Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2066/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10700 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx xxxx 2020-ci il tarixdə notariat qaydasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən o, cavabdehə 10700 (on min yeddi yüz) manat məbləğində borc pul vermişdir. Həmin müqaviləyə əsasən cavabdeh hər ay 1700 (bir min yeddi yüz) manat iddiaçıya ödəməli di. Müqavilənin müddəti xx.xx.2021-ci il tarixə kimi nəzərdə tutulmuşdur. Müqavilə imzalandığı vaxtdan bugünədək heç bir pul ödənilməmişdir. Dəfələrlə cavabdehə borcun ödənilməsi barədə müraciət olunsa da, heç bir nəticəsi olmamışdır. Borcun ödənilməsi barədə yazılı şəkildə cavabdehə pretenziya məktubu ilə müraciət olunmuşdur. Buna görə də, o, pulun qaytarılması tələbi barədə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq cavabdeh tərəfindən verilmiş etiraza münasibət bildirərək qeyd etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 10700 manat məbləğində pul borc vermişdir. Cavabdeh həmin borcu xx.xx.2020-ci il tarixədək 1700 manat, qalan 9000 manat məbləğini isə hər ay 750 manat ödəmək şərtiylə xx.xx.2021-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Bugünə qədər cavabdeh borcundan bir qəpik belə ödəməmiş, daima müxtəlif bəhanələr gətirərək borcun ödənilməsindən yayınmış və onun hazırda ödənilməmiş 10700 manat borcu vardır. Cavabdeh sözü gedən notariusda şəxsən özü iştirak etmiş, həmin an onun və iddiaçının şəkilləri çəkilmiş, kredit müqaviləsinə şəxsən imza etmişdir. Cavabdehin hazırki etirazından da, görünür ki, onun borcu ödəmək niyyəti yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə yazılı etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsindən aydın görünür ki, iddia tam əsassızdır və böhtan, qərəzli, dolayı yolla ondan pul tələb etmək əsasında tərtib edilmişdir. İddiaçı qeyd edir ki, xx xxxx 2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi hər ay 1700 manat olmaqla kredit ödənilməlidir. Müqavilənin hansı notariat ofisində bağlanılması iddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsində göstərilməmişdir. Bu halda bu tələb əsaslı ola bilməz. Əlavə olaraq ehtimal edilsə, 10700 manat pul tələbi olduğu halda, göstərilənlərə əsasən müqavilə 12 ay, 06 gün müddətinə bağlanılmışdır. Hər ay 1700 manat olmaqla, 12 aya bu məbləq 20.400 manat hesablanmışdır. Amma iddianın təmin edilməsini xahiş edərkən 10700 manat ödənilməsi xahiş edilmişdir. Bu halda müqavilə hansı səbəbdən 12 ay 06 gün müddətinə bağlanılıb. 06 gün dedikdə nəzərdə nə tutulub? Onun ilə elə bir ciddi münasibəti olmamışdır. Kredit borcunun ondan hansı məqsəd üçün almağı da iddia ərizəsində qeyd edilməmişdir. Eləcə də kredit borcunun nə 10000 manat deyil, nə 11000 manat deyil, 10700 manat natamam bir məbləq qeyd edilmişdir. Qeyd etmək istəyir ki, o iddiaçıdan 10700 manat məbləğində pul almamış və iddiaçı ona 10.700 manat məbləğində pul verməmişdir. Kredit müqaviləsi hansı notariat ofisində bağlanması barədə ona sənəd təqdim edilməlidir. İddiaçı onu böhtan xarakterli, ondan pul almaq məqsədilə Yasamal Rayon Polis İdarəsinə şikayət edərək, dələduzluq yolu ilə ondan 10000 manat pul aldığı barədə şikayət vermişdir. Bundan sonra iddiaçı ondan Bakı şəhəri Baş Polis İdarəsinə şikayət verərək eyni qaydada ondan pul tələb etmişdir. Polis idarəsində heç-bir sübut olmadığı halda, işin hansı qaydada bağlanması ona məlum olmadığı halda, sadəcə ona təsir edərək, hədə-qorxu ilə notariat ofisinə apararaq, notariusun yanında öz pulunu notariusun depozit hesabına ödəyərək, həmin hesabdan da saxtakarlıq yolu də öz pulunu özünə götürərək süni formada onu özünə borclu etmişdir. Hesab edir ki, bu hissədə tam araşdırılma aparılmalıdır, notarius üçüncü şəxs qismində işə cəlb edilməli, video görüntülər məhkəməyə təqdim edilərək, iş materialları araşdırma ilə bağlı istintaq orqanına göndərilməlidir. Qeyd edilənlərdən aydın görünür ki, MM-nin 390, 390.1-ci maddələrinin tələbi pozulmuşdur. Eləcə də sözügedən müqavilə təsir altında, saxtakarlıqla, ona heç bir pul vəsaiti verilmədən, notariusla əlbir olaraq iddiaçı öz pulunu öz adına onu özünə qanunsuz hədə-qorxu ilə borclu etmək məqsədilə bağladığı kredit müqaviləsi və notariusun depozit hesabına öz pulunu qoyaraq, özü tərəfindən götrürərək həmin pula onun əli toxunmadan özündə saxlayaraq ona qarşı qaldırdığı iddia ərizəsində MM-nin 385.1, 386.1, 425.1, 428.4, 439.1, 739.1, 739.2, 740.2-ci maddələrinə istinad edilməsi əsassızdır. Çünki, müqavilə qanunsuz bağlanılmış və ona pul verilməmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10700 manat məbləğində pul borc vermişdir. Borc alan krediti xx.xx.2020-ci il tarixədək 1700 manat, qalan 9000 manat məbləğini isə hər ay 750 manat ödəmək şərtiylə xx.xx.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, İddiaçı Cavabdeh 10700 manat məbləğində pul borc vermiş, cavabdeh krediti xx.xx.2020-ci il tarixədək 1700 manat, qalan 9000 manat məbləğini isə hər ay 750 manat ödəmək şərtiylə xx.xx.2021-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçı qarşısında məsuliyyət daşıyıraraq, nəticədə onun iddiaçı qarşısında borcu yaranmışdır. Məhkəmə cavabdehin iddiaya etirazına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, sonuncu iddiaya etiraza dair sadaladığı hallara dair məhkəməyə hər hansı bir mötəbər sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq iş materialları ilə tərəflər arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində şəxsən özlərinin iştirakı ilə kredit müqaviləsi bağladıqları müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10700 (on min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbinin təmin edildiyidən, üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 238, 244, 358 və 360 -cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10700 (on min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2066/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2066/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver