Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2010/2022 12.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qadasında iddia ərizəsi ilə 09.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1.689,60 manat borcun və məhkəməyə ərizə verilməsi üçün ödənilmiş 36,90 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə X2 arasında bağlanmış 16.08.2018-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcalana istehlak məqsədləri üçün 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin borcalan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Belə ki, ölüm haqqında şəhadətnaməyə əsasən borcalan X1 15.04.2019-cu ildə ölməsi müəyyən edilir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alan X1 öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz öhdəsinə götürmüşdür. Lakin zamin kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Nəticədə cavabdehin banka 26.02.2022-ci il tarixinə 1.689,60 manat borcu yaranmışdır. Məhkəmənin 10.03.2022-ci il tarixli qərardadı ilə hazırki mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X5 ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və təyin edilmiş məhkəmə iclasında işə onun iştirakı olmadan baxılaraq təmin edilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh (zamin) Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və Azərbaycan Respublikası MM-nin 477.0.4-cü maddəsi tətbiq edilərək 10.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə onun zaminliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinin tələblərinə uyğun olaraq işə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan: -16.08.2018-ci il tarixli 598micQUBA/18-EM nömrəli əsas və eyni tarixli əlavə kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC borcalan X4 24 ay müddətinə illik 27% ödəmək şərti ilə 5.000 manat kredit vermişdir. -16.08.2018-ci il tarixli 598micQUBA/18 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh kreditor "xxxx" KB ASC qarşısında borclu X3 16.08.2018-ci il tarixli 598micQUBA/18-EM nömrəli əlavə kredit müqaviləsi üzrə öhdəliklərin tan həcmdə yerinə yetirilmsinə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. Həmçinin zaminlik müqaviləsindən müəyyən edilir ki, müqavilənin müddəti 16.08.2020-ci il tarixdə bitmişdir. -26.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X3 16.08.2018-ci il tarixli 598micQUBA/18-EM nömrəli əlavə kredit müqaviləsi üzrə borcu 1.689,60 manat təşkil edir. - Quba regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı 009344 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X6 15.04.2019-cu ildə beyin infarktından ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.06.2019-cu il tarixdə 0274 nömrə ilə qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki mülki işin faktiki hallarından göründüyü kimi, iddiaçı "xxxx" KB ASC ilə əsas borclu X2 arasında bağlanmış 16.08.2018-ci il tarixli 598micQUBA/18-EM nömrəli əlavə kredit müqaviləsi üzrə 24 ay müddətinə illik 27% ödəmək şərti ilə ona 5.000 manat kredit vermişdir. 16.08.2018-ci il tarixli 598micQUBA/18 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh həmin kredit müqaviləsi üzrə X3 borc öhdəliyini yerinə yetirilməsi üzrə zamin durmuş və kreditor qarşısında borcalanla birgə məsuliyyətini öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bununla da borclu X3 1.689,60 manat borcu yaranmışdır. Lakin əsas borclu X6 15.04.2019-cu il tarixdə ölmüşdür. Zaminlik müqaviləsinin müddəti isə 16.08.2020-ci il tarixdə bitmişdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kreditor "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış zaminlik müqaviləsinin müddəti 16.08.2020-ci il tarixdə qurtardığından, kreditor isə məhkəməyə 09.03.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh zaminliyinə xitam verilməlidir. Belə ki, zaminə qarşı iddia tələbi ilə müqavilə müddəti qurtardığı gündən 01 il ərzində müraciət edilməlidir. Lakin kreditor məhkəməyə iddia tələbi ilə müqavilənin müddəti qurtardığı gündən 01 il 7 ay sonra müraciət etmişdir. Odur ki, hazırda zamin Cavabdeh müddət keçdiyindən borcun ödənilməsi üçün məsuliyyət daşımır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04.06.2018-ci il tarixli qərarında hesab etmişdir ki, miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası ilə bağlı tələb irəli sürülərkən mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Müraciətdə qaldırılan borclunun ölümü halında onun öhdəliklərinə görə məsuliyyətin zamin və ya vərəsələr tərəfindən icra edilməli olması məsələsi ilə bağlı göstərilməlidir ki, zaminlik müqaviləsi aksessor xarakterli olmaqla əsas öhdəliyə təminat üsulu kimi çıxış edir. Bu səbəbdən də zaminin zaminlik müqaviləsi üzrə öhdəliyi “əlavə öhdəlik” mahiyyəti daşıyır. Yəni kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı "borcun tutulması”na dair iddia tələbi rədd edilməli və Kreditor "xxxx" ASC ilə zamin Cavabdeh arasında bağlanmış 15.08.2016-ci il tarixli 598micQUBA/18 saylı zaminlik müqaviləsi üzrə zamin Cavabdeh zaminliyinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Kreditor "xxxx" ASC ilə zamin Cavabdeh arasında bağlanmış 15.08.2016-ci il tarixli 598micQUBA/18 saylı zaminlik müqaviləsi üzrə zamin Cavabdeh zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-2010/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2010/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver