Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2095/2025 23.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: borc müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2800 manat borc məbləği və dövlət rüsumu kimi ödədiyi 48 manat da olmaqla, cəmi 2848 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək cavabdehin ödəməli olduğu 3000 manat borc, 300 manat vəkilin xidmət haqqında görə, 48 manat əvvəlki dövlət rüsumu, 30 manat tələbin artırılmasına dair rüsum olmaqla, ümumilikdə 3378 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2021-ci ildən tanıyır. Aralarında yaxın münasibətlər yaranmışdır. Cavabdeh dəfələrlə ondan borca pul almış, sonuncu aldığı brc istisna olmaqla, qalan borca aldığı pulu qaytarmışdır. Belə ki, Cavabdeh ondan xx.xx.2021-ci il tarixdə 1000 manat və xx.xx.2021-ci il tarixdə 1200 manat almış və bir müddətdən sonra qaytarmışdır. Lakin Cavabdeh ondan xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə aldığı cəmi 4600 manat puldan 1800 manat qaytarmışdır. Borca aldığı puldan 2800 manatını cavabdeh hazırki vaxta qədər qaytrmamışdır. Bununla bağlı dəfələrlə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmışdır. İstifadəsində olan ***-***-**-** mobil nömrə ilə cavabdehin istifadəsində olan ***-***-**-** nömrə arasında pulun verilməsi və cavabdehin borcun etiraz etməsi ilə bağlı aralarında yazışmalar mövcuddur.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya heç bir borcu yoxdur. Bütün borclarını iddiaçıya ödəmişdir. İddiaçının ondan tələb etdiyi borc faiz borcudur.
III. Məhkəmə baxışının hədləri:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1226/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 6100 manat məbləğində pulun tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir.
7. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 1720 manat məbləğində pul ödənilmişdir.
8. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının hesabına 2020 manat məbləğində pul ödənilmişdir.
9. Kart hesabından çıxarışa əsasən müəyyən edilir ki, 523915****1191 nömrəli iddiaçıya məxsus karta cavabdeh tərəfindən ümumilikdə 750 manat məbləğində pul ödənilmişdir.
10. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.
14. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
17. Həmin Məcəllənin 739.2-ci maddəsin əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
18. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
19. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın.
20. Belə ki, iddiaçı 4600 manat məbləğində borc verdiyini və həmin puldan 1800 manat məbləğində pulun cavabdeh tərəfindən ona qaytarıldığını bildirmişdir. Cavabdeh borc aldığı məbləğin iddiaçıya qaytarıldığını bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə münasibətdə məhkəmə qeyd edir ki, adıçəkilən qəbzlər iddiaçının hazırda tələb etdiyi borc məbləğinin ödənilməsinə dair mötəbər sübut qismində çıxış edə bilməz. Belə ki, təqdim olunmuş ödəniş qəbzləri 2022-ci ilin iyul ayında 1720 manat və 2020 manat olmaqla, ümumilikdə 3740 manat məbləğində pulun iddiaçıya köçürüldüyünü təsdiq etsə də, iş materiallarına təqdim edilmiş yazışmalara əsasən cavabdeh 2022-ci ilin sentyabr ayında 4600 manat borcunu olmasını etiraf etmişdir. Belə olan halda həqiqətən 3740 manat məbləğində pul hazırki borc münasibəti ilə bağlı ödənilmişdirsə, cavabdehin təxminən 2 ay sonra 4600 manat məbləğində borcunun olmasını etiraf etməsi ağlabatan görünmür.
21. Bundan başqa məhkəmə icraatı dövründə müəyyən edilmişdir ki, tərəflər arasında əvvəllər də borc münasibəti olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ödəniş qəbzləri tərəflər arasında əvvəllər mövcud olmuş borc münasibətləri ilə bağlı ödənilmişdir.
22. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qəbzdə alıcı X3 göstərilmişdir.
23. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək cavabdehə sonradan 200 manat məbləğin borc verdiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
24. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.
27. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.
28. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.
29. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.
30. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
31. Odur ki, yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2800 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
32. Bundan başqa iddia ərizəsində 300 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
33. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. Belə ki, İddiaçı ilə De Fendo Vəkil Bürosu arasında bağlanmış xx.xx.2025-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında EM-1129VK-15393/25 nömrəli müqaviləyə əsasən müəyyən olunur ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 300 manat müəyyən edilmişdir.
35. Həmçinin iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu qismən, 53 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
36. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 2800 manat məbləğində əsas borc, 300 manat hüquqi yardımın göstərilməsi üçün ödənilmiş məbləğ, 53 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3153 (üç min yüz əlli üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artıq ödənilmiş 27 (iyirmi yeddi) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil