Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2134/2024 16.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 175 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Kənan və xx.xx.2017-ci il təvəllüdlü Ayan adlı iki övladı var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında İmişli rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 566 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, övladları - xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 onun yanında qalması və xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Əlavə olaraq bildirdi ki, övladları Dünya Məktəbində təhsil alır. Cavabdehlə razılığa gəlmişlər ki, Cavabdeh uşaqların 10.000 manat illik təhsil haqqını ödəyəcəkdir, o da bunun müqabilində aliment tutulmasına dair icra sənədinin geri qaytarılması barədə icra şöbəsinə ərizə yazmışdır. Lakin cavabdeh vədinə əməl etməmiş, uşaqların təhsil haqqını ödəməmişdir. Uşaqların təhsil haqqını onun atası ödəmişdir, lakin atası 2024-cü ilin əvvəlində vəfat etmişdir. Bu səbəbdən onun maddi imkanı pisləşmişdir. Cavabdehin maddi imkanı yaxşıdır. Belə ki, Cavabdeh Binə Ticarət Mərkəzində qadın geyimləri mağazası var və gəliri yaxşıdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında gəlməmişdir. Cavabdeh telefon vasitəsilə məhkəməyə məlumat verərək, ayağından əməliyyat olduğunu və bu səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bu halı təsdiq edən tibb müssisəsinin sənədini məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ondan hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin sonrdan İddiaçı Nəsimi rayon icra şöbəsinə ərizə təqdim edərək, alimentdən imtina etmişdir. O, hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat aliment ödəməyə razıdır. İddia tələbində göstərilən hər uşağa 235 manat aliment ödəməyə maddi imkanı çatmır. Belə ki, "xxxx" MMC-də satıcı işləyir və əmək haqqısı 345 manat təşkil edir. O, “Bİnə Ticarət Mərkəzi”ndə işləsə də, mağaza ona məxsus deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-219/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında İmişli rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 566 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmışlar. xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixə kimi olan dövr ərzində ödənilməli olan alimentin tərəflərin razılaşmasına əsasən hər ay 150 (yüz əlli) manat ödənilməklə həyata keçirilməsi qət edilmişdir. İddiaçı İnqilab qızı xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-219/2021 nömrəli qətnaməsi üzrə borclu Fuad Həmidov 7000 manat aliment borcundan ona 2300 manat ödəniş etmişdir. Qalan 4700 manat borcdan imtina etmişdir. İcra sənədinin “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmasını xahiş etmişdir. “AZEMİS”-dən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə fərdi sahibkar kimi qeydiyyatdan keçmişdir və ona VÖEN ********** nömrəsi verilmişdir. Binə Ticarət Mərkəzində 5-3-5 nömrəli mağazada fəaliyyət göstərir. Mağaza, çadır və bazarlardan kənar sair pərakəndə satış fəaliyyəti ilə məşğul olur. Həmçinin "xxxx" MMC-də satıcı işləyir və 345 manat əmək haqqı alır. Məhkəmə qeyd edir ki, cavabdehin aktiv olan VÖEN nömrəsi var və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə edir. Onun hər ay avladlarının saxlanması üçün müəyyən edilmiş hər uşağa 175 manat alimentin miqdarının artırılaraq 235 manat ödəməyə maddi imkanı çatar. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşaqların minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, həy ay hər uşaq üçün 235 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqların mənafeyini, tərəflərin maddi durumunu, uşaqların maddi ehtiyaclarının artmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 175 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh 76,40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-219/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 175 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 76,40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2134/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2134/2024
16.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver