Məhkəmə qərarları › İş №2(004)-2045/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2045/2025

17.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2045/2025 17.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Nümayəndə3, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7,İddiaçı8, İddiaçı9, İddiaçı10 Vəliəhdin qızı, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 və İddiaçı24 Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə “öhdəliyin qoyulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7,İddiaçı8, İddiaçı9, İddiaçı10 Vəliəhdin qızı, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 və İddiaçı24 Cavabdeh1 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə “öhdəliyin qoyulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, Əbdülvahab Salamzadə küçəsi, ev 2C ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1-ci girişində Cavabdeh1 tərəfindən qanunsuz qoyulmuş qapının sökülməsi, sökülmüş divarın onun öz hesabına təmir-bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin onun üzərinə qoyulması, divarın gələcəkdə Cavabdeh1 tərəfindən dağıdılmasına yönəlmiş hərəkətlərin qadağan edilməsi, vəkil xərci üçün çəkilmiş 1500 (min beş yüz) manat və dövlət rüsumuna ödənilmiş 100 manat pulun cavabehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, Əbdülvahab Salamzadə küçəsi, ev 2C ünvanında yerləşən çoxmənzilli yaşayış binasının tikintisini aparan şirkətdir. Eyni zamanda göstərilən iddiaçılar 1-ci girişində sahə mülkiyyətçiləri olaraq yaşayırlar. Sakinlər tərəfindən binanın idarə edilməsi "xxxx" MMC-yə həvalə edilməklə, bina şirkətin balansındadır. Həmin binanın birinci mərtəbəsində Cavabdeh1 məxsus 500 kv.m yaxın qeyri-yaşayış sahəsi mövcuddur. Həmin qeyri-yaşayış sahəsi 2010-2011-ci illərdə təmir olunaraq, bir müddət mebel mağazası kimi fəaliyyət göstərib, hazırda boş sahədən ibarətdir. Cavabdeh1 bina rəhbərliyinə yaxınlaşaraq, orada bina sakinlərinin ümumi istifadəsində olan dəhliz və foyesində sahəyə qapı açılmasını istəmiş, bina rəhbərliyi tərəfindən binanın ümumi layihəsində belə bir qapının nəzərdə tutulmadığı, sakinlərin narazıçılığına səbəb olacağından və təhlükəlilik, narahatçılıq baxımından etirazla qarşılanmış, bu səbəbdən ona icazə verilməmişdir. Bundan sonra həmin sahəyə qapının olmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən texniki pasportun verilməsi bildirilmiş və orada qapını açacağını demişdir. Lakin, binanın tikintisinə dair sənədlərdə həmin sahədə qapının nəzərdə tutulmadığı bildirilərək, belə bir qapının açılmasına yenədə razılıq verilməmişdir. Buna baxmayaraq, Cavabdeh1 özbaşına hərəkətlər edərək, qanunsuz şəkildə, sakinlərlə insident yaradaraq, söyüş və təhqirlərlə, zor gücünə, qonşulara hədə-qorxu gəlməklə, təhqir edərək özünün təqdim etdiyi və onlarda şübhə doğuran "texniki pasport" da göstərilən hissədə divarın bir hissəsini qanunsuz şəkildə dağıtmış və orada söküntü işləri aparmışdır. Hazırda bina sakinləri olaraq, buna etiraz edir və hesab edirlər ki, bu qanunsuz və özbaşına hərəkətlərə Cavabdeh1 tərəfindən son qoyulmalı və onların bu hərəkətlərinə hüquqi qiymət verilməlidir. Beləki, əvvəla həmin sahiblənmək istədikləri və qapı açılacağı sahə bina sakinlərin ümumi istifadəsində olan 1-ci blokun giriş hissəsindəki dəhliz, foye və lift sahəsidir. Həmin ərazidən sakinlər öz mənzillərinə daxil olur və orada müvəqqəti oturmaq üçün skamyalar quraşdırılmışdır. Eyni zamanda hər iki liftin qapısı həmin əraziyə açılır. Yəni, həmin sahə həmin blokda yaşayan sakinlərin ümumi istifadəsində olan sahədir. Eyni zamanda binanın idarə edilməsi bina sakinlərinin ümumi yığıncağının qərarına əsasən, idarəedici təşkilata həvalə edilmiş və bina ilə bağlı bütün qərarlar sakinlərin ümumi yığıncağı tərəfindən qəbul edilir. Həmin binanın idarə edən təşkilatın və nə də sakinlərin ümumi yığıncağının həmin sahəyə qapının açılmasına icazəsi və hər hansı bir qərarı yoxdur və belə bir qərarda heç vaxt olmamışdır. Bundan başqa bina tikilən zaman həmin yerdə qapının açılması layihədə nəzərdə tutulmayıb və tikinti şirkəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilən layihə sənədlərində mübahisələndirilən hissədə qapı yerinin mövcud olduğu görünmür. Bununla bərabər, yaşadığımız binanın 1-ci və 2-ci girişlər eyni ilə simmetrik inşa edildiyindən və 2-ci girişdə belə bir qapının olmadığı dediklərimizi bir daha sübut edir. Həmçinin, binanı inşa etmiş şirkətin təsdiqlənmiş layihəsindən kənarlaşma və ciddi reviziyalar baş vermiş və yaşayış binasının 1-ci girişinin dəhlizində təsdiqlənmiş layihədə ümumiyyətlə mövcud olmayan qapının onların təqdim etdiyi texniki pasportda olması texniki pasportun saxta olmasına dair onlar sakinlərdə şübhə doğurur. Buna baxmayaraq, şikayət etdikləri şəxs tərəfindən divar sökülmüş və qapı qoyulmuşdur. Həmin şəxsə başqa bir yerdə, yəni həyətə qapının açılması təklif edilib ki, o, bununla razı olmamış, bundan sonra özbaşına həmin sahəyə məxsus divarı sökmüşdür. Həmin şəxs tərəfindən bina rəhbərliyinə və sakinlərə hədə qorxu gəlinir. Polislə qorxudurlar və onların yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu bildirərək, özbaşınalıqlarını davam etdirir. Bina sakinləri olaraq məhkəməyə şikayət etməkdə məqsədləri belə bir qanunsuzluğun və öşbaşınalığın qarşısının alınmasıdır. Çünki, Cavabdeh1 tərəfindən binanın hamıya aid olan hissəsinin zəbt edilməsi məqsədilə, divarın sökülməsi və dağıdılması qanunsuzdur. Hüququndan məhrumetmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra mənzilmünasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “HAYAT 21" MMC və qeydlərinin Cavabdeh1 qarşı "qapının sökülməsi, divarın cavabdehin hesabına bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi, divarın gələcəkdə cavabdeh tərəfindən dağıdılmasının qadağan edilməsi, vəkil xərci və dövlət rüsumunun ödənilməsi barədə” iddia tələbi üzrə mülki işə Yasamal Rayon Məhkəməsində baxılır. İddianı bu səbəblərdən əsassız hesab edir və təmin edilməməsini zəruri hesab etmişdir. İddia ərizəsində, cavabdeh tərəfindən binanın dəhlizinə açılmış qapının iddiaçıların mülkiyyət hüququnu pozduğu dəfələrlə qeyd edilsə də, mülkiyyət hüququnun pozulduğunun məhz nədə ehtiva edildiyi şərh edilməmiş va qapının açılmasına dair cavabdehin davranışının məhz hansı hüquq norması ilə qorunan hüqunan hüquq münasibətlərinə qəs etdiyi əsaslandırılmamış və şərh edilməmişdir. Ərizədə, AR Konstitusiyasının 29 və 43-cü maddələrinə, AR Mülki Məcəlləsinin 152, 152,1, 157.2, 157.4, Mənzil Məcəlləsinin 1.1-ci maddələrinə istinad etmişdir. Lakin, həmin normalar mülkiyyət hüququ ilə bağlı hüquq münasibətlərinə aiddir, iddiaçıların mülkiyyət hüququ isə, mülkiyyətlərində olan mənzillə məhdudlaşır. Mülki işin materiallarından, o cümlədən iddia ərizəsindən görünür ki, cavabdeh iddiaçıların mülkiyyətində olan mənzillərə müdaxilə etməmişdir. Həmçinin, yenə də iddia ərizəsində göstərilir ki, cavabdeh tərəfindən açılmış qapı, texniki pasportda nəzərdə tutulmuşdur. Yəni, cavabdeh, mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın texniki göstəricilərinin düzgünlüyünə məsuliyyət daşıyan dövlət orqanının tərtib etdiyi, daşınmaz əmlakın texniki göstəricilərinə dair sənədin məzmununa uyğun davranmışdır. Beləliklə, Cavabdeh1 tərəfindən mülki hüquq pozumusuna yol verilməmiş, onun tərəfindən iddiaçıların hüquqlan və qanunla qorunan mənafeləri pozulmamışdır. Daha sonra İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh, X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi Nümayəndə3 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlkaın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 465.4 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına xx.xx.2013-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 (Yeni qaydalarla: AZ 1122, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 465.40 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət kimi X2 adına xx.xx.2025-ci il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqsadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-23290/2025 nömrəli müraciətə cavab məktubuna əsasən ünvan 3 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının layihəsi İdarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, inventar 11/937 nömrəli qeyri-yaşayış sahəsinə (hüquqi subyekti: Cavabdeh1) dair texniki pasportun notariat qaydada təsdiq olunmuş surətinə əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş plan sxemində mübahisəli qapı texniki sənəddə mövcud konstruksiya elementi kimi əks olunmuşdur. Sənəd rəsmi orqan tərəfindən tərtib edilmiş və təsdiqlənmişdir. Bundan başqa iş materiallarına binanın girişinin və sözügedən qapının fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü madəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 1 (Yeni qaydalarla: AZ 1122, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 465.4 kv.m. olan qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisi olan Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, Əbdülvahab Salamzadə küçəsi, ev 2C ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 1-ci girişində bina sakinlərinin ümumi istifadəsində olan dəhlizində liftin yanında qapı açmış, daha sonra qeyri-yaşayış sahəsini X1 və həmin daşınmaz əmlak xüsusi mülkiyyət kimi X2 adına xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7,İddiaçı8, İddiaçı9, İddiaçı10 Vəliəhdin qızı, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 və İddiaçı24 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə, çoxmənzilli yaşayış binasının 1-ci girişində Cavabdeh1 tərəfindən qoyulmuş qapının sökülməsi, sökülmüş divarın onun öz hesabına təmir-bərpa edilərək əvvəlki vəziyyətə gətirilməsi öhdəliyinin onun üzərinə qoyulması, divarın gələcəkdə Cavabdeh1 tərəfindən dağıdılmasına yönəlmiş hərəkətlərin qadağan edilməsi, vəkil xərci üçün çəkilmiş 1500 (min beş yüz) manat və dövlət rüsumuna ödənilmiş 100 manat pulun cavabehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixində yerində müayinə keçirmiş, yerində müayinə zamanı ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid qoyulmuş qapıya baxış keçirilmiş və nəticədə həmin qapının çoxmənzilli yaşayış binasının 1-ci girişində liftin yanında olduğu müəyyən edilmişdir. Hazırda Bakı şəhəri, Yasamal rayonu, 593-cü məhəllə, Əbdülvahab Salamzadə küçəsi, ev 2C ünvanında yerləşən yaşayış binasında yerləşən mənzillərin bir neçə mülkiyyətçisi birgə iddiaçılar kimi iddia verərək, binanın dəhlizində, liftin yanında sözügedən qeyri-yaşayış sahəsinə aid qoyulmuş qapının sökülməsi və divarın bərpa olunması tələb edirlər. Məhkəmə ilk öncə qeyd edir ki, mülkiyyət hüququ şəxsin əmlakı barəsində istədiyi kimi hərəkət etmək - maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Azərbaycan Respublikasında mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətə müdaxilə üçün hüquqi əsas olmalı, müdaxilə ictimai, yaxud fərdi maraqlara xidmət etməli və mütənasiblik (maraqlar arasında ədalətli balansın təmin olunması) meyarlarına cavab verməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, inventar 11/937 nömrəli qeyri-yaşayış sahəsinə (hüquqi subyekti: Cavabdeh1) dair texniki pasporta əsasən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş plan sxemində mübahisəli qapı texniki sənəddə mövcud konstruksiya elementi kimi əks olunmuş, sənəd rəsmi orqan tərəfindən tərtib edilmiş və təsdiqlənmişdir. Texniki pasport dövlət tərəfindən verilən əmlakın texniki göstəricilərini və xüsusiyyətlərini əks etdirən rəsmi sənəddir. Bu sənəd mülkiyyətin ölçülərini, planını, konstruksiyasını, mühəndis-texniki təchizatını və faktiki vəziyyətini təsdiq edir. Həmin sənəddə göstərilən bütün elementlər obyektin mövcud və qanuni hissələridir. İddiaçılar tərəfindən sökülməsi tələb olunan qapı texniki pasportda mövcud konstruksiya elementi kimi əks olunduğundan qapının həmin yerdən açılması qanunsuz hesab olunmur və cavabdeh mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın texniki göstəricilərinin düzgünlüyünə məsuliyyət daşıyan dövlət orqanının tərtib etdiyi, daşınmaz əmlakın texniki göstəricilərinə dair sənədin məzmununa uyğun davranmışdır. Bundan başqa, iddiaçılar qapının həmin yerdən açılmasının onların hansı hüquqlarını pozduğunu, hansı şəkildə narahatçılıqlarına və narazılıqlarına səbəb olduğunu əsaslandıra bilməmişlər. Məhkəmə araşdırması zamanı da qapının həmin yerdə olmasının iddiaçıların hüquqlarına və qanuni mənafelərinə toxunduğu müəyyən olunmamışdır. Həmçinin, qapının həmin yerdən açılmasının iddiaçıların mülkiyyətində olan mənzillərindən istifadəsinə maneələrin yaratması halı da aşkar olunmamışdır. Qeyd olunmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7,İddiaçı8, İddiaçı9, İddiaçı10 Vəliəhdin qızı, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21, İddiaçı22, İddiaçı23 və İddiaçı24 cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 cəlb edilməklə “öhdəliyin qoyulması və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə isə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğində məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar