Məhkəmə qərarları › İş №2(004)-2201/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2201/2022

13.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2201/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X7 oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi Nümayəndə Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən dəymiş zərərin əvəzi olaraq 36 000 manat məbləğində pulun və 198 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 22, mənzil 25 iddiaçının mülkiyyətində olmuşdur. 2019-cu ildə cavabdehlə mənzilin ona 50 000 manata satılması barədə razılığa gəlmiş, lakin cavabdeh ona 30 000 manat odəmiş, 20 000 manat isə ödəməmişdir. Bundan sonra iddiaçının valideynlərinin mənzilin geri qaytarılması barədə xahişi ilə cavabdeh mənzili iddiaçıya 50 000 manat pula satacağını bildirmiş, lakin mənzili X2 66 000 manata satmış və pulu özü götürmüşdür. Beləliklə cavabdehə iddiaçıya ilk müqavilə üzrə 20 000 manat, ikinci müqavilə üzrə isə 16000 manat, ümumilikdə 36000 manat verməmişdir. Bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə təsdiq edilir. Belə ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında ona məxsus mənzilə dair bağlanmış 20.08.2019-cu il tarixli AN-1 seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə verilmiş cavabdehin, cavabdehin vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X1 izahatları ilə ona cavabdeh tərəfindən mənzilə görə razılaşdırılmış məbləğlərin tam verilməməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və cavabdehin vəkili iddianı qəbul etməyərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehin vəkili izahatında göstərmişdir ki, mənzili cavabdeh iddiaçıdan 2019-cu ildə 50 000 manata almış, 15000 manatını alqı-satqıdan əvvəl beh şəklində vermiş, 30 000 manatını notariusun depozit hesabına köçürmüş, 5000 manatını isə alqı-satqı xərclərinə (notariat, dövlət rüsumu və makler xidməti xərcləri) ödəmişdir. Lakin sonradan iddiaçının valideynlərinin mənzilin geri qaytarılması barədə xahişinə əsasən mənzilin başqa şəxsə satılması barədə razılığa gəlmiş, həmin alıcını iddiaçının özü tapmış, alqısatqı dəyərini də həmin alıcı ilə özü razılaşdırmışdır. Evin alıcısı X3 olmuş, o notarius vasitəsi ilə 66000 manat ödəmiş, həmin puldan 50 000 manatı cavabdehə verilmiş, qalan məbləğin isə iddiaçıya verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, makler vasitəsi ilə iddiaçı ilə tanış olmuş, Bakı şəhəri Nərimanov rayonu, C. Hacıbəyli küçəsi, ev 22, mənzil 25-də maklerin iştirakı ilə iddiaçı ilə mənzilin 70 000 manata alınması barədə razılığa gəlmiş, iddiaçı ilə beh müqaviləsi bağlayaraq ona 1300 manat vermiş, bundan sonra alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl iddiaçı ona zəng vuraraq ad günü olduğunu, ona təcili pul lazım olduğunu bildirmiş, o da iddiaçı ilə razılaşarq ona 2000 manat əlavə pul vermişdir. Lakin mənzilin sənədləri toplandıqdan sonra mənzilin mülkiyyətçisinin Cavabdeh Zövrab qızı olduğunu bilmişdir. İddiaçı xala deyə adlandırdığı Cavabdeh 50 000 manat borcu olduğunu ona bildirmiş, ona görə də mənzilin alqı-satqı məbləğinin 50 000 manatının Cavabdeh, qalan məbləğinin isə ona çatacağını bildirmişdir. Alqı-satqı zamanı o, notariusun depozit hesabına təxminən 65000-67000 manatı köçürmüşdür. Alqı-satqıdan sonra İddiaçıla təxminən 2-3 dəfə telefonla əlaqə saxlamış və sonuncu ona Cavabdeh tərəfindən ona çatacaq məbləğin ödənildiyini bildirmiş və hər hansı borcunun qalmadığın bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş: Nərimanov Rayon Məhkəməsinin 2(005)-3066/2020 saylı 05 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında Bakı şəhəri Nərimanov rayonu, C. Hacıbəyli küçəsi, ev 22, mənzil 25-ə dair bağlanmış 20.08.2019-cu il tarixli AN-1 seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamə ilə İddiaçı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.03.2021-ci il tarixli 2(103)- 1762/2021 saylı qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.10.2021-ci il tarixli 2(102)- 4913/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində makler fəaliyyəti ilə məşğul olduğunu, iddiaçının mənzili cavabdehə onun vasitəsi ilə satıldığını, cavabdehin iddiaçıya mənzilin alqı-satqısından əvvəl 15000 manat məbləğinin verilməsinin şahidi olduğunu, ümumiyyətlə cavabdehin mənzilin alınmasına görə cəmi 50 000 manat pul xərclədiyini bildirmişdir. Beləliklə qanuni qüvvəyə mminmiş məhkəmə qərarları ilə, eyni zamanda şahid ifadələri ilə cavabdeh tərəfindən iddiaçıya ona məxsus olmuş mənzilin alqı-satqısına görə aralarında razılaşdırılmış məbləğlərin tam ödənilməsi, cavabdehin iddiaçıya borcunun qalmaması təsdiq edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz və rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dölət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 198 (yüz doxsan səkkiz) manat məbləğində dölət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar