Məhkəmə qərarları › İş №2(004)-2052/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2052/2022

05.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2052/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X3 Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia əriəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladı X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay İddiaçı xeyrinə tutulması qət edilmiş 154 manat sabit pul məbləğində alimentin artırılmasını, Cavabdeh övladı X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması və 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 10 oktyabr 2010-cu ildə 3 saylı ASAN xismət mərkəzində nikaha daxil olmuşlar. Birgə nikahdan Canər adlı övladları doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin 15 fevral 2018-ci il tarixli 2(004)- 1674/2018 saylı qətnaməsi ilə 17.08.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 13.11.2017-ci il tarixdən başlyaraq hər ay 154 manat sabit pul məbləğində aliment və üç yaşı tamam olanadək 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Belə ki, oğlanlarının artıq 5 yaşı var xərcləri xeyli artmışdır. Eyni zamanda bu il 6 yaşı tamam olacaq və məktəbə başlayacaq. Məlumdur ki, uşaq böyüdükçə tələbatları çoxalır, o isə bu xərcləri uzun müddətdir ki, təkbaşına təmin edə bilmir. Eyni zamanda ölkədə baş verən qiymət artımı da büdcələrinə təsir göstərməkdədir. Baş verən qiymət artımı, vəziyyətin çətinləşməsi onun cavabdehə qarşı aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməsinə səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh ümumiyyətlə uşağı ilə maraqlanmır. Uşaq xəstədir, çatdırıb dərmanlarını ala bilmir. Yalnızca qızı işləyir, onun da ayaqları xəstə olduğundan çox əziyyət çəkir, lakin uşağına görə əziyyətlə də olsa işləyir. Uşağa o özü, yani nənəsi baxır. Qızının uşağına baxmasa o da cavabdehin anası kimi işləyib pul qazana bilərdi. Cavabdehin anası aşpaz işləyərək günə 50 manat pul qazanır. Cavabdehin özünün şəxsi avtomobili də var. Təkcə uşağın hazırlığı 170 manatdır. Uşaq bağırsaq xəstəsidir. Təkcə uşağın xəstəliyinə görə məhkəmə dövründə 176 manat məbləğində müalicəsinə pul ödəmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, hal-hazırkı vəziyyətdə artan aliment məbləğini ödəmək iqtidarında deyil. Sürücü olaraq işləyir və 300 manat məbləğinə maaş alır. Sağlamlıq vəziyyəti: gözündəki zəiflik və digər xəstəlikləri də buna imkan vermir. Uşağın hazırlığına görə 170 manat ödəyirlər lakin dövlət tərəfindən hazırlıq yerləri də var, uşaq ora da gedə bilər. O pulu ödəməyə onun imkanı yoxdur. Keçmiş həyat yoldaşı da hazırda MTK-da işləyir. Kifayət qədər maaş alır. Belə ki, aliment kartını iddiaçının anası əlinə almışdır. Onun ödədiyi pullarla uşağa baxmırlar. Özləri üçün xərcləyirlər. Uşağına onun-bunun paltarını geyindirirlər. Alimenti isə vaxtı-vaxtında ödəmişdir. Cəmi 900 manat aliment borcu var. Onun imkanı yoxdur, lakin qarşı tərəfin imkanı yaxşıdır, əlavə gəlirləri də var. O özü ailəsi - atası, anası və qardaşı ilə kirayədə yaşayır. Onun adına heç bir əmlak yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli, 2(004)-1647/2018 saylı qətnaməsinə əsasən 17.08.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 13.11.2017-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində aliment və 17.08.2016-cı il təvəllüdlü X4 üç yaşı tamam olana qədər 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 avqust 2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan AZ-İ seriyalı, 395122 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh və İddiaçı arasında olan nikaha Yasamal Rayon Məhkəməsinin 10.08.2020-ci il tarixli qətnaməsi əsasında 11.09.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan 01.03.2022-ci il tarixli qəbzə əsasən İddiaçı Bakı şəhəri 4 saylı Mediasiya təşkilatının hesabına 50 manat məbləğində pul köçürmüşdür. İş materiallarında olan 01.03.2022-ci il tarixli, MŞB/4-00481 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi baradə arayışa əsasən, Cavabdeh tərəflər arasında baş verən boşanmadan sonra birgə nikahdan olan 17.08.2016-cı il təvəllüdlü X1 üçün ödənən aylıq alimentin Cavabdeh tərəfindən 192 manat olaraq ödənməsi tələbi ilə yaranmış mübahisə ilə bağlı 01.03.2022-ci ildə, 14:00-14:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İş materiallarında olan 15.04.2022-ci il tarixli, 12 nömrəli Arayışa əsasən Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativində 21 saylı, 11 aprel 2022-ci il tarixli əmrlə sürücü vəzifəsində işə qəbul edilmiş və onun aylıq əmək haqqı 300 manat təşkil edir. İş materiallarında olan 21.04.2015-ci il tarixli Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktına əsasən çağırışçı Cavabdeh SHXÇDX-nin Cəlilabad rayon hərbi komissarlığının 18.03.2015-ci il tarixli 187 nömrəli göndərişi ilə X9 adına Milli Oftalmologiya Mərkəzində 20.04.2015-ci ildən 21.04.2015-ci ilədək müayinədə olmuşdur. Şikayətləri zəif görmə və çəpliklə əlaqədar 2 dəfə cərrahi əməliyyat olunmuşdur. Diqnozu yüksək dərəcəli allergik konyuktivitdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.02.2018-ci il tarixli, 2(004)-1647/2018 saylı qətnaməsinə əsasən 17.08.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 13.11.2017-ci il tarixdən başlayaraq, hər ay 154 manat sabit pul məbləğində aliment və 17.08.2016-cı il təvəllüdlü X4 üç yaşı tamam olana qədər 50 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də məhkəmə belə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən uşaqlar üçün yaşayış minimumunun məbləği 193 manat təşkil edir. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin sağlamlıq vəziyyətini və maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 17 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 17 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməli və iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mediasiya haqqında Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan 01.03.2022-ci il tarixli, MŞB/4-00481 nömrəli İlkin mediasiya sessiyasında iştirak edilməməsi baradə arayışdan görünür ki, Cavabdeh tərəflər arasında baş verən boşanmadan sonra birgə nikahdan olan 17.08.2016-cı il təvəllüdlü X1 üçün ödənən aylıq alimentin Cavabdeh tərəfindən 192 manat olaraq ödənməsi tələbi ilə yaranmış mübahisə ilə bağlı 01.03.2022-ci ildə, 14:00-14:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Habelə iş materiallarında olan 01.03.2022-ci il tarixli qəbzə əsasən İddiaçı Bakı şəhəri 4 saylı Mediasiya təşkilatının hesabına 50 manat məbləğində pul köçürmüşdür. Bu baxımdan məhkəmə iddia tələbini mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab etdiyindən Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 17 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 17 avqust 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar