Məhkəmə qərarları › İş №2(004)-204/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-204/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-204/2022 31.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, cavabdehlər Cavabdeh və Zamin iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faiz borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 1164.74 (bir min bir yüz altmış dörd ABŞ dolları 74 sent) ABŞ dolları - bundan 7.05 (yeddi ABŞ dolları 05 sent) ABŞ dolları əsas, 403.97 (dörd yüz üç ABŞ dolları 97 sent) ABŞ dolları faiz, 753.72 (yeddi yüz əlli üç ABŞ dolları 72 sent) ABŞ dolları cərimə, borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış № 70015256 saylı 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 24 (iyirmi dörd) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh kredit verilərkən Zamin ilə Bank arasında 19 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. 27 aprel 2015-ci il tarixli əlavə sazişə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 2813.35 (iki min səkkiz yüz on üç ABŞ dolları 35 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu əlavə saziş imzalandığı tarixdən 27.08.2018-ci il tarixədək uzadılır. 27.04.2015-ci il tarixli əlavə sazişə əsasən Zamin ilə zaminlik müqaviləsi bağlanılır.Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********828 saylı 14.07.2021 -ci il tarixli və **********892 saylı 14.07.2021-ci il ltarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 12.07.2021-ci il tarixə kredit üzrə cəmi borcu 1164.74 (bir min bir yüz altmış dörd ABŞ dolları 74 sent) ABŞ dolları təşkil edir. Bundan 7.05 (yeddi ABŞ dolları 05 sent) ABŞ dolları əsas, 403.97 (dörd yüz üç ABŞ dolları 97 sent) ABŞ dolları faiz, 753,72 (yeddi yüz əlli üç ABŞ dolları 72 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, Bank ilə bağladığı 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Vaxtıvaxtında pulu ödəmişdir. 7.05 (yeddi ABŞ dolları 05 sent) ABŞ dollarına hesablanmış 753,72 (yeddi yüz əlli üç ABŞ dolları 72 sent) ABŞ dolları cərimə yüksəkdir. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, Cavabdeh onun qaynatasıdır. Bank ilə bağladığı 19 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində ona kredit verilmişdir. Həmin müqavilə üzrə o, zamin olmuşdur. Hesab edir ki, onun bankla bağlamış olduğu müqavilədən uzun müddət keçmişdir. İddia tələbinin ona aid hissədə rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2015-ci il tarixli, 70015256 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə 24 (iyirmi dörd) ay müddətinə, illik 32 faiz olmaqla 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 19.01.2015-ci il tarixli, 70015256 nömrəli kredit müqaviləsinə 27.04.2015-ci il tarixli Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 2813.35 ABŞ dolları təşkil edir, kreditin müddəti 27.08.2018ci il tarixə təyin olunmuşdur. İş materiallarında olan 70015256/ZM, 19.01.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Zamin 19.01.2015-ci il tarixli, 70015256 nömrəli kredit müqaviləsinə əsasən borcalanın kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 07.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış 19.01.2015-ci il tarixli, 70015256 nömrəli kredit müqaviləsinə əsasən 7,05 ABŞ dolları əsas borc, müqavilənin bitmə tarixinə 405,15 ABŞ dolları faiz, 754,90 ABŞ dolları cərimə, cəmi 1167,10 ABŞ dolları məbləğində borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin ünvanladığı 14.07.2021-ci il bildirişdən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2015-ci il tarixli, 70015256 nömrəli kredit müqaviləsinə əsasən yaranmış borc məbləğinin tam olaraq 3 (üç) iş günü müddətində ödəmələri təklif edilmiş, əks təqdirdə bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər şəxs xəbərdar edilmişdir. 23.08.2021-ci il tarixli ********* 781667984 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 yanvar 2022-ci il tarixli 9/7695 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2015-ci il tarixli 70015256 saylı kredit müqaviləsi üzrə Cavabdeh 27 avqust 2018-ci il tarixə 825,96 ABŞ dolları əsas, 674,09 ABŞ dolları faiz borcu vardır. Ekspertiza zamanı təqdim olunmuş hesabdan çıxarış məlumatlarından və ekspert rəyinin tədqiqi hissəsindən müəyyən olunmuşdur ki, Cavabdeh hesabına 27.08.2018-ci il tarixdən sonrakı dövrdə 805,08 ABŞ dolları məbləğində kompensasiya ödənişi aparılmışdır. Lakin borc məbləğinin hesablanma tarixi 27.08.2018-ci il tarixə göstərildiyindən 805,08 ABŞ dolları məbləğində ödəniş nəzərə alınmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 477.0.4-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.01.2015-ci il tarixli, 70015256 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında bank tərəfindən cavabdehə şəxsi istehlak məqsədilə 24 (iyirmi dörd) ay müddətinə, illik 32 faiz olmaqla 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh krediti alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə hesablanmış borcu qaytarmaq barədə öhdəlik götürmüşdür.70015256/ZM, 19.01.2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən Zamin qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 19.01.2015-ci il tarixli, 70015256 saylı kredit müqaviləsinə əsasən zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizləri ən geci 27 avqust 2018-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, 19.01.2015-ci il tarixli, 70015256 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclular Cavabdeh və Zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 27 avqust 2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun Zamin tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi Zamin aid hissədə rədd edilməlidir. Məhkəmə iddianın əsas borc və faiz borcu hissəsini ayrıca araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh müqavilənin bitmə tarixinə, yəni 27 avqust 2018-ci il tarixə ekspert rəyi ilə müəyyən edildiyindən, lakin 27.08.2018-ci il tarixdən sonrakı dövrdə 805,08 ABŞ dolları məbləğində kompensasiya ödənişi aparıldığından iddia tələbi həcmində, əsas borca görə 7.05 (yeddi ABŞ dolları beş sent) ABŞ dolları, faiz borcuna görə 403.97 (dörd yüz üç ABŞ dolları 97 sent ABŞ dolları iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia ərizəsinin əsas borca hesablanmış 753,72 ABŞ dolları məbləğində cərimə tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 5 (beş) ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7.05 (yeddi ABŞ dolları beş sent) ABŞ dolları əsas borc, 403.97 (dörd yüz üç ABŞ dolları 97 sent ) faiz borcu, 5 (beş) ABŞ dolları, cəmi 416.02 (dörd yüz on altı ABŞ dolları 02 sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7.05 (yeddi dollar beş sent) ABŞ dolları əsas borc, 403,97 (dörd yüz üç dollar doxsan yeddi sent ) ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə, cəmi 416,02 (dörd yüz on altı dollar iki sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar