Məhkəmə qərarları › İş №2(004)-2137/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2137/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2137/2024 17.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı Həmidova (Ağazadə) Əzizə Bəybala qızının Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Həmidova (Ağazadə) Əzizə Bəybala qızı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(004)-1503/2023 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq övladı xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiyı xidməti üçün ödənilmiş 61 manat xidmət haqqının cavabdehdən tutularaq Həmidova (Ağazadə) Əzizə Bəybala qızına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından xx.xx.2019-cu ildə Seyidəmir adında bir övladları olmuşdur. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli iş № 2(002)- 968/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuş, azyaşlı övladı ananın himayəsində saxlanılmaqla cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment, uşaq 3 yaşına çatana kimi iddiaçının xeyrinə 100 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. 2023-cü ildə Alimentin miqdarının artırılması tələbinə dair Yasamal Rayon Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmənin 15 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, cavabdehdən hər ay 220 manat sabit pul məbləğindən aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qeyd edir ki, hazırkı vaxtda azyaşlı övladını bu məbləğlə saxlaya bilmir. Övladı müalicə və digər xərclərini qarşılamağa maddi imkanı çatmır. Cavabdeh isə əlavə xərclərə görə heç bir maddi köməklik göstərmir. Nəticədə məcburiyyət qarşısında qalaraq alimentin miqdarının artırılması tələbi barədə məhkəməyə müraciət etmək qərarına galmışdır. İddiaçı Həmidova (Ağazadə) Əzizə Bəybala qızı 16 aprel 2024-cü il tarixdə teleqram ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı" alimentin miqdarının artırılması" tələbinə dair iddianı müdafiə edir və xahiş edir ki, iştirakı olmadan iddia tələbinə mahiyyəti üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İ 444791 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah xx.xx.2020-ci il tarixdə ləğv edilmişdir və bu barədə 10 yanvar 2023-cü il tarixdə 05 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 355387 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(008)- 1503/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-968/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 13 mart 2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, mediasiya xərci olaraq 61 (altmış bir) manat ödəniş edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehin rəsmi iş yeri barədə məlumatın olmamasını, uşağın mənafeyini və uşaq üçün yaşayış minimumunu nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(008)-1503/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Həmidova (Ağazadə) Bəybala qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Həmidova (Ağazadə) Bəybala qızına verilməlidir. Məhkəmə Azəbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarını nəzərə alaraq qeyd edir ki, miqdarı artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1503/2023 saylı qətnaməsi ilə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Həmidova (Ağazadə) Bəybala qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Həmidova (Ağazadə) Bəybala qızına ödənilsin. Cavabdeh mediasiya xərcinin əvəzi olan 61 (altmış bir) manat məbləğində pul tutularaq iddiaçı Həmidova (Ağazadə) Bəybala qızına ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar