Məhkəmə qərarları › İş №2(004)-2197/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2197/2022

23.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2197/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlakdan istifadəyə maneələrin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən həyət evinin girişdən sol tərəfində yerləşən sanuzeldən və mətbəxdən istifadə edilməsi ilə bağlı cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərlə birgə mübahisəli evdə yaşayır. Ev 3 otaqdan ibarətdir – yaşayış sahəsi 63,9 kv.m, köməkçi sahəsi 16,4 kv.m-dir. Ev özbaşına tikilidir və DƏDRX-dən çıxarışı yoxdur. Tərəflər arasında məhkəmə mübahisələri olmuşdur. Yasamal Rayon Məhkəməsinin 23.06.2016-cı il tarixli 2(004)- 5576/2016 saylı qətnaməsi ilə iddiaçı və atasının mübahisəli evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26.08.2016-cı il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 23.06.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həyət evinin planından göründüyü kimi, girişin sol tərəfində mətbəx və sanuzel var. Lakin cavabdehlər həyətə girişin sağ tərəfində özlərinə sanuzel, eləcə də mətbəx təmin etdiklərindən həyətin sol tərəfində yerləşən sanuzel və mətbəxdən onun istifadəsinə qadağa qoymuş və qapını açarlamışlar. Həyətin sol tərəfindəki mətbəx hazırda anbar kimi istifadə olunur. Bu da ona mətbəx və sanuzeldən istifadəyə mane olur. Qeyd etdiyi sahələrdən istifadə ilə bağlı cavabdehlərə müraciət etsə də, onlar buna şərait yaratmamışlar. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər iddia ərizəsinə etiraz edərək izahatlarında bildirmişlər ki, onlar tərəfindən iddiaçıya mətbəx və sanuzeldən istifadəyə hər hansı maneə yaradılmamışdır. Onlar arasında mübahisə kommunal xərclərin ödənilməsi ilə bağlı yaranmışdır. Belə ki, onlar kommunal xərclərin evdə yaşayan şəxslərin sayına uyğun dördə bölünərək ödənilməsi barədə razılığa gəlmişlər. Lakin sonradan iddiaçının qazdan çox istifadə etməsi nəticəsində qaz limiti keçmişdir. Sonradan iddiaçı gələn kommunal borcların çox olmasına görə, ödəniş etməkdən imtina etmiş, 31.12.2021-ci il tarixədək hamamdan istifadə etməmişdir. Yeni ildə isə gələrək yenidən həmişə kimi, hamamdan istifadə etmək istədiyini bildirmişdir. İddiaçının vurduğu ziyana görə qış aylarında cavabdehlər 2-3 qat artıq qaz pulu ödəməli olmuşlar. İddianın qaldırılmasına səbəb iddiaçının kommunal xərcləri ödəməkdən yayınmaq istəyi olmuşdur. Cavabdeh kommunal xərclərin ona düşən payını tam ödəmir. Mətbəx və sanuzelin təmirinə köməklik göstərmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, iddiaçının və cavabdehlərdən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 bibisidir. O, ayda bir neçə dəfə onlara qonaq gedir. Heç bir zaman cavabdehlərin iddiaçıya evdəki otaqlardan, eyni zamanda sanuzel və mətbəxdən istifadəsinə maneə yaratmalarının şahidi olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə, mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Tədqiq olunmuş sübutlarla cavabdehlər tərəfindən iddiaçının mübahisəli evin otaqlarından, eyni zamanda sanuzel və mətbəxindən istifadəsinə maneələr yaradılması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia təqdim olunmuş sübutlarla təsdiq edilmədiyindən əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar