Məhkəmə qərarları › İş №e-2(006)-6320/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-6320/2025

09.12.2025 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-6320/2025 09.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Konstitusiya ilə təminat verilən pozulmuş yüksək keyfiyyətli ödənişsiz hüquqi yardım almaq hüququnun bərpa edilməsi, cavabdeh VKRH-dan 205 min manat maddi, 150 min manat mənəvi ziyanın əvəzinin kompensasiya tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin məzmunundan müəyyən edilir ki, qoyulmuş tələbə mülki məhkəmə icraatında baxılmalı deyildir. Belə ki, Vəkillər Kollegiyası klassik mənada inzibati orqan olmasa da, pulsuz hüquqi yardımın göstərilməsi məsələsində dövlət tərəfindən ona həvalə edilmiş publik səlahiyyətləri həyata keçirən subyekt kimi çıxış edir. Bu baxımdan, Vəkillər Kollegiyasının pulsuz hüquqi yardımın göstərilməsindən imtina etməsi barədə qəbul etdiyi qərar xüsusihüquqi (mülki) münasibətlərdən deyil, publik-hüquqi münasibətlərdən irəli gəlir. Belə olan halda, tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərinə aid edilmədiyindən, Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.Eyni zamanda, inzibati icraatın predmeti olan hallarda hüquq və qanuni maraqları pozulmuş şəxs mübahisələndirilən inzibati aktın, hərəkətin və ya hərəkətsizliyin qanuniliyinin yoxlanılması üçün inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Bu baxımdan, Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım göstərilməsindən imtina etməsi barədə qərarı ilə razılaşmayan şəxs həmin qərarın qanuniliyinin yoxlanılması məqsədilə inzibati məhkəməyə müraciət edə bilər. İnzibati məhkəmədə baxılacaq mübahisə çərçivəsində, imtina qərarının ləğv edilməsi, hüquqi yardımın göstərilməsi öhdəliyinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqi nəticələrin tətbiqi məsələləri müzakirə oluna bilər.Bununla yanaşı, tərəf birbaşa olaraq pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək, habelə bu sahədə qəbul edilmiş qərar və ya qərardadla razılaşmadıqda, prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə həmin qərardaddan şikayət vermək hüququna da malikdir. Beləliklə, mövcud hüquqi vəziyyətdə iddiaçının tələbi üzrə mülki məhkəməyə deyil, inzibati məhkəməyə müraciət edilməsi hüquqi cəhətdən düzgün vasitə hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli Qərarın 2 və 3 bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir) ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsində verilmiş tələb inzibati icraat qaydasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı iddia ərizəsinin, iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar