Məhkəmə qərarları › İş №2(004)-2115/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2115/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2115/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 1049,08 manat əsas, 844,75 manat faiz, 1627,76 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 154,2 manat faiz borcu olmaqla, cəmi 3675,79 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1379/14 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 33% ödənilmək şərtilə 4850 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdeh Zamin ilə xx.xx.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zamin borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyır. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək 2(004)-2115/2021 saylı mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1379/14 saylı istehlak kredit müqaviləsinə əsasən, bank borcalana şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 33% ödəmək şərtilə 4850 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC ilə Zamin arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1379/14 saylı zaminlik müqaviləsinə əsasən Zamin bank qarşısında Cavabdeh ilə bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1379/14 saylı istehlak kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli 1379-14 nömrəli əlavə sazişə əsasən, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 3536,75 ABŞ dolları təşkil etməsi müəyyən olunmuşdur. Kreditin müddəti müqaviləyə əsasən xx.xx.2017-ci il tarixədək təyin edilmişdir. İş materiallarında olan xx xxxx 2015-ci il tarixli 1379/14 nömrəli zaminlik müqaviləsinə əlavə sazişə əsasən, borcun təminatı olaraq Zamin ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli 02 nömrəli əlavə sazişə əsasən, kredit restruktizasiya edilmişd ir. Borcalanın kreditor qarşısındakı 1100 ABŞ dolları kredit öhdəliyinin qalığı konvertasiya edilməklə (1 USD = 1.45 AZN) 1595 manat təşkil etməsi müəyyən olunmuşdur. Restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli 02 nömrəli zaminlik müqaviləsinə əlavə sazişə əsasən, borcun təminatı olaraq Zamin ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, **********102 saylı maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2017-ci il tarixli, KM003T02170066S01 kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixədək 1049,08 manat məbləğində əsas borc, müqavilənin bitmə tarixinə hesablanmış 844,75 manat mələğində faiz borcu, 1627,76 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 154,2 manat borc, cəmi isə 3675,79 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi borcun və faizin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən kredit müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla 154,2 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq 50 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, kreditor tərəfindən zaminə qarşı iddia sürməsi üçün nəzərdə tutulan müddət axımı xx.xx.2018-ci il tarixdən başlamış və həmin vaxtdan bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmiş və bununla da, zaminlik müqaviləsi üzrə zaminin öhdəliklərinə xitam verilmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi borcun Zamindan tutulması hissəsində təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat cavabdeh Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1049,08 manat əsas, 844,75 manat faiz, 50 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 154,2 manat faiz borcu olmaqla, cəmi 2098,03 (iki min doxsan səkkiz manat üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1049,08 manat əsas, 844,75 manat faiz, 50 manat cərimə, müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 154,2 manat faiz borcu olmaqla, cəmi 2098,03 (iki min doxsan səkkiz manat üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar