunmalı və cavabdehlər Cavabdeh1, Nümayəndə4 və Nümayəndə3 “Günay Petrol” Tam Ortaqlığından 9152 (9802-650) manat məbləğində sığorta ödənişinin əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia cavabdehlər Nümayəndə4 və Nümayəndə3 “Günay Petrol” Tam Ortaqlığına və Cavabdeh1 qarşı qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 28 manat hissəsi həmin cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 100 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 93 manatı cavabdehlər Nümayəndə4 və Nümayəndə3 “Günay Petrol” Tam Ortaqlığına və Cavabdeh1, 7 manatı isə iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Nümayəndə4 və Nümayəndə3 “Günay Petrol” Tam Ortaqlığından və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC -nin xeyrinə 9152 (doqquz min yüz əlli iki) manat məbləğində sığorta ödənişinin əvəzi, 28 (iyirmi səkkiz) manat dövlət rüsumu tutulsun. 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 93 (doxsan üç) manatı müştərək qaydada cavabdehlər Nümayəndə4 və Nümayəndə3 “Günay Petrol” Tam Ortaqlığından, Cavabdeh1, 7 (yeddi) manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver