Məhkəmə qərarları › İş №2(004)-2134/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2134/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2134/2023 15.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırda himayəsində olan yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü oğlu X1 üçün Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(004)-7602/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 16 noyabr 2007-ci il tarixində nikahlarını rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü oğlu X5 adında 2 (iki) uşaqları anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan aralarında narazılıqlar, mübahisələr başladı və anladılar ki, xasiyyətləri üst-üstə düşmür və xaraktercə başqa-başqa adamlardılar. O, ailəsinin dağılmasını istəmirdi, amma birlikdə yaşamaqları da mümkün deyildi. Bu səbəbdən nikahları Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək hər ay hər bir uşağa 103 manat, ümumilikdə 206 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra Yasamal Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixində 2(004)-4128/2016 saylı qətnaməsi ilə hər ay hər bir uşağa 117 manat, ümumilikdə 234 manat, Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 2(004)-7602/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşağa 160 manat, ümumilikdə 320 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. İlk zamanlar tutulan aliment məbləği ilə uşaqlarını çətinliklədə olsa saxlaya bilmişdir, indi isə uşaqlar böyüdükcə həmin miqdarda olan pula uşaqlarını saxlamaq və onların artan təlabatını ödəmək çox çətindir. Cavabdeh polis işləyir və imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də hesab edir ki, hazırda himayəsində saxlanılan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2008-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşına çatanadək onların saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarı artırılaraq, hər ay hər uşaq üçün sabit pul məbləğində 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat aliment tutulub ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehin yeni nikahdan olan uşaqların mövcudluğu aliment ödəməyə təsir etmir, bununla bağlı Ali Məhkəmənin Plenum Qərarının olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı anadan olmuşdur. Hal-hazırda onun aldığı əmək haqqı 996 manat təşkil edir, həmin pul bütün uşaqların saxlanılması üçün çatmır. O, keçmiş nikahdan uşaqların saxlanılması üçün 320 manat alimentin ödədiyini və əlavə xərclərin də ödədiyini bildirmişdir. Aliment miqdarının 10-20 manat artırılaraq 190 manat ödəməyə razı olduğunu bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunaraq, aliment miqdarının hər uşağa görə 190 manat məbləğində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7602/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 aprel 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh hər ay xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat, 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikahdan anadan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilsədə, alimentin artırılması üçün bu əsas ola bilməz. Alimentin artırılması üçün qanunda göstərilən paralel əsaslar da mövcud olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Cavabdehin yenidən nikaha daxil olmasını və həmin nikahdan iki azyaşlı uşaqlarının olmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin tam təmin edilərək 220 manat məbləğində müəyyən edilməsi cavabdehin maddi cəhətdən çətin vəziyyətə düşməsinə gətirib çıxara bilər. Eyni zamanda xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin ödənilməsinə razı olduğu da nəzərə alınmalıdır. Məhkəmə iddia tələbini qismən təmin edərkən həm də, iddiaçının “X8” X9 işləməsini və aylıq 606 manat əmək haqqı almasını da nəzərə alır. Məhkəmə həmçinin onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən cavabdehdən iki uşağa görə hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmuş olsaydı belə, hazırki halda alimentin sabit pul məbləğində tutulması qazancın (başqa gəlirlərin) üçdə bir hissəsindən daha çox məbləğ təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi sabit pul məbləğində olduğundan və alimentin sabit pul məbləğində tutulması uşaqların mənafeyinə uyğun olduğundan, iddia tələbinə verildiyi həcmdə baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7602/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 190 (yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7602/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 190 (yüz doxsan) manat, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar