Məhkəmə qərarları › İş №2(004)-2/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 Allahverən oğluna qarşı kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı1 borclular Cavabdeh1 və Cavabdeh2 Allahverən oğluna qarşı kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması tələbinə dair əmr çıxarılması barədə 06 noyabr 2014-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən borclular ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1967-ci il tarixdə anadan olmuş Cavabdeh1 və ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1967- ci il tarixdə anadan olmuş Cavabdeh2 Allahverən oğlundan kreditor İddiaçı1 İKB-nin xeyrinə 3472 (üç min dörd yüz yetmiş iki) ABŞ dolları əsas borc, 956 (doqquz yüz əlli altı) ABŞ dolları faiz borcu və cəmi 4428 (dörd min dörd yüz iyirmi səkkiz) ABŞ dolları məbləğində pul ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarı və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə 06 noyabr 2014-cü il tarixli, 2(004)-10596/2014 saylı əmr çıxarılmışdır. Borclu Cavabdeh2 Allahverən oğlu Bakı şəhəri Yasamal Rayon 06 noyabr 2014-cü il tarixli, 2(004)-10596/2014 nömrəli əmrinin ləğv edilməsi və işə ümumi iddia icraatı qaydasında baxılmasına dair xx.xx.2021-ci il tarixdə etiraz ərizəsi vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-7032/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 noyabr 2014-cü il tarixli, 2(004)-10596/2014 saylı məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2/2023 saylı qərardadına əsasən mülki iş üzrə Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi İsa Hacıyev ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Allahverən oğluna qarşı kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2/2023 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, baxış iclası xx.xx.2023-cü ilk tarixə, saat 12.00-a təyin olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh1 dair hissədə xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ilə ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 11-MZ-1-0- 371-13 saylı saylı kredit müqaviləsinə əsasən bank tərəfindən müştəriyə 24 ay müddətinə illik 33% dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" İKB ilə ASC ilə Cavabdeh2 Allahverən oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 11-MZ-1-0- 371-13 saylı zaminlik müqaviləsinə əsasən bank ilə borclu Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə zamin bank qarşısında cavabdehdir. Zaminlik müqaviləsinin 1.4-cü bəndinə əsasən, kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borclunun öz vəzifələrini yerinə yetirməməsinəvə ya lazımınca yerinə yetirməməsinə görə kreditora dəymiş zərərinvə borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla zamin borclu ilə eyni həcmdə bank qarşısında cavabdehdir. İş materiallarında olan İddiaçı2 ASC tərəfindən tərtib olunmuş 18 oktyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 11-MZ-1-0- 371-13 saylı kredit müqaviləsi üzrə 490.43 ABŞ dolları əsas, 2945.18 ABŞ dolları faiz borcu, 7255.38 ABŞ dolları cərimə, 618.25 ABŞ dolları əldən çıxmış fayda, cəmi 11.309.24 ABŞ dolları borcu vardır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öhdəliyini icra etsə də Cavabdeh1 üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2013-cü il tarixli, 11-MZ-1-0- 371-13 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin Cavabdeh2 Allahverən oğlu borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinin əsas borc hissəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsində əsas borc məbləği 3472 ABŞ dolları göstərilsə də, sonuncu maliyyə arayışında əsas borc 490,43 ABŞ dolları müəyyən edildiyindən, iddia tələbi əsas borc hissədə qismən, maliyyə arayışı ilə müəyyən edilən məbləğdə, yəni 490,43 ABŞ dolları hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin faiz borcu hissəsi ilə bağlı qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı fazi borcu maliyyə arayışında göstərilən 2945.18 ABŞ dolları deyil, iddia tələbi həcmində 956 ABŞ dolları həcmində təmin edilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Allahverən oğlundan 23 iyul 2013-cü il tarixli 11-MZ-1-0- 371-13 saylı kredit müqaviləsi üzrə 490,43 (dörd yüz doxsan dollar qırx üç sent) ABŞ dolları əsas borc, 956 (doqquz yüz əlli altı) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1446,43 (min dörd yüz qırx altı dollar qırx üç sent) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul İddiaçı2 ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Allahverən oğlundan 23 iyul 2013-cü il tarixli 11-MZ-1-0- 371-13 saylı kredit müqaviləsi üzrə 490,43 (dörd yüz doxsan dollar qırx üç sent) ABŞ dolları əsas borc, 956 (doqquz yüz əlli altı) ABŞ dolları faiz borcu olmaqla, cəmi 1446,43 (min dörd yüz qırx altı dollar qırx üç sent) ABŞ dolları məbləğində borc ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat məbləğində pul İddiaçı2 ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar