Məhkəmə qərarları › İş №2(004)-2075/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2075/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2075/2024 02.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-617/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini, birgə nikahından doğulmuş övladı - xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin daimi əsaslarla (ömürlük) tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-617/2018 nömrəli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş - xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X4 hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilir. X1 17 yaşı var və ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinə məlumatına əsasən “F70 Yüngül dərəcəli əqli gerilik” diaqnozu qoyulmuş, orqanizm funksiyalarının pozulması 60% dərəcəsi müəyyən olunaraq ona müddəsiz olaraq üçüncü dərəcəli əlillik verilmişdir. Müəyyən edilmiş 100 manat aliment xəstə övladının tələbatını ödəməyə yetmir. Övladı xəstəliyi ilə əlaqədar 268 saylı xüsusi məktəbdə təhsil alır. Cavabdeh 100 manat alimenti ödəsə də, övladı ilə maraqlanmır. Uşağın bütün qayğısı, ehtiyacı tamamilə onun üzərinə düşür. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Eyni zamanda övladının xəstəliyi ilə əlaqədar olaraq müddətsiz əlillik dərəcəsinin olmasını və əmək qabiliyyətinin olmamasını nəzərə alaraq hesab edir ki, müvafiq aliment cavabdehdən övladı yetkinlik yaşına çatanadək deyil, daimi əsasla (ömürlük) tutulmalıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilsə də, cavabdeh məhkəməyə gəlməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə yazılı etiraz göndərərək, Göyçay rayonunda qeydiyyatda olmaqla yaşadığını, maddi imkanının olmadığını nəzərə alaraq, mülki işin aidiyyatı üzrə Göyçay Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə Yasamal RPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli müvəqqəti qeydiyyat vəsiqəsinə əsasən İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ev 227 ünvana xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilədək müvəqqəti qeydiyyata alındığını və himayəsində sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayan övladı olduğunu nəzərə alaraq Azərbaycan Respublikası MPM-nin 36.5-ci maddəsinə əsasən işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması mümkün hesab edir. Çünki, Azərbaycan Respublikası MPM-nin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(046)-782/2015 nömrəli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında Göyçay rayon VVAQ şöbəsində xx.xx.2003-cü il tarixdə 164 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2007-ci il təvəllüdlü X5 anası İddiaçı yanında qalmış və onun yetkinlik yaşına çatana kimi saxnanması üçün Cavabdeh hər ay 80 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-617/2018 nömrəli qətnaməsi ilə cavabdeh X4 xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Göyçay Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli məlumatına əsasən xx.xx.2007-ci il təvəllüdlü X3 “F70 Yüngül dərəcəli əqli gerilik” diaqnozu qoyulmuş, orqanizm funksiyalarının pozulması 60% dərəcəsi müəyyən olunaraq ona müddəsiz olaraq üçüncü dərəcəli əlillik verilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, həy ay 235 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Göyçay rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli arayışından müəyyən edilir ki, Cavabdeh qazanxanaçı işləyir və aylıq əmək haqqı 388 manatdır. Məhkəmə uşağın mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia təmin qismən edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-617/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Ailə Məcəlləsinin 80.1-ci maddəsində valideynlərin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borclu olmaları təsbit edilmişdir. xx.xx.2007-ci il təvəllüdlü X5 hazırda yetkinlik yaşına çatmamışdır. Bu səbəbdən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Cavabdeh 48,20 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(046)-617/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı – xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 48,20 (qırx səkkiz manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar