Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2107/2024 29.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1, Cavabdeh X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanmaya görə 1.000 (bir min) manat, vurulmuş ziyanın əvəzi olaraq 1.000 (bir min) manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 (qırx) manat; bank xidmət haqqının əvəzi olaraq, 0,40 manat, ümumilikdə 2.040,40 (iki min manat dırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, onlar birgə iddiaçılar olaraq birgə nikah dövründə əldə etdikləri vəsait hesabına özlərinə ev almaq qərarına gəlmişlər. Bu məqsədlə, 2023-cü ilin oktyabr ayında ünvan 1 ünvanında yerləşən 7 saylı mənzili satın almaq məqsədilə özünü ev sahibinin nəvəsi olaraq təqdim edən Cavabdeh2 Sədrəddin oğlu ilə yazılı beh müqaviləsi bağlayaraq sonuncuya 500 (beş yüz) manat məbləğində beh pul vermişlər. Alacaqları evi İddiaçı2 adına rəsmiləşdirmək istədikləri üçün beh müqaviləsi onun adına bağlanmışdır. Lakin həmin vaxt hüquqlarını tam bilməməkləri səbəbindən beh müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi bağlamaq məqsədilə cavabdeh Cavabdeh2 və ev sahibi olan Cavabdeh1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva pr. 58/1 ünvanında yerləşən ünvan 3ın həyata keçirilməsi üçün müvafiq sənədlərin çatışmazlığı səbəbindən alqı-satqının həyata keçirilməsi mümkün olmamışdır. Həmin vaxt cavabdehlər çatışmayan sənədlərin tamamlanması adı ilə ondan əlavə olaraq 500 (beş yüz) manat pul almışdır. Bundan sonra dəfələrlə cavabdehlərlə əlaqə saxlayaraq alqı-satqının yekunlaşdırmaq istəsə də, cavabdehlər sənədlərin natamam olduğunu qeyd edərək ona evi natamam sənədlərlə almağı təklif etmiş və evi aldıqdan sona sənədləri tamamlayacaqlarını bildirmişlər. Lakin o, həmin təkliflərlə razılaşmadığı üçün verdiyi 1.000 (bir min) manat pulu geri istəmişdir. Buna baxmayaraq həmin şəxslər müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmamışlar. Belə olan halda o, məcbur qalıb DİN-nin “102 xidmətinə” zəng edərək şikayət etmişdir. Şikayəti əsasında Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-də araşdırma aparılmışdır. Cavabdeh2 öz izahatında yuxarıda qeyd etdiyi halları təsdiq etmişdir. Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elçin Bədəlzadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə mübahisənin mülki xarakterli olduğu əsas gətirilərək ona məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Hazırki vaxtadək dəfərlələ tələb etməyinə baxmayaraq, cavabdehlər 1.000 (bir min) manat pulu geri qaytarmamışlar. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, beh müqaviləsi İddiaçı2 ilə Cavabdeh2 arasında bağlanılmış və ilkin olaraq 500 manat məbləğində beh verilmişdir. Daha sonra isə mənzilin mülkiyyətçisi olan digər cavabdeh X3 onun tərəfindən noratiat orqanında sənədləşdirmənin aparılması üçün əlavə olaraq 500 manat pul verilmişdir. Onlarla danışığı isə mənzilin mülkiyyətçisinin adından onu nəvəsi Cavabdeh2 aparmışdır. Ona görə də, beh ilkin ona verilmişdir. Lakin sonra cavabdehlər evin sənədlərini düzəldə bilməmiş, alqı-satqıdanda imtina edərək mənzili sonradan başqa şəxsə satsalarda onun pulunu geri qaytarmamışlar. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, digər cavabdeh onun nəvəsidir. Mənzilin mülkiyyətçisi isə odur. Ürəyindən cərahiyyə əməliyyatı olmuşdur. Həyat yoldaşı rəhmətə gedib. Evdə kişi xeylağı olmadığı üçün nəvəsi Səidə demişdir ki, mənzilin satılmasında ona kömək eləsin, iddiaçılar tərəfindən nəvəsinə 500 manat, maklerə 100 manat verilmişdir. Sonradan alqı-satqı etmək üçün notariat ofisinə gedərkən ofisin həyətində ona İddiaçı1 tərəfindən 500 manat pul verildi. Bundan sonra o, düşündü ki, artıq alqı-satqı prosesi gedir, bu arada nəvəsidə başqa yerə beh qoymuşdur. Bundan sonra Fərhada zəng edərək bildirmişdir ki, “o adamın behin vaxtı keçir, siz mənə 5000 manat verin onsuzda alqı-satqı prosesi gedir, mən behi verim sonra razılaşaraq”, lakin Fərhad razılaşmamışdır. Daha sonra sənədlər notariusda hazır olanda iddiaçılar razılaşmadı ki, 1/9 pay hissəsi olmasın. Bundan sonra o, sənədə düzəliş edilməsi ilə bağlı ASAN xidmətə müraciət etmiş və sənəd düzələnə yaxın notarius başqa müştəri gətirmişdir ki, mənzili onlar alır. İddiaçılar ilə 43000 manata danışsalar da, sonradan gələn müştəri 38500 manat pul ilə gəlmişdir. Onnarda mənzili satmışlar. Aldığı pul ugeri qaytarmaqdan yayınmır. Hətda mənzili satanda iddiaçılara bildirdi ki, kart atsalar puların karta köçürdər. Lakin onlar bundan imtina edırık nağd verilməsini tələb etdilər. O, evi satdığı məbləği artıq xərclədiyindən, hazırda həmin pulu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur, lakin hissə-hissə ödəyə bilər. Bundan başqa evdə qeydiyyatda olanların qeydiyyatdan çıxmaları ilə bağlı məhkəməyə müraciət olunub. Onlar qeydiyyatdan çıxdıqdan sonra ona 1000 manat pul verəcəklər, həmin pulu gətirib iddiaçılara ödəyəcək. Qeyd olunanları əsasən, məhkəmədən qətnamə qəbul edilərkən bunların nəzərə alınmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş (həmçinin onun vəkili və nümayəndəsinə məhkəmə elektron sistemi vasitəsilə SMS bildirişi) göndərilmiş, eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmiş, bildiriş cavabdehə çatdırılmışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə gəlmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - xx.xx.2023-cü il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı2 ünvan 4 ünvanında yerləşən 7 saylı evə dair 43000 manat məbləğə alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüşlər. Beh verən gələcəkdə bağlanacaq alqı-satqı müqaviləsinin təminatı kimi beh alana 500 manat beh vermişdir. - Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı E.Bədəlzadənin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı1 hazırki iddia ərizəsində göstərilən məsələ ilə bağlı Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edərək, Cavabdeh2 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmiş, aparılmış araşdırma zamanı hər hansı bir cinayət hadisəsi aşkar edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən araşdırma zamanı Cavabdeh2 mahiyyəti üzrə izahat verərək İddiaçı1 izahatında göstərmiş olduğu xüsusatları təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, Fərhad adlı şəxs işin alınmadığı gördükdə ondan ödədiyi behin 2 qat mislini geri istəmiş, o da öz növbəsində sonuncu ilə razılaşmamış, eləcə də Fərhada olan 1000 manat məbləğində borcunu hissə-hissə olmaqla qaytarmağa hazır olduğunu qeyd etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Həmin Məcəllənin 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə baxışında araşdırılmış sübutlarla Cavabdeh2 ilə İddiaçı2 xx.xx.2023-cü il tarixli beh müqaviləsinə əsasən ünvan 4 ünvanında yerləşən 7 saylı evə dair 43000 manat məbləğə alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmələri, İddiaçı2 tərəfindən Cavabdeh2 500 manat beh verilməsi, bundan sonra əlavə olaraq İddiaçı1 tərəfindən çatışmayan sənədlərin tamamlanması məqsədi ilə cavabdeh X3 500 manat beh verilməsi, lakin cavabdehlər tərəfindən müqavilə şərtləri pozulması təsdiq olunduğundan iddia tələbi beh məbləğinin qaytarılması hissəsində təmin edilməli, cavabdeh X1 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1, Cavabdeh2 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməlidir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, ilkin beh müqaviləsi İddiaçı2 ilə məhz Cavabdeh2 arasında bağlanılmış, Cavabdeh2 buna səlahiyyəti çatmasa da, nənəsi olan mənzilin mülkiyyətçisi, digər cavabdeh X2 adından hərəkət edərək müqaviləni imzalamaqla 500 manat pul vəsaitini də şəxsən almışdır. Daha sonra isə İddiaçı2 həyat yoldaşı olan digər İddiaçı1 tərəfindən, mənzilin mülkiyyətçisi X3 daha 500 manat məbləğində pul verilmişdir. İşin bu halları iş materialları və eləcə də, tərəflərin etirafedici izahatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, ilkin müqavilə digər cavabdeh tərəfindən imzalansa da, mənzilin mülkiyyətçisi olaraq əlavə 500 manatı da, qəbul etməklə Cavabdeh1 onun adından bağlanılmış müqaviləni bəyəndiyini nümayiş etdirmişdir. Məhkəmə hesab edr ki, iddiaçı iddia tələbini ödənilmiş behin qaytarılması hissəsində 500 manat həcmində irəli sürdüyündən, məhkəmə də, tələbə həmin həddə qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi “vurulmuş ziyanın əvəzi olaraq 1.000 (bir min) manat pulun cavabdehlərdən alınaraq onlara ödənilməsi” hissəsində təmin olunmamalıdır. Belə ki, iddiaçılar vurulmuş ziyanın nıdın ibarət olması və həmin tələbi təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 40,40 (qırx manat 40 qəpik) manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının 20,20 (iyirmi manat 20 qəpik) manatı iddiaçılara aid edilməli, qalan 20,20 (iyirmi manat 20 qəpik) manatı isə cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1, Cavabdeh2 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. İş üzrə ödənilmiş 40,40 (qırx manat 40 qəpik) manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının 20,20 (iyirmi manat 20 qəpik) manatı iddiaçılara aid edilsin, qalan 20,20 (iyirmi manat 20 qəpik) manatı isə cavabdehlər X4 və Cavabdeh2 müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2107/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2107/2024
29.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver