Məhkəmə qərarları › İş №2(102)-3032/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3032/2023

05.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3032/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mübahisəli əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim),Əhmədov Əhməd Abbas oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 və X3 qarşı “mənzildən çıxarma və mənzilin boşaldılaraq müliyyətçiyə təhvil verilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-836/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsində n Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3362/2018 saylı, 24 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsi üzrə banka 29102,91 ABŞ dolları əsas, 18686,75 ABŞ dolları faiz, 3,97 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 47793,63 ABŞ dolları (qətnamənin icra olunduğu gönə olan manat məzənnəsi ilə) məbləğində borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının tutulması, borcun ipoteka predmetinə yönəldilməsi, tutma Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzilinə yönəldilməsi ipoteka predmeti olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 mülkiyyətindəki Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat məbləğində müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunacaq məbləğiniddiaçı "xxxx" İKB-nin xeyrinə ödənilməsi, Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfinfən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı ASC-nə məxsusdur.

3. Sumqayıt şəhər İcra Hakimiyyəti MKT İstehsalat Birliyinin 16 saylı MənzilKommunal sahəsinin xx.xx.2014-cü il tarixli arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məxsus, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 27 saylı evin, 9 nömrəli mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2018-ci il tarixli 2(060)-3362/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 30 dekabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 18 oktyabr 2022-ci il tarixli “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildə Cavabdeh3 qeydiyyatda olmaqla yaşayır. İddia ərizəsinə əlavə edilmiş Sumqayıt şəhər 16 saylı MİS-nin 28 noyabr 2014-cü il tarixli arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.

6. Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(060)-452/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzildən çıxarılmaları, həmin m ənzilin boşaldılması və İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbindən müəyyən olunur ki, cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzilin istismarını dayandırmaması və əmlakın boşaldılmaması mülkiyyətçi kimi onun iradəsinə ziddir.

8. Məhkəmə hesab etmişdir ki, cavabdehlərin mübahisəli əmlakda qalması iddiaçıya öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.5, 157.4-cü maddələri və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununu 59.3, 59.3.1, 59.3.2-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

10. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(060)452/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qarşı tərəfin təqdim etdiyi sübutlara əsaslanmaqla heç bir araşdırma aparmadan hazırki qətnaməni qəbul etmişdir. Onun və ailə üzvlərinin bu mənzilin iddiaçıya satılmasından, ümumiyyətlə keçirilmiş hərracdan məlumatları belə olmamış və hərrac onların i ştirakları olmadan aparılmışdır. Hərrac keçirilərkən onların hüquqları pozulmuş və onlar iddiaçı qarşısında bu mənzili boşaltmaq barədə hər hansı bir öhdəlik götürməmişlər.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-836/2023 nömrəli iş üzrə 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- X5, hakimlər X6 və X2 ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(060)-452/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini “mənzilin iddiaçıya satılmasından, ümumiyyətlə keçirilmiş hərracdan məlumatlarının olmaması” ilə əsaslandırmışdır.

14. Lakin, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdehlər “Yelo Bank" ASC-yə və "xxxx" MMC-yə qarşı "hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin iddia ərizəsində hərracın keçirilməsindən, eləcə də "xxxx" MMC ilə “Yelo Bank" ASC ilə bağlanmış alqı-satqı müqaviləsindən onun və ailə üzvlərinin məlumatlarının olmadığını qeyd etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3417/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmamı ş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-2335/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh1 şikayəti təmin edilməyərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3417/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Odur ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə dair hüquqları cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. İddiaçı ASC-nin Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 3 otaqlı, 63.38 kv.m ümumi, 39.6 kv.m yaşayış sahədən ibarət 27 nömrəli evin 9 nömrəli mənzilin cavabdehlər tərəfindən boşaldılmasına, bütün əşyaların çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil verilməsinə dair tələbi qanuni və əsaslıdır.

16. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respub likası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.5, 157.4-cü maddələri və “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununu 59.3, 59.3.1, 59.3.2-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytaraılması barədə qərar qəbul etməyi xahiş etmişdir.

18. Kassator Azərbaycan Respublikasının “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəlləsinin 8 və 418-ci maddələrinə istinad edərək, məhkəmə tərəfindən maddi hüquq normaların ın tələblərinin pozulduğunu qeyd etmişdir. Kasasiya şikayətin dəliləri apelyasiya şikayətinin dəliləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.

21. Cavabdeh1 kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasasiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 152.1 Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

24. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyay a) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

25. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27. 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipot eka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: (59.3.1.) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya (59.3.2.) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onla rdan istifadə etməlidir.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi ş ikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin hazırki kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərə k yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə cavabdehin kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Belə ki, cavabdehin dəlillərindən biri keçirilmiş hərracla bağlı ona məlumat verilməməsi və hərracın qanuna uyğun keçirilməməsi ilə bağlıdır. Bununla bağlı apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh hərracın nəticələrini ayrıca ic raatda mübahisələndirmiş, məhkəmənin qanuni qüvvədə olan qətnaməsi ilə hərracın qanunauyğun keçirilməsi və bu zaman hər hansı pozuntuya yol verilməməsi müəyyən edilmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 aprel 2023-cü il tarixli 2(105)-836/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar