Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2160/2021 22.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Əlihüseyn oğlunun cavabdeh “İnşaatçı” şirkətinə qarşı “sahiblik və istifadə hüququnun tanıması tələbinə dair” mülki işə Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Əlihüseyn oğlu cavabdeh “İnşaatçı” şirkətinə qarşı “sahiblik və istifadə hüququnun tanıması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 18 avqust 2016-cı it tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 saylı binanın 7-ci girişinin zirzəmisində ümumi sahəsi 17 kv.metr olan qeyri-yaşayış (saxlanc yeri) sahəsinə sahiblik və istifadə hüququ tanınsın və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İnşaatçı” şirkəti ilə arasında Bakı şəhari, Yasamal rayonu, Zahid Xalilov küçəsi, 26 saylı binanın 7-ci girişinin zirzəmisində yerləşən 17 kv.metr qeyri-yaşayış sahəsinin dəyərini tam şəkildə ödəməklə 18 avqust 2016-cı il tarixli müqavilə bağlanmışdır. Bir müddət istifadəsində olan qeyri-yaşayış sahəsini cavabdeh “İnşaatçı” şirkəti tərəfindən zəbt edərək əlavə pul tələb edir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışından və kassa mədaxil qəbzindən aydın görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 saylı binanın 7-ci girişinin zirzəmisində yerləşən 17 kv.metr qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmiş və həmin qeyri-yaşayış sahəsi üzərində Azərbaycan Respublikasının Miilki Məcəlləsinin 178.8-ci maddəsinin tələbi baxımından mülkiyyət hüququnu əldə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 178.8ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə edilib tərəflər arasında bağlanmış 18 avqust 2016-cı il tarixli müqaviləyə əsasən satıcı “İnşaatçı” şirkəti Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 saylı binanın 7-ci girişinin zirzəmisində ümumi sahəsi 17 kv.metr olan qeyri-yaşayış (saxlanc yeri) sahəsini alıcı İddiaçı Əlihüseyn oğluna təhvil verməyi öhdəsinə götürmüşdür. Alıcı isə bunun müqabilində 3000 manat məbləğində pulu satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 18 avqust 2016-cı il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Əlihüseyn oğlunun “İnşaatçı” şirkətinə borcu qalmamışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinə iddiaçının sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə dair süni maneələr yaradılır. Məhkəmə hesab edir ki, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini tam olaraq, yerinə yetirsə də, cavabdehin hərəkətləri öhdəliyin lazımınca yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçı haqlı olaraq, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8,-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. AR Konstitusiyası Məhkəməsi Plenumunun “AR Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, mübahisəli qeyri-yaşayış sahəsinə iddiaçının sahiblik və istifadə hüququ tanınmalı və həmin qeyriyaşayış sahəsinin iddiaçıya təhvil verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı Əlihüseyn oğlu ilə cavabdeh “İnşaatçı” şirkəti arasında bağlanmış 18 avqust 2016-cı it tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 saylı binanın 7-ci girişinin zirzəmisində ümumi sahəsi 17 kv.metr olan qeyri-yaşayış (saxlanc yeri) sahəsinə İddiaçı Əlihüseyn oğlunun sahiblik və istifadə hüququ tanınsın və həmin qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2160/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2160/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver