Məhkəmə qərarları › İş №2(004)-2065/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2065/2023

08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2065/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-180/2022 nömrəli qətnaməsi ilə təyin edilmiş hər uşaq üçün hər ay 175 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəməyə gəlməmişdir. İddiaçı məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı ilə onun birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı üç uşaqları var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-180/2022 nömrəli qətnaməsi ilə onların nikahı pozulmuş, uşaqlar analarının yanında saxlanmış və hər ay hər uşaq üçün 175 manat aliment tutulması qət edilmişdir. O, hazırkı vaxta kimi alimenti ödəmişdir. O, Laçın rayonundan məcburi köçkündür, Yeni Yasamalda dükan icarəyə götürməklə ət satışı ilə məşğul olmuş və uşaqlarının maddi təminatını ödəmişdir. Bir ay olarki icarəyə götürdüyü dükan sökülmüşdür və o, işsiz qalmışdır. Hazırda onun gəlir yeri yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh xx.xx.2006-cı ildə 52 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar. Tərəflərin birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 adlı üç uşaqları var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-180/2022 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında Laçın rayon Qeydiyyat şöbəsində xx.xx.2006-cı ildə 52 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılmışlar, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün həy ay 220 manat müəyyən edilməlidir. xx.xx.2005-ci il təvəllüdlü X2 xx.xx.2023-cü tarixdə 18 yaşının tamam olacağını nəzərə alaraq, məhkəmə onun saxlanması üçün ödənilən 175 manat alimentin miqdarının dəyişdirilməsinə zərurət görmür. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqların mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün təyin edilmiş hər ay hər uşağa 175 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-180/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün təyin edilmiş hər ay hər uşağa 175 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 50 manat tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar