Məhkəmə qərarları › İş №2(004)-2134/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2134/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2134/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə üzrə ödəniləcək məbləğdən azad edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə üzrə ödəniləcək məbləğdən azad edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən ona satılan iPhone 11 128GB model mobil telefonun satış məbləğinin azaldılaraq (İMEİ/MEİD **********78281) iddia ilə məhkəməyə müraciət edilən tarixə telefonun qalıq kredit məbləğinin ödənilməsindən azad edilməsi və 15000 (on beş min) manat məbləğində mənəvi ziyanın cavabdeh “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “xxxx” MMC məxsus Kontakt Home 30 mağazasından xx.xx.2020-ci il tarixdə kreditlə iPhone 11 128GB model mobil telefon (İMEİ/MEİD **********78281) almışdır. Ümumi məbləğ 2693.8 AZN təşkil etmişdir. Mobil telefon alındıqdan sonra həmin mağazda pulunu ödədiyi telefon quraşdırma xidməti tərəfindən üz tanıma funksiyasından istifadə etməklə telefon onun üzünü çəkmələ kodlaşdırılmışdır. Lakin telefon evdə olarkən qızı tərəfindən telefonun kodu açılmışdır. O, bunun kifayət qədər bahalı olan telefonda bunun mümkün olmadığını düşünmüş, qızından telefonun kodunun necə açdığını soruşmuşdur. Məlum olmuşdur ki baxmayaraq ki telefon mağazada xüsusi onun üzü üçün kodlaşdırılmış, bunun üçün əlavə ximət haqqı da alınmış, telefon həm onun, həm də qızının üzünü tanıyaraq kodu açılmışdır. Bununla əlaqədar cavabdeh və satıcı mağazaya müraciət edilsə də, özlərinə arxayınlıqla təqdim edilən ərizələrdə göstərilən halların onlar üçün əhəmiyyətsiz olması səbəbindən münasibiət belə bildirməmişlər. O, aptekdə satıcı işləyir, lakin əmək haqqısı və gəlirləri buna imkan vermədiyindən qeyd edilən modeli almağa imkan verməmişdir. Lakin telefona olan marağı və modeli telefondan almaq arzusu ona bu telefona onun tərəfidən təqdim edilən şərtlər daxilində almağa şərait yaratmışdır. Lakin bu qədər bahalı model telefonda belə bir qüsurun çıxması, telefonun təhlükəsizlik sisteminə inamı azaltmış, yaranmış vəziyyət və iddiaçı tərəfindən yaranan problemə biganə yanaşması onu məyus etmişdir. Telefonun geri qaytarılmasının mümkün olmaması və belə bir qüsuru olan telefona görə hər ay bu qədər pul ödənməsi həm maddi həm də mənəvi ziyan vurmuşdur. Araşdırma zamanı bu marka telefonların funksiyalarında yaranmış belə bir qüsurların mövcudluğu aşkar edilmiş və şirkətlər tərəfindən vurulan ziyanların ödənilməsi təmin edilmşdir. Lakin cavabdeh şirkətin çox güman ki, bunlardan xəbəri olmadığından yalnız bahalı telefonun satışı ilə məşğul olduqlarından satılan mallara görə cavabdeh olmalı olduqlarını unutmuşlar. Ona görə də məhkəmənin məsələyə dair ədalətli qərar qəbul etməsi üçün iddia verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı telefonu bir müddət işlətdikdən sonra qeyd olunan qüsuru aşkar etmiş, bunu aradan qaldırılması üçün satıcı şirkətə və servisinə müraciət etmiş, lakin buna dair ona heç bir rəsmi sənəd verilmədən telefondakı qüsuru aradan qaldıra bilməyəcəkərini söyləmişlər. Qeyd edir ki, telefon ümumilikdə normal işləməklə yalnız üz tanıma funksiyasında problemlər olmuşdur. Həmin funksiya isə telefonun sahibi olaraq iddiaçıdan başqa yalnız onun qızının üz cizgilərini tanıyaraq koddan açılmış, digər şəxslərə münasibətdə isə kodlaşdırmadan çıxmamışdır. Telefonda iddiaçının artıq şəxsi məlumatlarının da olmasını nəzərə alaraq, eləcə də, yeni eyni model telefon almaq imkanı olmadığından və həmin telefon modelindən istifadə etmək arzusu olduğundan iddiaçı, məhkəməyə telefonun geri qaytarılaraq nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbi ilə deyil, məhz yaranmış və aradan qalxması mümkün olmayan çatışmamazlığa görə müqavilə üzrə ödəməli olduğu yerdə qalan məbləğin silinməsi barədə iddia ərəizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iddiaçı qeyd olunan telefon modeli bahalı və nüfuzlu telefon markasına aid olduğundan və həmin telefonu həmişə əldə etmək arzusnuda olaraq baha qiymətə almış, lakin belə bahalı telefonda bu cürə qüsurların olması onu məyus edərək, sarsıntılar keçirməsinə səbəb olmuşdur. Odur ki, iddiaçı həmdə mənəvi ziyanla bağlıda tələb irəli sürmüşdür. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı xx.xx.2020-ci il tarixli nisyə-alqı satqı müqaviləsinə əsasən 2252.60 manata İphone 11 128GB, 421.20 manata Aplle Airpods 2 almış, 20 manata quraşdırılma xidməti göstərilməklə, həmin mallara görə ümumlikdə 2693.80 manatı 18 ay müddətinə ayda 147.60 manat olmaqla (ilkin ödəniş 37 manat) ödəməyi öhdəsinə götürmüşdür. Həmin tarixdən bugünə qədər iddiaçı tərəfindən onlara telefonda hər hansı, həmçinin qeyd edilən qüsurun olması barədə müraciət edilməmiş, və o cümlədən də, qeyd olunan telefonda iddia edilən qüsurların olmasının və ümumiyyətlə aradan qaldırılmasının mümkün olub-olmamasının araşdırılması üçün telefona texniki baxışın keçirilməsi məqsədi ilə telefon servis xidmətlərinə təqdim edilməmişdir. Məhkəmə gedişatında da, iddiaçı tərəfindən qeyd edilən qüsurların ümumiyyətlə mövcud olması sübuta yetirilməmişdir. Bununla yanaşı qeyd edir ki, telefonda hətta belə bir qüsur mövcud olmuş olsaydı belə və onlar tərəfindən qeyd olunan qüsurun aradan qaldırılması mümkün olmasaydı belə bu onların məsuliyyət dairəsinə və iddiaçıya verilmiş zəmanət dairəsini əhatə etməyərək istehsal qüsuru olmaqla bir başa istehsalçının məsuliyyətinə daxil olardı. Qeyd edir ki, onlar Apple şirkətinin rəsmi nümayəndəlikləri deyillər və telefonun satışı zamanı verdikləri zəmanət daxilində yarana biləcək qüsurların aradan qaldırılmasına məsuliyyət daşıyırlar. Onlara müraciət edilmədiyindən və tərəflərindən telefona baxış keçirilmədiyindən telefonda iddia olunan qüsurun mövcud olması və tərəflərindən həmin aradan qaldırılmasının mümknü olub-olmamasına hazırda münasibət bildirə bilmirlər. Onu da, qeyd edir ki, artıq 1 ildirki telefon iddiaçının istifadəsindədir. Telefon iddiaçıya təqdim edilən vaxt saz və işlək vəziyyətdə olmuş, telefon iddiaçının istifadəsində olan müddət ərzində ondan hər hansı qüsurlar yarandığı təqdirdə bu qüsurların iddiaçının təqsiri ucbatından yaranıb-yaranmaması da, mübahisəlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan icraçı “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əlavənin surətindən görünür ki, İddiaçı 2252.60 manata İphone 11 128GB, 421.20 manata Aplle Airpods 2 almış, 20 manata quraşdırılma xidməti göstərilməklə, həmin mallara görə ümumlikdə 2693.80 manatı 18 ay müddətinə ayda 147.60 manat olmaqla (ilkin ödəniş 37 manat) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli zəmanət tolunun surətindən görünür ki, İddiaçı aldığı İphone 11 128GB telefon modelinə “xxxx” MMC tərəfindən 1 il müddətinə zəmanət verilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli Qərarında göstərildiyi kimi, “Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “X1” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını, nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsaslz olduğundan və eləcə də, iddiaçı cavabdeh tərəfindən ona satılmış (nisyə alqı-satqı müqaviləsinə əsasən) İphone 11 128GB markalı telefonda yaranmış qüsurun zavod (istehsalçı) qüsuru olması və ümumiyyətlə iddiaçı tərəfindən əldə edilmiş telefonda iddia olunan qüsurların olması barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutları məhkəməyə təqdim edə bilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddianı təmin etməyərkən eyni zamanda qeyd edir ki, iddiaçı, tərəfindən əldə edilmiş telefondakı qüsurların mövcud olması və onun aradan qaldırılması barədə cavabdehə müraciət etməsi və cavabdeh tərəfindən isə, qüsurun onların tərəfindən aradan qaldırılmasının mümkün olmamasının bildirilməsini iddia etsə də, buna dair də məhkəməyə hər hansı bir sübutlar təqdim etməmişdir. Bunun əksi olaraq iş materialları ilə iddiaçının sözü gedən mobil telefonu xx.xx.2020-ci il tarixdə əldə etməsi, əldə edərkən telefonda mübahisələndirilən qusurun olmaması, hazırki iddia tələbi ilə isə telefonun alışından 11 ay sonra məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məkəmə eyni zamanda qeyd edir ki, hətta iddiaçı tərəfindən əldə edilmiş mobil telefonda mübahisələndirilən qüsur olmuş olsaydı belə, bu hal hazırki iddia tələbinin (iddiaçının müqavilə üzrə ödənəcək məbləğdən azad edilməsi) təmin edilməsi üçün əsas olmayaraq, qanunverciliklə müəyyən edilmiş müddətdə iddiaçıya məxsus telefonun təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi, bu mümkün olmadıqda isə geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün iddia qaldırılmasına əsas ola bilərdi. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 3-cü bəndində əsasən istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Həmin Qanunun 7-ci maddəsinin 6-cı bəndində əsasən istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. Məhkəmə iddia tələblərinin vurulmuş mənəvi ziyanla əlaqədar 15000 manat tutulması hissəsi ilə bağlı qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı müqavilə üzrə ödənəcək məbləğdən azad edilməsinə dair iddia tələbinin əsaslı olması öz təsdiqini tapmadığı üçün iddia tələbinin digər hissəsi, yəni vurulmuş mənəvi ziyanla əlaqədar 15000 manat tutulması üzrə araşdırılmanın davam etdirilməsinə və bu tələbə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə üzrə ödənəcək məbləğdən azad edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar