Məhkəmə qərarları › İş №2(004)-2115/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2115/2023

12.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2115/2023 12.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004 1817/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hər uşaq üçün hər ay müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimentin miqdarını dəyişdirərək hər uşaq üçün hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi, 50 manat dövlət rusumu və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2006-cı il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2007-ci ildə X4 və xx.xx.2008-ci ildə X5 adlı uşaqları doğulmuşdur. Cavabdehin ailəyə laqeyd münasibəti və göstərdiyi şiddət səbəbindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(004)-7455/2014 saylı qətnaməsi ilə xx.xx.2006-cı il tarixdə 82 nömrə ilə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuş, uşaqları onun yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2014-cü il tarixdən etibarən hər uşağa görə hər ay 103 (yüz üç) manat olmaqla hər aya cəmi 206 (iki yüz altı) manat alımentin tutulması qət edilmişdir. Sonradan uşaqların artan maddi ehtiyaclarını (geyim, ərzaq, tədris, istirahət, idman və s) tək ödəyə bilmədiyi və cavabdehində əlavə maddi yardım etmədiyi üçün alimentin artırılması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-1817/2021 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək hər uşağa görə hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilmişdir. Hal-hazırda hər iki uşaq onun himayəsindədir. Onun isə daimi iş yeri və stabil qazancı yoxdur. Valideynin yardımı və aldığı hazırki aliment uşaqların ehtiyaclarını tam ödəmir. Cavabdeh isə kifayət qədər qazanca sahib olsa da onlarla maraqlanmır. Belə olan halda alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iş üzrə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, 2014-cü ilin sonundan aliment ödəyir. Hazırda ikinci dəfə ailə həyatı qurub və həmin nikahdan iki övladı vardır. Hazırda həyat yolaşı hamilədir. Buda o deməkdir ki, artıq himayəsində dörd övladı vardır. Əmək haqqısı 1200 manatdır. Bu günə qədər o, hər ay 350 manat məbləğində aliment ödəmişdir. Onun aliment borcu yoxdur. Hətta təxminən 800 manat artıq ödəniş etmişdir. Bundan başqa, iddiaçı 2022-ci il tarixdə alimentin artırılması ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etsə də, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiası rədd edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1817/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat məbləğində artırılmasını tələb edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı əvvəldə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4979/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunmuşdur ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur və muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxsdir və mülkiyyətində iki mənzili vardır. Müvafiq qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, iddiaçı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1817/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmasını xahiş etsə də, sonuncu tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması, eləcə də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4979/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra şəraitin dəyişməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alımentin artırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar