Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2054/2022 20.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan uşaqları - 14 iyul 2007-ci il təvəllüdlü X5, 19 aprel 2009-cu il təvəllüdlü X6 və 10 oktyabr 2012-ci il təvəllüdlü X4 hər birinin saxlanılmasına dair alimentin məbləğinin 170 manatdan 193 manatadək artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdırki, iddiaçı Cavabdeh ilə 05 sentyabr 2006-cı il tarixdə rəsmi nigaha daxil olaraq ailə qurmuşdur. Bu barədə Bakı şəhər Yasamal rayon VVADQ şöbəsində 2545 saylı qeydlə nigah haqqında şəhadətnamə verilmişdir. Birgə nigahlarından övladları 14 iyul 2007-ci il təvəlüdlü X5, 19 aprel 2009-cu il təvəlüdlü X6 və 10 oktyabr 2012-ci il təvəllüdlü X7 doğulmuşlar. Cavabdehin ailəyə münasibəti dəyişilməsi, ailəsi ilə maraqlanmaması, onlara ata qayğısı göstərməməsi, iddiaçıya və övladlarına heç bir vəsait xərcləməməsi, zorakılıqlara yol verməsi, azyaşlı uşaqların tərbiyəsi ilə məşğul olmaması, daima ailəni qorxu və həyacan içərisində yaşatması, narkotik vasitələrin aludəçisi olması, başqa bir qadınla yaşaması səbəbindən Yasamal rayon məhkəməsinin qəbul etdiyi qərara əsasən 2020-ci il tarixdə nikahları pozulmuşdur. Bu səbəbdən aliment ödənilməsi ilə bağlı Yasamal rayon məhkəməsinə müraciət edilmiş və məhkəmə hər uşağa 160 manat məbləğində alimentin ödənilməsinə dair qətnamə qəbul etmişdir. Cavabdehin ailəsinə qarşı despot hərəkətləri, onun mütamadi olaraq ailəyə işgəncələr verməsi, əxlaqsız hərəkətlər etməsi, döyməsi, zorakılıqlara, təhdidlərə, təhqirlər məruz qoyması, onun bir ata kimi, bir həyat yoldaşı kimi öz vəzifəsinin öhdəsindən gəlməməsini təsbit edir. İddiaçı övladlarının xətrinə uzun müddət onun bu vəhşiliklərinə dözməyinə baxmayaraq, sonuncu dəfə onu və azyaşlı uşağını vəhşicəsinə döydüyünə görə dözə bilməyib, məcbur olub evi tərk edib atasının evinə sığınmışdır. Bir sözlə onun illər boyu məişət pozğunluğu ilə məşğul olması barədə saysız-hesabsız faktlar göstərmək olar. Uşaqları hal-hazırda iddiaçının yanındadırlar. O, azyaşlı uşaqların saxlanılması məqsədi ilə alimentin məbləğinin artırılması tələbi ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də, yetkinlik yaşına çatmayan uşaqları - 14 iyul 2007ci il təvəllüdlü X5, 19 aprel 2009-cu il təvəllüdlü X6 və 10 oktyabr 2012-ci il təvəllüdlü X4 hər birinin saxlanılmasına dair alimentin məbləğinin 170 manatdan 193 manatadək artırılmasına dair qərar qəbul olunması zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi (atası) X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların yüksək mənafelərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon qeydiyyat şöbəsi tərəfindən 13.10.2020-ci il tarixində verilmiş AZ-İ 363130 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah Yasamal Rayon Məhkəməsinin 16.06.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 451 nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 30.05.2009-cı il tarixində verilmiş AZ-İİ 269687 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 19.04.2009-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 27.11.2012-cı il tarixində verilmiş AZ-İİİ 003781 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 10.10.2012-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 24.08.2007-cı il tarixində verilmiş 1588 nömrə ilə qeydiyyata alınan AZ-İ 954462 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 14.07.2007-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(004)-1713/2020 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.02.2019-cu il tarixli 2(004)- 1865/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər üşaq üçün 160 manat manat olmaqla cəmi 480 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməsi, 14.07.2007-ci il təvəllüdlü X5, 19.04.2009-cu il təvəllüdlü X6 və 10.10.2012ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 170 manat olmaqla, cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(004)-1713/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 14.07.2007-ci il təvəllüdlü X5, 19.04.2009-cu il təvəllüdlü X6 və 10.10.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 170 manat olmaqla, cəmi 510 (beş yüz on) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (170 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, uşaqların yaşlarına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu tələbini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq, valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu nəzərə alıb, iddia təmin edilməli, Cavabdeh 14.07.2007-ci il təvəllüdlü X5, 19.04.2009-cu il təvəllüdlü X6 və 10.10.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay 193 manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.03.2020-ci il tarixli 2(004)-1713/2020 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh 14.07.2007-ci il təvəllüdlü X5, 19.04.2009-cu il təvəllüdlü X6 və 10.10.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Məbləği dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2054/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2054/2022
20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver