Məhkəmə qərarları › İş №2(004)-2121/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2121/2022

13.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2121/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X6 oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Cavabdeh1 Cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə mənzildən çıxarılma, mənzilin qanuni sahibliyə qaytarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 78 saylı mənzildən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçının qanuni sahibliyinə qaytarılması, cavabdehlərin evi zəbt etdikləri vaxtdan, yəni 2021-ci ilin noyabr ayından qətnamə icra olunan dövrə qədər aylıq 400 manat olmaqla, kirayə haqqının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli mənzili üçüncü şəxs "xxxx" MMC-dən 22 fevral 2020-ci il tarixli 127 saylı müqaviləyə əsasən almış, mənzilə məişət əşyaları almış və mənzilin kirayə verilməsi üçün qohumuna etibarnamə vermişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, mənzil onun tərəfindən zəbt edilməmiş, mənzili 10 noyabr 2021-ci il tarixdə 176 saylı müqaviləyə əsasən dəyərini ödəməklə "xxxx" MMC-dən arvadı Cavabdeh2 adına almışdır. Mənzili alarkən mənzilin təmirli olmasını görmüş, şirkət tərəfindən mənzilin əvvəlki sahibi Bulud Aslanov adlı şəxs tərəfindən təmir edildiyi ona bildirilmiş, o özü həmin şəxslə telefon vasitəsi ilə danışmış, Bulud adlı şəxs mənzilin onun tərəfindən təmir edildiyini, mənzili şirkətə geri satdığını və şirkətin ona borcu olmadığını bildirmişdir. 01 dekabr 2021-ci il tarixdə mənzili satan MMC-nin nümayəndəsi X1 vasitəsi ilə ona yazaraq mənzilin alqısatqı müqaviləsinin əslini, arvadı Cavabdeh2 məxsus şəxsiyyət vəsiqəsini mənzilin qazı, suyu, işığının adlarına keçirilməsi üçün ondan istəmiş, o da ona inanaraq həmin sənədləri ona vermişdir. Mənzilə köçəndən sonra binanın digər sakinlərindən onun aldadıldığını, başqa şəxsə satılmış mənzilin ona satıldığını bilmişdir. Müqaviləni MMC-nin adından imzalamış şəxsin isə müqavilə bağlanan anda ölmüş olduğunu bilmişdir. Yasamal Rayon Prokurorluğunda aparılan cinayət işində o, həmin binanın aldadılmış digər sakinləri ilə bərabər zərərçəkmiş şəxs qismində tanınmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi cavabdehin izahatına uyğun izahat vermiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmiş «Çoxmənzilli yaşayış binasında mənzil tikintisi haqqında» 10 noyabr 2021-ci il tarixdə 176 saylı müqavilədən görünür ki, "xxxx" MMC Cavabdeh2 sifarişinə əsasən mübahisəli mənzilin tikilib ona təhvil verilməsini, sonuncu isə mənzilin qəbul edilib haqqının ödənilməsini öhdələrinə götürmüşlər. Müqavilə MMC-nin adından X5 tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş qəbr daşının fotoşəkillərindən görünür ki, X5 hələ 03.11.2018-ci il tarixdə ölmüşdür. Yasamal rayon Prokurorluğunun 28 aprel 2022-ci il tarixli №1025-xid-22 saylı məktubuna əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Y.Yasamal 7-ci Alatava 80A ünvanında "xxxx" MMC tərəfindən tikilmiş və idarə olunan yaşayış binasının xeyli sayda sakini, Yasamal Rayon Prokurorluğuna kollektiv şikayət ərizəsi ilə müraciət edərək, 2019-cu ildən 2021-ci ilin yay aylarınadək olan müddət ərzində özünü "xxxx" MMC-nin nümayəndəsi və binanın komendantı kimi təqdim edən X2 tərəfindən "xxxx" MMC-nin vəzifəli şəxslərinin adına saxta müqavilə və saxta maliyyə arayışları əsasında onlara mənzillər satıldığını və dələduzluq edildiyini bildirmişlər. Faktla bağlı cinayət işi başlanılmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 100.000 manata "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal 7-ci Alatava 80A ünvanında yerləşən binanın 1-ci blokun 78 saylı mənzili həyat yoldaşı Cavabdeh2 adına 10.11.2021-ci il tarixli saxta müqavilə əsasında satılmaqla onlara məxsus 80.000 manat pul ələ keçirilmişdir. Ona görə də Cavabdeh1 21.12.2021-ci il tarixli qərarla iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin mənzilin real sahibi olan İddiaçı isə iş üzrə şahid qismində dindirilmişdir. Həmin mənzillə bağlı bağlanmış müqavilələrin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. Beləliklə tədqiq olunmuş sübutlardan mübahisəli mənzilin sahibinin iddiaçının olması, cavabdehə isə sonrakı saxta müqavilə əsasında satılması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin iddiaçının qanuni istifadəsində olduğu müəyyən edildiyindən mənzil cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə kirayə haqları tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Məhkəmə hesab edir ki, cavabdehlər mübahisəli mənzili aldatma nəticəsində aldığından və cavabdehin mənzilini zəbt etmədiklərindən (vicdanlı sahib olduqlarından), mənzili aldıqdan sonra onu kirayə verərək gəlir əldə etmədiklərindən iddia kirayə haqqlarının tələbi hissəsində təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dölət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 78 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılsın, mənzil boşaldılaraq İddiaçı qanuni sahibliyinə qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar