Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2204/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21153 manat maddi zərər və 300 manat rüsum olmaqla, ümumilikdə 21453 manat məbləğində pulun tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə təqribən axşam saat 10 radələrində Yasamal rayonu, Qurban Xəlilov küçəsi ilə hərəkətdə olarkən İddiaçı2 mülkiyyətində olan lakin, faktiki sahiblik və idarə etdiyi **-CA-*** dövlət qeydiyyat nişanlı "X7" markalı avtomobillə Cavabdeh idarə etdiyi **-YE-*** dövlət qeydiyyat nişanlı Changan Qiyuan A05 markalı avtomobillə yol hərəkət qaydalarını pozması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin qəza nəticəsində ona məxsus avtomobilə ciddi ziyan dəymişdir. Belə ki, xx.xx.2025-ci il tarixli müstəqil ekspert rəyindən görünür ki, avtomobilin ön və arxa hissəsi zərər görmüşdür. Zərbənin nəticəsində avtomobilin ban hissəsi, alt işlək hissəsi zədələnmişdir. Avtomobilin tam yığılmasının, təmir və rənglənməsinə çəkilməli olan xərcin məbləği 21153 manatdır. Lakin cavabdeh həmin məbləği ödəməkdən, ümumiyyətlə ona vurulmuş ziyanı qarşılamaqdan imtina edir. Bu səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyi ilə razı olduğundan, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Nümayəndə1 “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyi ilə razı olduğunu, avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən 3500 manat sığorta pulu ödənildiyini bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən yol-nəqliyyat hadisəsi ilə əlaqədar sığorta şirkəti tərəfindən İddiaçı2 3500 manat, cavabdehə isə 1500 manat pul ödənilmişdir. Bundan əlavə o, “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025ci il tarixli rəyi ilə razı deyildir. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsindən görünür ki, "Porsche Macan" minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan ƏN-Vİİİ № 643308 nömrəli Etibarnamədən görünür ki, X3 mülkiyyətində olan "Porsche Macan" minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi, bağışlamağı, ipoteka qoymağı, sərəncam verməyi və digər hərəkətləri, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı, ərizə verməyi 1 il müddətinə, yəni xx.xx.2026-cı il tarixədək X2 etibar etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 22:30-da “Changan Qiyuan A05” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Müstəqil ekspert Əhməd Talıblı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, "Porsche Macan" minik markalı, **-CA- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəyən zərərin məbləği 21153 manat məbləğində müəyyən edilmişdir. “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 may 2025-ci il tarixli, 004-085/2025 nömrəli ekspert rəyinə əsasən Müstəqil ekspert Əhməd Talıblı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli zərər aktına əsasən "Porsche Macan" minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci 19428 manat müəyyən edilmişdir: dəyişilməli hissələrin qiyməti-16198 manat; təmir-bərpa işlərinin qiyməti-3230 manat. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat Cavabdeh tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixində, saat 22:30-da Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsində Ələkpərova (Əliyeva) Nərmin Fərman qızının mülkiyyətində olan və etibarnamə əsasında İddiaçı1 idarə etdiyi "Porsche Macan" minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh idarə etdiyi “Changan Qiyuan A05” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində "Porsche Macan" minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh xx.xx.2025-ci il tarixində, saat 22:30-da Bakı şəhəri, Yasamal rayonu, Q.Xəlilov küçəsində “Changan Qiyuan A05” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq, AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı Nərminə Ələkpərovaya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması inzibati tənbeh vermə haqqında qərar ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı Nərminə Ələkpərovanın əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı Nərminə Ələkpərova vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə, məhkəmə həmçinin digər İddiaçı1 subyektiv hüququnun olubolmamasını araşdıraraq hesab edir ki, İddiaçı1 aid hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə də müəyyən olunmuşdur ki, yol nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi İddiaçı2 tərəfindən yalnız sürücülük hüququ olan İddiaçı1 verilmiş etibarnamə əsasında İddiaçı1 tərəfindən idarə edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Hazırkı halda, İddiaçı1 "Porsche Macan" minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yalnız ona verilmiş etibarnamə əsasında idarə etdiyindən, o həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququna malik olmadığına görə, onun cavadeh Cavabdeh vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Məbləğlə bağlı məsələyə gəldikdə isə məhkəmə iş materiallarında olan “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 may 2025-ci il tarixli, 004-085/2025 saylı ekspert rəyində olan qiymətlər nəzərə alınmaqla "Porsche Macan" minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərcinin 19428 manat məbləğində müəyyən edilmiş hissəsini əsas götürür. Bununla belə, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı "Porsche Macan" minik markalı, **- CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən avtomobilin mülkiyyətçisi olan İddiaçı2 3500 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Belə olan halda məhkəmə, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin 15928 manat (19428-3500=15928) təşkil etdiyini nəzərə alaraq, 15928 manat məbləğdə pulun Cavabdeh İddiaçı2 xeyrinə tutulmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, dəymiş zərərin məbləği mülki iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında xüsusi biliyə malik olan ekspert tərəfindən tərtib edilmiş “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 may 2025-ci il tarixli, 004-085/2025 saylı ekspert rəyindəki təmir-bərpa xərci və 3500 manat sığorta ödənişin ödənilməsi ilə bağlı tərəflərin məhkəmə iclasında verdikləri izahatları əsas götürülməklə iddia qismən təmin edilərək, Cavabdeh 15928 (on beş min doqquz yüz iyirmi səkkiz) manat pul tutularaq İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 137,78 (yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı2 ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 162.22 (yüz altmış iki manat iyirmi iki qəpik) manat (300-137.78=162.22) iddiaçıya aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 (üç yüz) manat pulun Cavabdeh tərəfindən X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 15928 (on beş min doqquz yüz iyirmi səkkiz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 137.78 (yüz otuz yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı2 verilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 162.22 (yüz altmış iki manat iyirmi iki qəpik) manat (300-137.78=162.22) məbləğində pul İddiaçı2 aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2204/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2204/2025
11.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver