Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1438/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğluna qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)- 530/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 27 sentyabr 2022-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən, Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilində Cavabdeh2, Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayırlar.
2. Azərbaycan Respublikası Din-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlara əsasən, vətəndaşlar Cavabdeh2, Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu, Cavabdeh1 və Cavabdeh3 Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilində qeydiyyatdadırlar.
3. Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(060)-16323/2017 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilməsi, "xxxx" İKB ASC-nin Cavabdeh1 ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək əsas kredit borcu üzrə 11823.27 ABŞ dolları, faiz borcu üzrə 7760.02 ABŞ dolları, cərimə borcu 50 ABŞ dolları, cəmi 19633.29 ABŞ dolları məbləğində borcu, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat xidmət haqqı tutulması, tutma ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilinə yönəldilmiş, həmin mənzilin açıq hərracda satılması, əldə edilmiş pul vəsaiti hesabına "xxxx" İKB ASC-yə olan borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-342/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 apellyasiya şikayəti üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(060)-16323/2017 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, ipoteka predmeti olan Cavabdeh2 məxsus Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilinin hərracda ilkin satış qiymətinin 44000 manat müəyyən edilməsi, iş üzrə ekspertizanın dəyərinin cavabdehlərdən tutulması qət edilmişdir.
5. 29 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı ASC-nin Sumqayıt şəhəri, 1-ci mikrorayon, 16/29A saylı evin 32 saylı mənzilinə xüsusi mülkiyyət hüququ DƏDRX-də qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğluna qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh2 məxsus, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yerləşən 2 otaqlı, 41.71 kv.m ümumi, 29.07 kv.m yaşayış sahəsindən ibarət 16/29A saylı evin 32 saylı mənzilinə Sumqayıt Şəhər Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(060)-16323/2017 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 29 dekabr 2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 27 sentyabr 2022-ci il tarixli “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən, Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilində Cavabdeh2, Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlu, Cavabdeh1 və Cavabdeh3 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlunun Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia tələbinin məzmununa uyğun izahat verərək idda tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-530/2023 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlunun Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzilindən çıxarılması və həmin mənzilin boşaldılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 (Əliyev Turac) Qəşəm oğlundan 100 (yüz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzili qanuni əsaslarla İddiaçı ASCnin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilə mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq, mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. Məhkəmə hesab etmişdir ki, mənzilin banka təhvil verilməsi icra mərhələsində həll olunmalı məsələ olduğundan həmin hissədə iddia tələbi təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 203.1, 152.1,157.4, 152.5, Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4, 218.3, 119.1-ci maddələrinə, nsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinə istinadla əsaslandırmışdır.
12. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,: - Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbləri nəzərdən keçirilərkən iş üçün əhəmiyyəti olan bütün hallar sübuta yetirilməmişdir. Belə ki, iddiaçının guya cavabdehlərin mənzildən çıxmaqdan imtina etdiyinə dair bildirdikləri tamamilə əsassız olmaqla həqiqətə uyğun deyildir. Banka etdikləri müraciətlərdə bütöv bir ailənin başqa yaşayış yeri olmadığı bildirilərək möhlət verilməsi xahiş olunmuşdur. Eyni zamanda borc pul taparaq mənzili geri almaq niyyətlərinin olduğu da banka bildirilmişdir. İddiaçının guya mənzili boşaltmaqdan imtina etmələrinə dair bildirdiyi hallar məhkəmə tərəfindən müəyyən edilməmiş və sübuta yetirilməmişdir. - Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən mübahisələndirilən mənzili boşaltmaqdan imtina etdiklərinə və bununla da iddiaçının mülkiyyət hüququnu pozduqlarına dair əsassız nəticəyə gəlmişdir. Halbuki, məhkəmənin bu nəticəsi işin real hallarına uyğun deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
16. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin hallarından müəyyən edilir ki, Sumqayıt şəhəri, MİK-1, 16/29A saylı evin 32 saylı mənzili qanuni əsaslarla İddiaçı ASC-nin xüsusi mülkiyyətinə keçmiş (3-5-ci bəndlər) və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ ilə iddiaçıya keçməsinə baxmayaraq, mülkiyyət hüququndan sərbəst istifadə etmək imkanından məhrum olmuşdur.
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla hazırki qətnamənin ləğvi üçün əsas ola bilməz.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli, 2(060)-530/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər.