Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2148/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “cərimənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “cərimənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tələbinə dair” iddia ərizə ilə məhkəməyə müraciət edərək, BNA tərəfindən kobudcasına pozulduğuna görə yazılmış cərimənin ləğv olunmasını və dəymiş maddi və mənəvi ziyana görə 200 (iki yüz) manat təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə, Bakı Nəqliyyat Agentliyi tərəfində iddiaçıya (İXM-nin 346.1-ci maddəsi əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə) edilmişdir. Yazılmış protokoldan iddiaçı razılaşmayaraq hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək BNA tərəfindən tərtib olunmuş protokolun ləğv olunmasını və maddi və mənəvi ziyana görə 200 (iki yüz) manat təzminat ödənilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə yenidən baxılması üçün verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Həmin Məcəllənin 129.1.4-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; Həmin Məcəllənin 129.1.5-ci maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilən şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair x xxxxx 2020-ci il tarixli qərarında qeyd olunur ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Qanunverici eyni zamanda məhkəmə aidiyyətinin pozulmasına görə qadağa nəzərdə tutmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsi hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Beləliklə, məhkəmə hesab edirəm ki, iddiaçıya Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş cərimə protokolunu ilkin olaraq İXM-nin 129.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada şikayət verilməli, daha sonra qəbul olunmuş məhkəmənin qanuni qüvvəyə minmiş qərarını mübahisələndirərək “maddi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət oluna bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Bakı Nəqliyyat Agentliyinə qarşı “cərimənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2148/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2148/2021
22.02.2021 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver