Məhkəmə qərarları › İş №2(004)-200/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-200/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-200/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, LPO "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı “MKR-də borcun olmaması barədə müvafiq qeydlərin aparılması və pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, LPO "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı “MKR-də borcun olmaması barədə müvafiq qeydlərin aparılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə Cavabdeh2 MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reystrində müvafiq qeydlər aparılması, kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi, "xxxx" ASC-yə artıq ödənilmiş 7436,36 (yeddi min dörd yüz otuz altı manat 36 qəpik) manat məbləğində pulun LPO "xxxx" ASC-dən və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)-374 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən onun, X3, X6 və X2 Cavabdeh1 ASC-nə müştərək qaydada 22709,64 (iyirmi iki min yeddi yüz doqquz manat 64 qəpik) manat borcu vardır. Həmin qətnaməyə əsasən borc məbləği ona məxsus NİSSAN QAŞQAY markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəlmişdir. "xxxx" MMC tərəfindən həmin avtomobil Cavabdeh1 ASC-yə 16932 (on altı min doqquz yüz otuz iki) manata satılmışdır. Həmin pul məbləği onun banka olan borcundan silinmişdir. Bundan sonra onun tərəfdən banka olan kredit üzrə borcunun silinməsi üçün xx.xx.2018-ci il tarixdə - 8000 manat, xx.xx.2018-ci il tarixdə - 2214 manat və xx.xx.2018-ci il tarixdə - 3000 manat olmaqla cəmi 13214 manat məbləğində pul onun borcuna ödənilmişdir. Göründüyü kimi Cavabdeh1 ASC-yə 22709,64 manat olan borcunun qarşılığında 30146 manat məbləğində pul ödənilmişdir. Cavabdeh bank tərəfindən aldanmağı nəticəsində həmin kredit xətti üzrə onun tərəfdən cavabdeh banka 7436,36 (yeddi min dörd yüz otuz altı manat 36 qəpik) manat məbləğində aıtıq pul ödənilmişdir. Bununla kifayətlənməyərək, bu günə qədər Cavabdeh1 ASC tərəfindən hüquqları kobud şəkildə pozularaq əlavə pul tələb olunur. Kredit xətti üzrə borc məbləğinin nə yerdə olmasını müəyyən etmək üçün Cavabdeh2 MMC-nə müraciət edildikdə ona məlum olmuşdur ki, 2716,17 (iki min on altı manat 17 qəpik) manat məbləğində borc qalmaqdadır. Hesab edir ki, bank tərəfindən edilmiş qanunsuzluqlar, saxtakarlıqlar nəticəsində hələ də banka borc məbləği qalmaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbinə etiraz edərək məhkəmədən təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tam, qərəzsiz, obyektiv və hərtərəfli araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-374/2013 saylı qətnaməsinə əsasən 11 mart 2010-cu il tarixli 02/AO180 saylı kredit müqaviləsi üzrə İddiaçı, X5, X9 və X1 müştərək qaydada 22709,64 manat pul tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilməsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmaması qərara alınmışdır. Vurğulanmalıdır ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(004)-374/2013 saylı qətnaməsinə əsasən 11 mart 2010-cu il tarixli 02/AO180 saylı kredit müqaviləsi üzrə İddiaçı, X5, X9 və X1 müştərək qaydada 22709,64 manat pul tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Hazırda isə İddiaçı "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin olmaması barədə Cavabdeh2 MMC tərəfindən Mərkəzləşdirilmiş Kredit Reystrində müvafiq qeydlər aparılması, kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi, "xxxx" ASC-yə artıq ödənilmiş 7436,36 (yeddi min dörd yüz otuz altı manat 36 qəpik) manat məbləğində pulun LPO "xxxx" ASC-dən və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Beləliklə məhkəmə hesab edir ki, kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaranmış və öhdəlikləri mövcud olmuşdur. Həmçinin iddiaçı tərəfindən 7436,36 (yeddi min dörd yüz otuz altı manat 36 qəpik) manat məbləğində pulun"xxxx" ASC-yə artıq ödənilməsi ilə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış öhdəliklər hazırda qüvvədə olan qanunvericiliyə əsasən iddia müddətinin keçməsinə və ya başqa halların yaranmasına baxmayaraq aradan qaldırıla bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, LPO "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı “MKR-də borcun olmaması barədə müvafiq qeydlərin aparılması və pul” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, LPO "xxxx" ASC və Cavabdeh2 MMC-yə qarşı “MKR-də borcun olmaması barədə müvafiq qeydlərin aparılması və pul” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar