Məhkəmə qərarları › İş №2(004)-2189/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2189/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2189/2022 17.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçı "xxxx" BOKT QSC-nin nümayəndəsi Nümayəndə işirakı ilə, İddiaçı "xxxx" BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə 17.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2081,54 manat əsas, 14,11 manat faiz borcu olmaqla, cəmi 2095,65 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41,5 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, iddiaçı "xxxx" BOKT QSC ilə Cavabdeh1 arasında 27.06.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 2916,76 manat məbləğində kredit verilmişdirHəmin kredit müqaviləsinin təminatı olaraq kreditorla digər Cavabdeh2 Mirsəfər oğlu arasında KRM7 saylı, 27 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmış və zamin borclalan tərəfindən kreditor qarşısındakı öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda borcalanla birlikdə birgə məsuliyyət daşımağı və həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəliyi götürmüşdür. Lakin, cavabdehlər müqavilənin şərtlərini pozaraq, öhdəliyi icra etməmişdilər. Borcun ödənilməsi ilə əlaqədar cavabdehlərə dəfələrlə həm şifahi, həm yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Hazırda cavabdehin banka 2081,54 manat əsas, 14,11 manat faiz borcu olmaqla, cəmi 2095,65 manat borcu vardır. İddianın təmin olunmasını xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank - "xxxx" BOKT QSC, müştəri - Cavabdeh1 arasında bağlanmış 27.06.2019-cu il tarixli, 7 saylı kredit müqaviləsinə əsasən bank borcalana restrukturizasiya məqsədilə 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2916,76 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" BOKT QSC ilə borcalan qismində Cavabdeh1 və zamin qismində Cavabdeh2 arasında bağlanmış 27.06.2019-cu il tarixli, KRM7 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə bank arasında bağlanmış 27.06.2019-cu il tarixli, 7 saylı kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" BOKT QSC tərəfindən tərtib olunmuş 16.03.2022-ci il tarixli, 13/22 nömrəli maliyyə arayışına əsasən Cavabdeh1 27.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2081,54 manat əsas, 14,11 manat faiz borcu olmaqla, cəmi 2095,65 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında sübut olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onun banka 2081,54 manat əsas, 14,11 manat faiz borcu olmaqla, cəmi 2095,65 manat məbləğində borcu yaranmışdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi 27.06.2019-cu il tarixli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 41,5 manat cavabdehlərədən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2081,54 manat əsas, 14,11 manat faiz borcu olmaqla, cəmi 2095,65 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41,5 manat məbləğində pul iddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2081,54 manat əsas, 14,11 manat faiz borcu olmaqla, cəmi 2095,65 manat (iki min doxsan beş manat altmış beş qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 41,5 (qırx bir manat əlli qəpik) manat məbləğində pul iddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar