Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2123/2023 30.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin mərhum borclu Mirəhmədova Rəna Davud qızının qanun üzrə vərəsələri olan övladları - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vəfat etmiş şəxsin kredit borcunun vərəsələrindən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin mərhum borclu Mirəhmədova Rəna Davud qızının qanun üzrə vərəsələri olan övladları - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vəfat etmiş şəxsin kredit borcunun vərəsələrindən tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC ilə Mirəhmədova Rəna Davud qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 350sBAB/18 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.900 manat əsas borc, 56,31 manat faiz borcu olmaqla, cəmi 2.956,31 manat borcun və ödənilmiş 49,97 manat dövlət rüsumunun X4 Davud qızının qanun üzrə birinci növbə vərəsələri olan - cavabdehlər (oğlu) Cavabdeh1 və (qızı) Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, kreditor "xxxx" Kommersiya Bankı ASC ilə X2 Davud qızı arasında xx.xx.2018-ci il tarixli 350sBAB/18 nömrəli kredit xətti müqaviləsinə əsasən kreditor "xxxx" Kommersiya Bankı ASC X2 Davud qızına ən çoxu 120 ay müdətinə, illik 35% faizədək olmaq şərti ilə 20.000 manat məbləğədək krediti, kredit resurslarına görə 5% (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla X2 Davud qızına verə bilər. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 26,23 %, maximum 49,08% faiz təşkil edir. Bu kreditin “Borcalan”a təqdim edilməsi üçün “Borcalan”a cari hesab açılmış və həmin cari hesaba bağlı olan plastik kart təqdim edilmişdir. “Borcalan”a verilmiş plastik kartın 16 (on altı) rəqəmi - 9292 9240 0496 6221 bu müqaviləyə əsasən verilən kredit üzrə “Borcalan”ı eyniləşdirmək üçün istifadə olunur. xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Mirəhmədova Rəna Davud qızı intizamlı müştəri olaraq bankın xidmətlərindən istifadə etmiş, aldığı kredit məbləğlərini vaxtında banka qaytarmışdır. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Mirəhmədova Rəna Davud qızı özünə məxsus olan ********** mobil telefon nömrəsindən ona təqdim edilmiş plastik kartın son 6 rəqəmini sms vasitəsilə “Borcverən”in 8117 qısa nömrəsinə yazıb göndərməklə "xxxx" KB ASC-dən 2.900 manat kredit verilməsini istəmişdir. "xxxx" KB ASC SMS vasitəsilə ON-LİNE qaydada kredit verilməsi barədə istəyini nəzərə alaraq xx.xx.2021-ci il tarixdə Mirəhmədova Rəna Davud qızının plastik kartına 2.900 manat pul köçürmüşdür. X5 Davud qızı xx.xx.2021-ci il tarixdə aldığı 2.900 manat borcu və ona hesablanmış faizləri banka ödəməmişdir. Sonradan araşdırma aparılan zaman müəyyən edilmişdir ki, Mirəhmədova Rəna Davud qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən onun vərəsələri axtarılmış və notariusa sorğu verilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, Mirəhmədova Rəna Davud qızının vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bu səbəbdən X4 Davud qızının borcunun ödənilməsi üçün onun vərəsələri Cavabdeh1 və Cavabdeh2 bildiriş göndərilmişdir. Lakin onlar borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdən bank məhkəməyə müraciət etmişdir. Odur ki, "xxxx" KB ASC ilə Mirəhmədova Rəna Davud qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 350sBAB/18 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.900 manat əsas borc, 56,31 manat faiz borcu olmaqla, cəmi 2.956,31 manat borcun və ödənilmiş 49,97 manat dövlət rüsumunun X4 Davud qızının qanun üzrə birinci növbə vərəsələri olan - cavabdehlər (oğlu) Cavabdeh1 və (qızı) Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, onun anası Mirəhmədova Rəna Davud qızı xx.xx.1957-ci il təvəllüdlü olmaqla 2-ci qrup əlil olmuş, “qara ciyərin kəskin serrozu və qanda hipatit” xəstəliyindən əziyyət çəkmişdir. İddiaçı "xxxx" KB ASC onun xəstə anasına borc verərkən ondan və bacısı Cavabdeh2 heç nə soruşmamış, onlara bu barədə məlumat verməmişdir. Hesab edir ki, bank anasının xəstəliyini nəzərə alaraq ona kredit verməməli idi. Onun anasının borcuna görə bankın qarşısında öhdəliyi yoxdur. Çünki, bank borc verərkən onunla məsləhətləşməyib və onun razılığını almayıb. Bu səbəbdən anasının banka olan borcunu qaytarmaqdan imtina edir. Anası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, DOST xidmətinə müraciət etdikdə, əlillik müddətinin bitdiyini bildirmişlər. O, vərəsə kimi anasının pensiyasını sahib olmamışdır. O, və bacısı Cavabdeh2 anaları Mirəhmədova Rəna Davud qızından miras qalmış Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsindəki 11 nömrəli evin 20 nömrəli mənzilini qəbul etmişlər. Bu mənzil anaların adına olsa da, onların özünə məxsus olub. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, onun anası Mirəhmədova Rəna Davud qızı 2015-ci ildən xəstə olmuşdur. Anası Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsindəki 11 nömrəli evin 20 nömrəli mənzilində tək yaşamışdır. O, anasının yanına gedib-gəlmişdir. Anası xx.xx.2021-ci ildə vəfat etmişdir. Bundan sonra "xxxx" KB ASC anasının banka borcu olmasını ona və qardaşı Cavabdeh1 bildirmiş və borcu ödənilməsini onlardan tələb etmişdir. Lakin onlar borcu ödəməkdən imtina etmişlər. Çünki, anası xəstə olmuş və bank ona borc verərkən ona və qardaşına heç bir məlumat verməmiş, onların razılığını almamışdır. Anası xəstə vəziyyətdə xx.xx.2021-ci il tarixdə banka gedərək borc ala bilməzdi. Onun anasının borcuna görə bankın qarşısında heç bir öhdəliyi yoxdur. Bu səbəbdən anasının banka olan borcunu qaytarmaqdan imtina edir. O, və qardaşı analarından miras qalmış Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsindəki 11 nömrəli evin 20 nömrəli mənzilinə dair xx.xx.2021-ci il tarixdə notariusdan şəhadətnamə almışlar. Lakin hesab edir ki, bu mənzil atalarından miras qaldığı üçün analarından miras qalmış əmlak hesab edilmir. Bu mənzil onların özünə məxsus olub. Ataları vəfat edəndə onlar uşaq olduğuna görə mənzil analarının adına keçmişdir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, kreditor "xxxx" Kommersiya Bankı ASC ilə X2 Davud qızı arasında xx.xx.2018-ci il tarixli 350sBAB/18 nömrəli kredit xətti müqaviləsinə əsasən kreditor "xxxx" Kommersiya Bankı ASC X2 Davud qızına ən çoxu 120 ay müdətinə, illik 35% faizədək olmaq şərti ilə 20.000 manat məbləğədək krediti, kredit resurslarına görə 5% (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla X2 Davud qızına verə bilər. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 26,23 %, maximum 49,08% faiz təşkil edir. Bu kreditin “Borcalan”a təqdim edilməsi aşağıdakı qaydada həyata keçirilir: bu Müqavilə imzalandıqdan sonra “Borcalan”a cari hesab açılır və həmin cari hesaba bağlı olan plastik kart təqdim edilir. Lakin cari hesabda pul vəsaiti olmur. “Borcalan” aşağıdakı şərtlərdən biri vasitəsilə krediti əldə edə bilər: a) ********** mobil telefon nömrəsindən (bundan sonra “Borcalan”ın mobil telefon nömrəsi”) ona təqdim edilmiş plastik kartın son 6 rəqəmini sms vasitəsilə “Borcverən”in 8117 qısa nömrəsinə (bundan sonra “Borcverən”in qısa nömrəsi”) yazıb göndərir. Bundan sonra “Borcverən”, “Borcalan”ın mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin «Borcalan”ın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. “Borcalan”ın həmin sms-ə cavab olaraq, öz mobil telefon nömrəsindən “Borcverən”in qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi (“Borcalan” razılığını ifadə etmək üçün məhz təklif-sms-ində bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin “Borcalan”ın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən” həmin sms-i qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini “Borcalan”ın cari hesabına köçürür. Kredit məbləği “Borcalan”ın həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. b) Bank “Borcalan”a göndərdiyi təklif sms-İ göndərir və bu bildirişə cavab almadan bu müştərinin cari hesabma (ödəniş kartına bağlı hesab) kredit vəsaitini köçürür və bu barədə sms bildiriş göndərir. SMS bildirişdə kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği əks olunur. Bu sms müştəriyə göndərildiyi tarixdən 10 (on) təqvim günü ərzində kredit vəsaiti hesabdan tam və ya qismən istifadə edilmədikdə kredit ləğv olunur. Bu müddət ərzində tam və ya qismən istifadə olunarsa müştərinin kreditə razılığı kimi hesab olunur. Vəsaitin hesaba köçürüldüyü tarixdən kredit rəsmiləşdirilmiş hesab olunur və kreditin tam və ya qismən istifadə edilməsindən asılı olmayaraq bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanır. “Borcalan”a verilmiş plastik kartın 16 (on altı) rəqəmi - 9292 9240 0496 6221 bu müqaviləyə əsasən verilən kredit üzrə “Borcalan”ı eyniləşdirmək üçün istifadə olunur. Mirəhmədova Rəna Davud qızı xx.xx.2021-ci il tarixdə özünə məxsus olan ********** mobil telefon nömrəsindən ona təqdim edilmiş plastik kartın son 6 rəqəmini sms vasitəsilə “Borcverən”in 8117 qısa nömrəsinə yazıb göndərməklə "xxxx" KB ASC-dən xx.xx.2018-ci il tarixli 350sBAB/18 nömrəli kredit xətti müqaviləsinin şərtlərinə uyğun olaraq, ona 2.900 manat kredit verilməsini istəmişdir. "xxxx" KB ASC SMS vasitəsilə ON-LİNE qaydada kredit verilməsi barədə istəyini nəzərə alaraq xx.xx.2021-ci il tarixdə Mirəhmədova Rəna Davud qızının plastik kartına 2.900 manat pul köçürmüşdür. (xx.xx.2021-xx.xx.2023-cü il tarixli olan hesab üzrə çıxarış) Mirəhmədova Rəna Davud qızı xx.xx.2021-ci il tarixdə vəfat etdiyinə görə xx.xx.2021-ci il tarixdə aldığı 2.900 manat borcu və ona hesablanmış faizləri banka qaytara bilməmişdir. X4 Davud qızının vərəsələrinin axtarılması üçün "xxxx" KB ASC notariusa sorğu göndərmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi xx.xx.2023-cü il tarixli 567 nömrəli məktubu ilə "xxxx" KB ASC-in xx.xx.2023-cü il tarixli məktubuna cavab verərək bildirmişdir ki, xx.xx.2021-ci ildə vəfat etmiş Mirəhmədova Rəna Davud qızının vərəsələri Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsindəki 11 nömrəli evin 20 nömrəli mənzilində qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh2 adına, Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-504 reyestr nömrəsi ilə qeydiyyata alınaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlak Mirəhmədova Rəna Davud qızına məxsus Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsindəki 11 nömrəli evin 20 nömrəli mənzilindən ibarət olmuşdur. "xxxx" KB ASC-in X4 Davud qızının borcunun ödənilməsi üçün onun vərəsələri (oğlu) Cavabdeh1 və (qızı) Cavabdeh2 xx.xx.2023-cü il tarixdə yazılı bildiriş göndərmişdir. Lakin onlar borcu ödəməkdən imtina etmişlər. Bu səbəbdən bank hazırkı idia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsəsin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən X4 Davud qızının kredit müqaviləsi üzrə 2.900 manat əsas borc, 56,31 manat faiz borcu olmaqla, cəmi 2.956,31 manat borcu yaranmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, X4 Davud qızının qanun üzrə birinci növbə vərəsələri olan - cavabdehlər (oğlu) Cavabdeh1 və (qızı) Cavabdeh2 anaların Mirəhmədova Rəna Davud qızından miras qalmış Bakı şəhəri Yasamal rayonu C.Məmmədquluzadə küçəsindəki 11 nömrəli evin 20 nömrəli mənzilinə dair Bakı şəhəri 14 saylı notariat ofisindən xx.xx.2021-ci il tarixdə 2V-504 reyestr nömrəsi ilə qeydiyyata alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla miras aktivini qəbul etdiklərinə görə,miras qoyan Mirəhmədova Rəna Davud qızınun "xxxx" KB ASC-yə olan borcunu da qəbul etmiş sayılırlar və həmin borcun ödənilməsi üçün bankın qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, "xxxx" KB ASC ilə Mirəhmədova Rəna Davud qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 350sBAB/18 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.900 manat əsas borc, 56,31 manat faiz borcu və ödənilmiş 49,97 manat dövlət rüsumu olmaqla, cəmi 3.006,28 manat pul X4 Davud qızının qanun üzrə birinci növbə vərəsələri olan - cavabdehlər (oğlu) Cavabdeh1 və (qızı) Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə cavabdehlərin borcu ödəməkdən imtina etmələrinə dair etirazlarını əsassız hesab edir və qeyd edir ki, X2 Davud qızı yetkinlik yaşına çatmış şəxs olmaqla, müqavilə bağlamaqda sərbəst olmuş, öz iradəsi ilə bankdan borc almış və vəfat etdliyinə görə borcun ödənilməsini başa çatdıra bilməmişdir. X2 Davud qızının xəstəliyi olsa da, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud deyildir. Bu səbəbdən vəfat etmiş miras qoyanın borcu, onun mirasını qəbul etmiş vərəsələr tərəfindən ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" KB ASC ilə Mirəhmədova Rəna Davud qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 350sBAB/18 nömrəli kredit müqaviləsi üzrə yaranmış 2.900 manat əsas borc, 56,31 manat faiz borcu və ödənilmiş 49,97 manat dövlət rüsumu olmaqla, cəmi 3.006,28 (üç min altı manat iyirmi səkkiz qəpik) manat pul X4 Davud qızının qanun üzrə birinci növbə vərəsələri olan - cavabdehlər (oğlu) Cavabdeh1 və (qızı) Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2123/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2123/2023
30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver