Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2215/2021 01.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı və Cavabdeh Calal oğlu və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Calal oğluna qarşı vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Calal oğluna qarşı əmlaka vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Calal oğlundan 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rusumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16.10.2009-cu ildən etibarən, ünvan 1 ünvanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi iddiaçıya məxsusdur. Bu sahənin üst mərtəbəsində yaşayan Cavabdeh onun rahatlığını pozmuşdur. Belə ki, iddiançı ona dəfələrlə xəbərdarlıq etmiş ki, onun sahəsinə su axıtmasın, suyun axmaması üçün öz mənzlinin sanitar qovşağında olan su xətlərində nasazlığı aradan qaldırsın, lakin o bu xahişlərə məhəl qoymamış və müxtəlif zamanlarda onun sahəsinə su axıtmışdır. O, hər dəfə sahəsindən istifadənin vacibliyini və cavabdehin maddi vəziyyətinin aşağı olmasını nəzərə alaraq, Yasamal rayon 42 saylı MKİS-in mühəndisi Ş.Feyzullayevanın iştirakı ilə ona şifahi xəbərdarlıq etməklə, axıtdığı suyun vurduğu zərəri öz hesabına aradan qaldırmışdır. Lakin bu hadisədən bir qədər sonra, yəni 19.01.2021-ci il tarixində Cavabdeh yenə də öz mənzilinin hamamxanasından su axıdaraq ona məxsus olan ünvan 1 ünvanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin tavanını, divarlarını, döşəməsini, qısa qapanma nəticəsində isə elektrik xətti və mühafizə siqnalizasiyası sistemini və həmin zaman orada yerləşən şəxsi əmlakını tamamilə yararsız vəziyyətə salaraq, ona külli miqdarda maddi ziyan vurmuşdur. Eyni zamanda cavabdehin mənzilindən axan suyunun ətalət üzrə binanın zirzəmisində yerləşən obyektə də zərər vuracağı (o cümlədən zirzəmidəki qeyri- yaşayış obyektinə dəyəcək mümkün zərərin cavabdehin məsuliyyət daşıyacağı) barədə cavabdehi xəbərdar etsə də cavabdeh bu günə qədər suyun axıdılmasının qarşısını almamışdır. O, dərhal cavabdehin özünü və həyat yoldaşını, eləcə də Yasamal rayon 42 saylı MKİS-in rəisi və mühəndisini hadisə yerinə dəvət etmiş və bu şəxslər Cavabdeh məxsus üst mərtəbədəki evinin hamamxanasından onun sahəainə güclü su axmasının və əmlakına küllü miqdarda zərər vurulmasının şahidi olmuşlar. Yasamal rayon 42 saylı MKİS tərəfindən ünvan 1 ünvanında yerləşən və ona məxsus olan qeyri-yaşayış sahəsinə dəymiş ziyanla bağlı verilmiş 21.01.2021-ci il tarixli aktda müəyyən edilmişdir ki, məhz 2-ci mərtəbədə yerləşən Cavabdeh mənzilindən onun sahəsinə çirkab suları axıdılmışdır. Hadisə nəticəsində ünvan 1 ünvanında yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə və orada olan əmlaklarına dəymiş maddi ziyanın ilkin qiymətləndirilməyə görə məbləği 10 000(on min) manat olaraq müəyyən edilmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, Cavabdeh Calal oğlundan əşyaların bərpası üçün 6070 manat, təmir-bərpa işləri üçün 16200 manat, əldən çıxmış fayda olaraq 4500 manat və ödənilmiş 30 manat dövlət rusumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh Calal oğlundan əşyaların bərpası üçün 6070 manat, təmir-bərpa işləri üçün 16200 manat, əldən çıxmış fayda olaraq 7500 manat, hüquqi xidmətə görə 1700 manat olmaqla, cəmi 31470 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rusumunun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, ekspert rəyləri ilə razı olmadığını bildirərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, yalnız birinci ekspert rəyi ilə razı olduğunu, təmir-bərpa işlərinə çəkilən xərcin ekspert rəyində yüksək yazıldığını, özünün təqaüdçü olduğunu və həmin məbləği birdəfəlik ödəyə bilməyəcəyini bildirmiş, məhkəmədən bu halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğunda qismən təmin edilməlidir. Belə ki, işdə olan MH seriyalı, ******* saylı 16 oktyabr 2019-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, D.Əliyeva küçəsində istifadədə olan 0.02364 ha torpaq sahəsində yerləşən 110 nömrəli binanın 1-ci mərtəbəsində 58.4 kv.m ümumi, 38.1 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adınadır. İşdə olan Yasamal rayon 42 saylı MKİS-nin mühəndisi Ş.O.Feyzullayeva, sahə nəzarətçisi S.S.Qəribova və santexniki A.İsgəndərov tərəfindən tərtib edilmiş 21 yanvar 2021-ci il tarixli aktdan görünür ki, D.Əliyeva küçəsi 110 saylı binada 2-ci mərtəbədə yaşayan Cavabdeh hamamxanasında kanalizasiya xətti yararsız vəziyyətdədir. Kanalizasiya xətti yararsız halda olduğuna görə vətəndaş İddiaçı qeyri-yaşayış sahəsi olan mülkiyyətinin tavanı, döşəməsi və divarı yararsız vəziyyətə düşmüşdür, tavan su damcısı nəticəsində qopub düşmüş, döşəməyə vurduğu parket hamısı şişib qalxmış, yerə atdığı xalçası və içəridə yerləşən yataq dəsti su içindədir. Elektrik xətti və elektrik cihazları sıradan çıxmışdır. Vətəndaş Cavabdeh dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 27 yanvar 2021-ci il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, icraçı "xxxx" MMC sifarişçi İddiaçı tərəfindən ona həvalə edilən tapşırıq əsasında hüquqi xidmətlərin göstərilməsi, sifarişçi isə həmin xidmətlərin həcminə görə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli hesab-fakturadan görünür ki, 27 yanvar 2021-ci il tarixli xidmət müqaviləsi üzrə ödəniləcək məbləğ 1700 manat təşkil edir. İş materiallarında olan 26 oktyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyəverən İddiaçı ünvan 2 saylı binada 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini X1 icarəyə verməyi, icarəçi isə aylıq 500 manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh, X4, X6 və X5 tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, ünvan 2 ünvanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi İddiaçı tərəfindən 2009-cu ildə alınandan hazırki vaxtadək həmin yer ev kimi istifadə edilməmiş, obyekt kimi cəmi bir neçə ay istifadə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1467 nömrəli, 31 mart 2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri şəklində olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tokülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra iddiaçının qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tavan və divarlarındakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan 42 saylı MİKS əməkdaşları tərəfindən tərtib etdikləri 21.01.2021-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yuxarı mərtəbədəki 4 saylı mənzildən su sızdığı müəyyən olunur. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 2099 manat məbləgində olduğu müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/6199 nömrəli, 01 noyabr 2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və ya edilməyən təqdim edilməyən mallar nəzəri qaydada) sıradan çıxmış (yararsız vəziyyətə düşmüş) əşyaların normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2800 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsinə yuxarı mərtəbədəki 4 saylı mənzildən su sızması baş verməsi müəyyən edilmişdir. Ona görə də maddi zərər hissəsində iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1467 nömrəli, 31 mart 2021-ci il tarixli rəyi əsas götürülməklə 2099 manat, 9/6199 nömrəli, 01 noyabr 2021-ci il tarixli rəyi əsas götürülməklə 2800 manat, ümumilikdə 4899 (dörd min səkkiz yüz doxsan doqquz) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, hüquqi xidmətə görə isə 1700 (min yeddi yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın “7500 manat məbləğində pulun əldən çıxmış fayda kimi cavabdehdən tutulması”na dair hissəsini də araşdıraraq qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi icarə müqaviləsinin kserosurətindən görünür ki, müqavilə 26.10.2021-ci il tarixdə bağlanmışdır, müqavilənin tarixi qeyri-yaşayış sahəsinin su sızmanın nəticəsində yararsız olduğu vaxta uyğun gəlir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edildiyi müddətdən öncə həmin qeyri-yaşayış sahəsinin icarədə olub-olması, icarədə olduğu halda, həmin şəxsin adi mülki dövriyyə şəraitində 7500 manat məbləğində əldən çıxmış gəlir əldə edəbiləcəyini təsdiq edən təqzibedilməz sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilən 30 (otuz) manat dövlət rüsumu Cavabdeh Calal oğluna aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində olan ekspertiza xərci Cavabdeh Calal oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Calal oğlundan vurulmuş maddi ziyana görə 4899 (dörd min səkkiz yüz doxsan doqquz) manat məbləğində pul, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, hüquqi xidmətə görə ödənilmiş 1700 (min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinə görə 200 (iki yüz) manat Cavabdeh Calal oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2215/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2215/2021
01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver