Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2187/2021 29.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 3200 manat məbləğində borcun, vurulmuş zərərə görə 500 manatın, gecikdirilmiş vaxt üçün 450 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24.12.2014-cü ildə aralarında Bakı şəhəri 30 saylı Notariat Kontrunda bağlanmış Kredit müqaviləsinə əsasən pulu 22.02.2015-ci ildə qaytarmaq şərtilə 3200 manat pul vermişdir. Ötən müddət ərzində dəfərlərlə cavabdehdən müqavilənin şərtlərinə əsasən borcun ödənilməsi tələb olunsa da cavabdeh könüllü olaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ona görə də o, sonunda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 22.12.2014-cü il tarixli Kredit müqaviləsindən görünür ki, X2 tərəfindən Cavabdeh 22.02.2015-ci il tarixdə qaytarmaq şərti ilə 3200 manat məbləğində pul verilmişdir. Lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, pulu iddiaçıya qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin cavabdehdən 3200 manat məbləğində ödənilməsi hissəsi üzrə hesab edir ki, iddia tələbi bu hissədə qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada bağlanmış kredit müqaviləsinə əsasən onlar arasında yaranmış öhdəliklərdən iddiaçı X1 aid olan hissəsi onun tərəfindən yerinə yetirilərək müqavilənin predmeti olan 3200 AZN pul vəsaitini Cavabdeh vermiş, cavabdeh isə müqavilə ilə razılaşdırılmış müddətdə həmin məbləği iddiaçıya qaytarmaqdan imtina etmiş və bununla da, üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1. maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı 3200 AZN məbləğində pul vəsaitini razılaşdırılmış müddətdə qaytarmaq öhdəliyini yerinə yetirmədiyi üçün həmin məbləğ Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin cavabdehdən gecikdirilmiş vaxt üçün 450 manat pulun ödənilməsi hissəsi üzrə hesab edir ki, iddia tələbi bu hissədə də qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi gecikdirilmiş vaxt üçün 450 manat pulun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh 3200 manat məbləğində borc, gecikdirilmiş vaxt üçün 450 manat məbləğində pul məbləğində pul vəsaiti, tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçıya olan borcun, yəni 3200 manat pulu illik beş faizi 3200x5:100=160 manat, 6 illik məbləğ isə 160x6=960 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş zərərə görə cavabdehdən 500 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəməyə ona 500 manat zərərin dəyməsini sübut edəcək heç bir sənəd və ya sübut təqdim etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3200 (üç min iki yüz) manat məbləğində borc, gecikdirilmiş vaxt üçün 450 (dörd yüz əlli) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2187/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2187/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver